Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Latın Amerikasını denge qızdırması bürüyüb

Latın Amerikası və Karib dənizi hövzəsindəki ölkələrdə yayılmış denge qızdırması təxminən 200 nəfər insanın ölümünə səbəb olmuşdur. Mütəxəssislərin rəyinə görə, xəstəliyin belə kütləvi şəkildə alovlanmasına son onilliklər ərzində ilk dəfə rast gəlinir.


Bu ilin əvvəlindən etibarən həmin ölkələrdə 630356 nəfərin denge qızdırmasına tutulduğu, o cümlədən 12147 nəfərin xəstəliyin ağır şəkli olan hemorragik forması ilə xəstələnməsi halı qeydə alınmışdır. 183 nəfər insan dünyasını dəyişmişdir. Panamerika Sağlamlıq Təşkilatının verdiyi məlumata görə, ən çox xəstəlik halları Braziliya, Venesuela və Kolumbiya ərazisində qeydə alınmışdır. Bununla bərabər bu ölkələr yağışlar mövsümünə keçid etdikcə xəstələnənlərin sayı getdikcə daha da artır. Mütəxəssislərin fikrincə bu il 2002-ci ildə qeydə alınmış milyonu keçən xəstə sayı rekordu təzələnə bilər.
Artıq bu xəstəlik turist sayının kəskin azalması ilə ölkələrin iqtisadiyyatına xeyli ziyan vurmuşdur. Məhz buna görə, Meksika və digər ölkələr məşhur kurort rayonlarında ağcaqanadlarla mübarizə tədbirlərini gücləndirmişdir.
Denge qızdırması yüksək hərarət, səpgi və oynaqlarda güclü ağrı ilə özünü büruzə verir. Xəstəliyin simptomları qrippi xatırlatdığına görə, vətəninə qayıtmış turistlərdə diqnostika çətinləşir. Denge qızdırmasının hemorragik forması üçün isə daxili və xarici qanaxmalar xarakterikdir. Bu forma hələlik xəstələrin 5%-ində müşahidə olunmasına baxmayaraq, həkimlər getdikcə artacağını qeyd edir.
Mütəxəssislərin dediyinə görə, regionda virusun dörd növü yayılmışdır. Virusun bir ştammı ilə yoluxduqdan sonra həmin ştamma qarşı immunitet yaransa da, digər ştammla yenidən yoluxma baş verə bilir və bu dəfə böyük ehtimalla xəstəliyin hemorragik forması inkişaf edir.


Tarix: 07.01.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Umumi Xestelikler
loading...