Məlumdur ki, valideyn himayəsində yaşayan uşaqların məktəbə qədər yaş dövrü, əsasən ata və ananın nəzarəti altında keçir. Bu dövrdə böyükləri uşaq üçün əsl etalon hesab etmək olar. Uşaq valideynlərinin səsini, yerişini, demək olar ki, evdəki bütün hərəkətlərini yamsılayır. Balacalarda beynin sintez və analitik fəaliyyəti formalaşdıqca, artıq onlar valideynlərinin hərəkətlərini götür qoy etməyə, onlara tənqidi yanaşmağa, necə deyərlər ata ananın nöqsanlarını görməyə başlayır. Ona görə də gənc ailələr öz davranışları ilə övladlarına nümunə olmalıdırlar. Biz öz uşaqlığımızı yada salsaq, balacaları ən çox onların ehtiyacını ödəyən münasibət qane etdiyinə əmin olaraq. Məhz uşağın ehtiyacı ödənildikdə o, valideynlərinə böyük rəğbət və məhəbbət hissi ilə baxır, əks halda hər şey tərsinə olur. Bəzi ailələrdə "tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur.Kötəkləmə üsuluna əl atan valideyn, övladına tək fiziki deyil, həm də psixiki zədə vurur. Halbuki zorakılıq, qəddarlıq, habelə uşaqların psixi və mənəvi inkişafına zərərli təsir göstərən bütün vasitələr qanunla qadağan edilir. Pedaqoqlar qeyd edirlər ki, ailədə tez-tez bədən cəzasına məruz qalan uşaqlar özgələşir, sırtıq, kobud, qəzəbli və kinli olurlar. Çünki, uşaqları döymək tərbiyə yox, təzyiq və qorxutma üsuludur. Lakin, uşaqları həddindən artıq əzizləməklə və nəvazişlə böyütmək də düzgün deyil. Onların bütün tələblərini yerinə yetirmək, balacalara hər hansı bir əziyyət verməmək, onların ən adi bir çətinliklərini həll etmək axır nəticədə övladların aciz və əfəl böyüməsinə gətirib çıxardır. Xüsusən oğlan uşaqlarının belə böyüməsi, onların müstəqil həyata qədəm qoyması və ya əsgərlikləri zamanı böyük problemlər yarada bilər. Uşağı düzgün tərbiyə etmək üçün valideynlər övladlarına individual yanaşmalı, onların xarakterlərində təzəcə cücərməyə başlayan mənfi və müsbət cəhətləri vaxtında ayırd edərək, yaxşılarını inkişaf etdirməli, zərərlilərin isə qarşısını dərhal almalıdır. Unutmamalıyıq ki, gələcəyimiz olan uşaqların öz gələcəyinin necə olacağı, müəyyən mənada həm də böyüklərdən asılıdır. Uşaqların işıqlı gələcəyini və xoşbəxtliyini isə biz balacalara həyatda düzgün yol göstərməklə, onlara məhəbbət, hörmət və qayğı ilə yanaşmaqla, uşaq hüquqlarını qorumaqla təmin edə bilərik.
Tarix: 06.01.2015 / 13:16 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Uşaqlara tərbiyyə