Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar geyinir yoxsa geyindirilir?

Uşaqlarımızın geyimlərini 2 yaşa qədər özümüz seçirik. 2 yaşdan sonra artıq onlar yavaş - yavaş öz seçimlərini dilə gətirir, sevdikləri rəngi və ya cizgi film qəhramanının şəkli olan geyimləri seçirlər. Bəzən valideynlər şikayətlənir. "Əvvəlki sözə qulaq asan oğlum (qızım) dəyişib, indi çox şıltaqlıq edir, öz istədiyi olmasa, mağazada gileylənir, evə gələndə ağlayır, hətta bəzən aldığımız geyimi geyinmir”. Əslində geyimin keyfiyyəti və qiymətindən, maraqlı görünən hissəsindən əlavə, onun hansı üslubda olmasının, rənginin, cizgi film qəhrəmanın öz məna və uşağınızın psixlogiyası üzərində təsirləri də əsas faktorlardan biridir. Bu o demək deyil ki, valideyn geyim seçimini tamamilə övladının öhdəliyinə buraxmalıdır. Xeyr! Sadəcə, geyim seçərkən əməkdaşlıqla hər iki tərəfin razılığı olmalıdır. Çünki valideyn seçilən geyimin hara geyinilməsini (bağça, məktəb, kurs, şənlik), fəslini (yaz, yay, payız, qış) nəzərə alır. Uşaqlar isə bu haqda heç düşünmürlər belə. Onları rənglər və üzərində olan şəkillər maraqlandırır. Rəng dedikdə, əsasən, 4 əsas rəng nəzərdə tutulur: qırmızı, sarı, yaşıl, mavi. Valideynlər geyim seçərkən övladlarının xarakterini, emosinal sferasını nəzərə alsalar, heç də uduzmazlar. Məsələn, hiperaktiv uşaqlar geyimlərində qırmızı rəngə meyl edirlər. Amma bu rənglər onları daha da aktivləşdirərək impulsiv edir. Onlar üçün mavi, sarı rəng xüsusən, uğurlu seçim olardı. Sarını uzun müddət seyr etdikdə, qan damarlarda daha nizamlı işləyərək sinir sistemini tənzimləyir və bu zaman zehn açılır və diqqət artır. Yaşıl rəngli geyimlər uşaqlarda özünə nəzarəti artırır. Narıncı rəngli geyimlər isə qapalı, ünsiyyət qurmaqda çətinlik çəkən uşaqlar üçün idealdır. Bu rəng onlarda dialoq və analiz qabiliyyətini inkişaf etdirir. Yasəmən rəngli geyimlər isə fobiya və stress yaşayan uşaqlar üçün lap yerinə düşər. Valideynlər geyim seçərkən bu məsləhətləri nəzərə alsalar, övladlarındakı dəyişiklikləri qısa müddətdə müşahidə edəcəklər. Mümkün olsa, hətta otaqlarındakı əşya və divar kağızında da bu rənglərdən istifadə edə bilərlər.
Uşaqların geyimində sevdikləri və baxmaqdan doymadıqları cizgi film qəhrəmanlarını görmək istəmələri tez-tez rast gəlinən haldır. Əsasən, valideynlər şiddətlə əlaqələndirərək övladlarını bundan birbaşa məhrum edirlər. Amma nəzərə alınmalıdır ki, dövrümüzdə bütün cizgi filmlərdə şiddət var. Bu, uşaqların 20 il əvvəllə müqayisədə sürətli inkişafı ilə birbaşa bağlıdır. Keçmiş cizgi filmlər onlara maraqsız görünür. Təəssüflər olsun ki, bu, dövrümüzün tələblərindən biridir. Uşaqlar 11-12 yaşa qədər hər hansı cizgi film qəhrəmanına bənzəmək istəyir. Əslində bu, şəxsiyyətin inkişafı zamanı lazımlı prosesdir. Valideyn bu halda əsas cizgi film qəhrəmanının filmdə roluna - yəni mənfi və ya müsbət olmasına - diqqət etməlidir.
Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, siz övladlarınızı düzgün geyindirərək nəinki onların fiziki sağlamlığının, həmçinin, psixi sağlamlığının da keşiyində durursunuz. Hər bazarlıq əyləncədən əlavə, biz valideynlərin ən ciddi məşğuliyyəti olmalıdır.


Tarix: 06.01.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Uşaqlara tərbiyyə
loading...