Cəmiyyətdəki davranış qaydalarını öyrətməyin müxtəlif üsulları var. Bunlardan biri də cəzadır. Bu baxımdan uşağın tərbiyəsində cəzalandırmadan bir vasitə kimi istifadə olunur. Müəyyən mülahizələrə görə, uşağın cəzalandırılması onun psixi inkişafına mənfi təsir göstərir, onu daha aqressiv edir, şəxsiyyətini "cırlaşdırır”, özünüreallaşdırma üçün şərait yaratmır. Praktiki olaraq 10 yaşına qədər cəzalandırılmayan uşaqlar öz arzu və istəklərinin əsiri olur, onları idarə edə bilmir, nəticədə "ipə-sapa yatmırlar”, özlərini "pis” aparırlar. Lakin hər hansı bir cəzanı tətbiq etməzdən əvvəl onun mənasını dərk etmək lazımdır.
Cəzalar 3 qrupa bölünür:
1. Fiziki cəza. Ağrı duyğusu, daha dəqiq desək, ağrı qorxusu uşağı gələcəkdə belə hərəkət etməkdən çəkindirir. Fiziki cəza formaları müxtəlifdir. Psixoloqlar fiziki cəza formalarının əleyhinədirlər. Belə ki, fiziki cəzanın təsiri altında "pis” davranışın, "yaxşı”ya dəyişdirilməsi cəzaverənin bilavasitə yanında baş verir. O olmayanda uşaq özünü yenə də "pis” apara bilər. Buna görə də uşağın şüurlu davranışının formalaşmasında fiziki cəza heç bir fayda vermir. Fiziki cəza həm cismani baxımdan, həm də uşaq şəxsiyyətinin formalaşmasında ciddi fəsadlara gətirib çıxarır. İlk növbədə fiziki cəza uşağı mütiləşdirərək onun iradəsini qıra bilər, onu müstəqil qərar qəbul etməyi bacarmayan, həyata sevinməyən, başqalarından asılı olan, yaratmaq və öz potensialını reallaşdırmaq iqtidarında olmayan bir insana çevirə bilər. İkinci halda nəticə tam əks ola bilər. Uzun müddət fiziki cəzaya məruz qalan uşaq yeniyetməlik dövründə elə bu cür də davranır: valideynlərini, kiçik yaşıdlarını döyür. İstənilən təsir mənfi xarakterin əks təsirini (davranışın etiraz formalarını) yaradır: dava-dalaş, narkotiklər, sərxoşluq, ehtikar, cinsi münasibət, qətl, soyğunçuluq və s. kimi mənfi hallara gətirib çıxarır. Başqa sözlə, "qamçı ilə” yeridilən müsbət dəyərlər uşağın şüurunda mənfiyə, mənfi dəyərlər isə təqlidə çevrilir.
2. Valideyn məhəbbətindən məhrum edilmə. Hər iki halda tərbiyəvi effekt uşağın hisslərinə təsir göstərməkdən ibarətdir. Uşağı küncə qoymaq, onunla danışmamaqla; uşaqdan kənar gəzmək və laqeydlik və mühakimə maskası” geyinmək; onu otaqda bağlı saxlamaq, ona sevmədiyinizi demək və s. kimi müxtəlif cəza formalarını tətbiq etməklə uşaq valideyn məhəbbətindən məhrum edilir. Məhəbbətdən məhrum etmək uşağın qəlbində tənhalıq, müdafiəsizlik, qorxu və dəhşət yaradır.
3. Üçüncü tip cəzalara uşağın əyləncələrdən məhrum edilməsi: əyləncəli yerlərə getməyi (sirk, park, zoopark, attraksionlar), sevimli cizgi filmlərinə baxmağı, kompüter oyunlarını gündəlik oynamağı və s.-ni qadağan etmək. Bu tip cəzalar əlbəttə ki, uşağı məyus edir, lakin onun hisslərinə birbaşa toxunmur, onun istəklərinin yerinə yetirilməsini məhdudlaşdırır, daha dəqiq desək, arzularının reallaşmasını müəyyən müddətə - "uşaq özünü yaxşı aparana, böyüklərə qulaq asana qədər” təxirə salınır. Belə cəzanın təsiri o qədər böyük ola bilər ki, uşaq sevdiyi məşğuliyyətə marağını itirə və ya qəlbində böyüklərə qarşı ciddi inciklik bəsləyə bilər.
Tarix: 06.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Uşaqlara tərbiyyə