Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyaların qabarıq bildirir, içini çəkə-çəkə ağlayır ya da durmadan yüksək səslə gülərək tullanır. Ürəyinizdə düşünürsünüz 10 yaşlı oğlum niyə 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya 7 yaşlı qızınızın yetişkin kimi davranması, elə situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmişdir. Xeyr! Şübhələriniz yalnışdır. Bu nə əqli gerilik, nə ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır.
Bu sadəcə uşağınızın ruh yaşının olduğundan daha çox və ya daha az yaşa sahib olmasıdır. Bəs bunun səbəbi nədir? Nədən qaynaqlanır? Cavab çox sadədir: ata obrazı!
Ata obrazı güclü olan uşaqların ruh yaşı öz yaşından yuxarı, ata obrazı zəif olan da isə ruh yaşı aşağı olur. Statistika göstərir ki, bu problem hərbiçi, dənizçi, polis, bir sözlə sistem işində çalışan və natamam ailələrdə daha çox müşahidə olunur. Ataların zamanını doğru bölə bilməməsi, övladları ilə zamanı az keçirməsi, onlarla zamanı gəldiyində xüsusən oğulları ilə şəxsi söhbətlər aparmaması onlarda ata obrazının zəifləməsinə gətirib çıxarır. Bu da uşaqlarda ruh yaşı dediyimiz EQ- emosional yaşının IQ- intelekt yaşından daha zəif inkişaf etməsinə gətirib çıxarır. Normativlərə əsasən uşağın EQ və IQ yaşları bir- birinə paralel inkişaf etməlidir. Bunlardan birinin yuxarı və aşağı olması onları tarazlıqdan çıxarır. Uşaq gah ruh gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafdan- sinif müəlliməsi, yaşıdları, qohumları tərəfindən diqqət çəkir. Xüsusən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, şikayətlənir. Bu da zaman keçdikcə uşaqlarda fəsadlar özünü göstərir. EQ yaşı aşağı olan uşaqlarda qaydaları qəbul etməmə, çox hərəkətli və ya çox passiv olma, fobik əlamətlərə meyillilik daha çox müşahidə olunur.
Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağımızın özünü yaşından yuxarı aparması onlarda həssaslığı gücləndirir ki, bu da gələcəkdə onlarda emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur, bu da onlarda təhsilə qarşı marağın azalaraq, özündən böyüklərlə ünsiyyətə qarşı meyli artırır.
Sonda isə onu qeyd etmək istəyirəm ki, atalar, uşağın tərbiyəsini əsasən analar öz çiyinləri üzərinə alsalar da davranışlarını tənzimləyən ruh yaşı yalnız sizdən asılıdır. İş həmişə var, heç vaxt bitməyəcək. İllər isə ötür, hədəflər artır işlər formasını dəyişir və sizin övladınız böyüyür. Zamanınızı doğru bölün, özünüz- ailəniz üçün çalışdığınızı unutmayın! Analarımız, siz isə öz növbənizdə həyat yoldaşınızın evə gəlişini, ailə ilə zaman keçirmə saatlarını tənzimləməkdə onlara yardımçı olun. Həyat yoldaşınızın övladlarınıza münasibəti sizin şəxsi münasibətlərə görə tənzimlənir. Çalışın mükəmməlliyyətçi rəftarınızı kənara qoyub yükünüzü həyat yoldaşınızla paylaşın. Əks halda atalarda olan arxayınlıq duyğusu zamanla diqqətin azalmasına gətirib çıxarır. Uğurlar!
Tarix: 06.01.2015 / 12:50 Müəllif: Aziza Baxılıb: 79 Bölmə: Uşaqlara tərbiyyə