1. Ata-ananın bütün davranışı uşaq üçün bir nümunədir.
Ailə mühiti uşaq üçün birinci məktəbdir. Uşaq danışığı valideyinlərindən öyrəndiyi kimi, yaşayış əlifbasını da onlardan öyrənir. Valideyinlər uşaq dünyaya gələnə qədər öz əməllərindən ötrü məsuliyyət daşıyırlar. Uşaq dünyaya gələndən sonra isə onların məsuliyyəti daha da artır. Bilməlidirlər ki, evdəki rəftar və davranışları uşaqda dərin iz buraxır. Onlar yaşayışın, həyatın düzgün yolunu öz əməllərində göstərməlidirlər. Gələcək nəsil və Allah əmanəti qarşısında bu, onların müqəddəs vəzifəsidir.
Neçə il bundan qabaq jurnalda oxuduğum mətləbi nəzərinizə çatdırmaq yerinə düşərdi: Orucluq ayında xəstə bir ana öz yeməyini uşaqlardan gizlin yeyirdi. Ondan soruşdular ki, sən şəri baxımdan üzürlüsən, niyə yeməyini gizlində yeyirsən. Ana cavab verdi ki, uşaqlarımın atası oruc tutmayan, təqvasız bir adamdır. Mən özüm isə təqvalı, oruc tutan bir şəxsəm. Razı olmaram ki, övladlarım məni təqvasız bilsinlər.
2. Təlim vasitəsi ilə tərbiyə.
Ailədə lazım və vacib olan vəzifələrdən biri də uşağa həyatda lazım olan bilikləri öyrətməkdir. Uşaq İslami əqidəni qavramalı, yaxşı-yamanı seçməlidir. Tövhidi və gözəl əxlaqı, şəriətin qayda-qanunlarını ona öyrətmək vacibdir.
"Övladınıza üç şeyi öyrədin: Peygəmbər (s) sevgisini, onun Əhli- Beytini (ə) əziz tutmağı və Quran oxumağı". Ata-ana bir məsələyə xüsusi diqqət yetirməlidir ki, uşaqlar körpəlikdən öyrənmək həvəsində olur, hər şeylə maraqlanırlar. Yaxşını tanımaq, düzgün yol ilə getmək uşağın fitrətində var. Uşaq əyri yola meyli olmadan sövq edilir. Uşaq həmişə həqiqəti, haqqı deyər, ona yalan danışmaq əmr olunsa, çaşar, pərt olar, dili ağzında dolaşar.
Uşaqlıqda insanın qavrayışı daha iti, hafizəsi daha möhkəm dir. Bu imkandan yaxşı istifadə olunmalıdır.
İmam Hüseyn (ə) qəddar düşmənin onun qarşısında qoyduğu şərtə - ya birbaşa təslim olmaq, ya da müharibə etmək tələbinə belə cavab verdi:
"Alçaqlıq bizə yaddır". Sonra buyurdu ki, "Düzgün tərbiyə olunmağım mənə icazə verməz ki, alçaqlığa razılaşım".
Öz övladını məktəbə qoyan İmam uşağın "Həmd" surəsini öyrənməyi münasibətilə böyük qonaqlıq təşkil etdi. Müəllimə qiymətli hədiyyələr verdi və buyurdu ki, müəllimin elm öyrətməyi bu hədiyyələrdən qat-qat üstündür. İmam bu əməli ilə valideyn qarşısında duran vəzifələri ona çatdırmaq istəmişdir, yəni Quranı öyrətmək bütün valideynlərin borcudur.
3. Uşağın davranışına nəzarət.
Ailə, ilk növbədə ata övladının rəftarına, davranışına daim nəzarət etməlidir, xüsusən də uşaq həddi-büluğa yetişdiyi dövrdə. Ata övladının təklikdə olan halına diqqət yetirməli, onun dostlarını tanımalıdır.
Bu, ata-ananın tərbiyə sahəsində qarşısında duran ən məsul vəzifədir.
İslam dini valideynləri ayıq olmağa səsləyir.
Quranın "Təhrim" surəsinin 6-cı ayəsində deyilir:
"Ey möminlər! Özünüzü və ailənizi elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyruqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir".
Əli (ə) buyurub ki, bu ayədə "öz ailənizi, övladlarınızı tərbiyələndirin və onlara təlim verin"- fikri aşılanır. "Taha" surəsinin 132-ci ayəsində deyilir:
"Öz ailənə namaz öyrət!"
Tövsiyələr bunu göstərir ki, valideyinlər öz övladına nəzarət etməli, onu özbaşına buraxmamalıdır.
4. Tənbeh və təşviq.
Tərbiyə xüsusi metodları olan bir prosesdir. Bu metodlar diqqətlə yerinə yetirilməlidir. Uşaq hadisələrin nəticəsini görməyə qadir deyil. Ona görə tənbeh və təşviqə ehtiyacı var. Uşaq nəticəsi pis olan, lazımsız bir işə meyl etdikdə, onu mütləq tənbehlə, ağılla bu yoldan uzaqlaşdırmaq, düzgün, təmiz işlərə isə maraqlandırmaq, bu cür əməllərə təşviq etmək lazımdır.
Ailədə uşaqla rəftarda valideynlər çox həssas olmalı, ona münasi- bətdə xoş sözlərdən istifadə etməli, təhqirə yol verməməlidirlər. Vali- deyinlər həm də uşağın qabiliyyətini, istedadını bilib, onu istiqamət- ləndirməyi bacarmalıdırlar.
Əks təqdirdə, uşaq həvəsdən düşər. Onun həyata marağı sönər, onda laqeydlik, süstlük, tənbəllik kimi mənfi keyfiyyətlər baş qaldırar. Tərbiyə alimləri göstərirlər ki, tərbiyə prosesində təşviq 98 faiz, tənbeh isə 2 faiz təsiredici rola malikdir. Uşaq nə vaxt təşviq olunmalıdır?
a) Uşaq elə bir iş tutar ki, nəticəsi onun üçün aydın olmaz, yəni tərəddüd edər ki, mən düz, yoxsa pis iş tutmuşam. Bu vaxt təşviq ən gözəl vasitədir.
b) Uşaq öz bacarığından yüksək iş görsə, ona təşviq münasibdir.
c) Uşaq tapşırılmış bir işi incəliklə, məharətlə yerinə yetirsə, təşviq olunmalıdır.
Əgər uşaq pis iş tutsa, onu tənbeh etmək lazımdır, yəni uşaq əmin olmalıdır ki, nalayiq hərəkətinə görə cəzalanacaqdır.
Bütün bu deyilənlərdən aydın olur ki, ailənin tərbiyədə mühüm rolu var. Psixoloqlar və pedaqoqlar bu rəyə gəlirlər ki, uşağın şəxsiyyətinin 50 faizi 4 yaşına qədər, 30 faizi 8 yaşına qədər, 20 faizi 14 yaşına qədər formalaşır. Göstərilən yaş dövrləri isə uşağın daha çox ailədə olduğu illərə təsadüf edir.
Tarix: 06.01.2015 / 13:49 Müəllif: Aziza Baxılıb: 199 Bölmə: Uşaqlara tərbiyyə