Məkkə surələrindəndir.
Bismilləhir Rəhmanir Rəhim
1) Məgər Biz sənin köksünü açmadıqmı
2) Biz yükünü səndən götürdük.
3) Hansı ki, sənin belini bükürdü.
4) Ad-sanını ucaltdıq.
5) Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!
6) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!
7) Elə ki qurtardın, qalx!
8) Və Rəbbinə üz tut!
Allah təata buyurur: “Məgər Biz sənin köksünü açmadıqmı?!” Yəni sənin köksünü açıb nurlandırdıq, geniş və rahat etdik. Allah təala başqa bir ayədə buyurur ki, “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar”. (əl-Ənam, 125) Uca Allah onun (Ona Allahın salavatı və salamı olsun!) qəlbini açıb genişlətdiyi kimi, eyni zamanda gətirdiyi şəriəti də geniş, aydın və asan etmişdir. Bu şəriətdə nə bir məcburiyyət, nə bir sıxıntı, nə də bir qəlb iztirabı var. Deyilənə görə, “Məgər Biz sənin köksünü açmadıqmı?!” ayəsində Merac gecəsi Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) köksünün açılmasından söhbət gedir. Belə ki, “əl-İsra” surəsində Malik ibn Səsayənin bu haqda rəvayət etdiyi hədis də qeyd olunub. Tirmizi bu ayənin təfsirində həmin hədisi qeyd etmişdir. Meracda Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) köksünün açılması Allahın Öz Peyğəmbərinin köksünü açması cümləsi ilə eyniyət təşkil edir. Burada mənəvi baxımdan köksün genişlənməsi də nəzərdə tutula bilər. Ən doğrusunu Uca Allah bilir.
Abdulla ibn Əhməd deyir: Bizə Məhəmməd ibn Əbdürrəhim Ubey ibn Kəbdən nəql etdi ki, Əbu Hureyrə başqalarının sual verə bilmədiyi sualları Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) soruşardı. Bir dəfə o, Rəsulallahdan soruşdu: “Ey Allahın elçisi, sənin müşahidə etdiyin peyğəmbərlin ilk nişanələri hansılar idi?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) əyləşərək buyurdu: “Ey Əbu Hureyrə sən bir sual verdin. On bir yaşım bir neçə ay idi ki, tamam olmuşdu. Səhrada idim. Başımın üstə bir danışıq eşitdim. Bir nəfər digərinə belə deyirdi: “Bu odur?” O birisi dedi: “Bəli!” Sonra hər ikisi ilə də üz-üzə gəldim. Mən onları əvvəllər heç yerdə görməmişdim. Elə görünüşləri, elə geyimləri var idi belələrini birinci səfər idi görürüdüm. Onlar yeriyərək mənə tərəf gəldilər və hərəsi bir ayağımı tutdu. Ancaq ayağıma toxunulduğunu hiss etmirdim. Biri digərinə dedi: “Uzat!” Onlar dartmadan, çəkmədən məni yerə uzatdılar. Sonra biri o birisinə dedi: “Köksünü yar!” Onlardan biri köksümə əyildi və onu yardı. Mən nə qan gördüm, nə də ağrı hiss etdim. O birisi dedi: “Kin və nifrəti çıxart!” O da yumruq boyda bir şey çıxartdı və atdı. O birisi dedi: “Yerinə şəfqət və mərhəməti qoy!” Bir də gördüm, gümüşəbənzər bir şey çıxartdı. Sonra sağ ayağımın baş barmağını tərpədib dedi: “Sağlam şəkildə ayağa qalx!” Mən də ayağa qalxım. Ondan sonra kiçiyə şəfqət, böyüyə mərhəmət etdim”.
Növbəti ayədə uca Allah buyurur: “Biz yükünü səndən götürdük?!” Digər bir ayədə Allah təala buyurur ki, “Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq”. (əl-Fəth, 2)
“Hansı ki, sənin belini bükürdü”. Bükmək mənasında olan “الإنْقَاض” (inqad) sözü səs deməkdir. Bir çox sələf alimləri “Hansı ki, sənin belini bükürdü” ayəsi haqda demişlər ki, yəni onu daşımaq sənə ağır idi.
“Ad-sanını ucaltdıq”. Mucahid demişdir: Yəni “nə vaxt Mən zikr olunuramsa, sən də xatırlanarsan. “Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur” deyilən zaman “Şəhadət edirəm ki, Məhəmməd Allahın elçisidir” də deyilir”. Qatədə deyir ki, Allah dünya və axirətdə onun ad-sanını ucaltdı. Elə bir xətib, elə bir bir şəhadət kəlməsini söyləyən müsəlman və elə bir namaz qılan mömin tapmazsan ki, “Allahdan başqa ibadətə layiq məbud yoxdur və Məhəmməd Allahın elçisidir” deməsin.
İbn Cərir belə nəql etmişdir: Bizə Yunis İbn Vahbdan, o da Əbu Səiddən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurub: “Cəbrayıl yanıma gəlib dedi: “Mənim və sənin Rəbbin deyir ki, gör sənin ad-sanını necə ucaltdım?” Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Ən gözəlini Allah bilir”. Allah təala buyurdu ki, Mən zikr olunduğum zaman mənimlə birgə sən də xatırlanarsan”. Bu hədisi İbn Əbu Hatim də Yunis vasitəsilə Əbdüləladan nəql etmişdir. Əbu Yəlanın da İbn Luheyə vasitəsilə Dərracdan rəvayət etdiyi bildirilir.
İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra Səid ibn Cubeyrdən, o da İbn Abbasdan Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Rəbbimdən bir şey dilədim, ancaq diləməmiş olmağı istərdim. Dedim ki, məndən əvvəl elə peyğəmbər olmuşdur ki, Sən küləyi onun sərancamına vermişdin, eləsi də var idi ki, ölüləri dirildərdi. Allah təala buyurdu: “Ey Məhəmməd, məgər səni yetim görüb sığınacaq vermədimmi?!” Dedim: “Ya Rəbbib, əlbətdə!” Sonra dedi: “Məgər səni çaşqın görüb doğru yola yönəltmədimmi?!” Dedim: “Ya Rəbbim, əlbəttə!” Sonra buyurdu: “Məgər səni yoxsul görüb varlandırmadımmı?!” Dedim: “Ya Rəbbim, əlbəttə!” Sonra buyurdu: “Məgər sənin köksünü açıb genişlətmədimmi?! Ad-sanını ucaltmadıqmı?!” Dedim: “Ya Rəbbim, əlbətdə!”
Əbu Nəim “Dəlailun-Nubuvva” əsərində deyir ki, bizə Əbu Əhməd əl-Qitrifi Musa ibn ibn Səhldən, o da Ənəsdən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Allahın mənə əmr etdiyi göylərlə və yerlə əlaqəli işləri yerinə yetirib qurtardıqdan sonra dedim: “Ey Rəbbim, məndən əvvəl elə bir peyğəmbər olmayıb ki, ona kəramət verməyəsən. İbrahimi Xəlil (dost), Musanı Kəlim (həmsöhbət) etdin. Dağları Davudun, küləyi və şeytanları Süleymanın sərəncamına verdin. İsanın əlilə isə ölüləri diriltdin. Bəs mənim üçün nə etdin?” Allah təala buyurdu: “Mən sənə bütün bunlardan daha üstün olanı vermədimmi?! Zikr olunduğum zaman sən də mənimlə birgə xatırlanırsan. Eləcə də ümmətinin qəlbində Quranı aşkarca oxumaq imkanı verdim. Bunu başqa bir ümmətə verməmişdim. Həmçinin, sənə Öz ərşimin xəzinələrindən bir xəzinə verim. Güc və güvvət uca və əzəmətli olan Allahındır”.
Bəğəvi İbn Abbas və Mucahidin belə dediklərini nəql etmişdir: “Burada söhbət əzandan gedir. Yəni əzanda Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) adı çəkilir. Həmçinin, Bəğəvi Həssan ibn Sabitin şeirindən bir neçə beyt də qeyd etmişdir:
Onun peyğəmbərliyinə görə fəxr edirəm.
O, Allah tərəfindən göndərilən son elçidir.
Hər zaman parıldayan və şölə saçan bir nurdur.
Allah Peyğəmbərin adını Öz adı ilə yanaşı çəkmişdir.
Belə ki, müəzzin beş namazda buna şəhadət gətirər.
Ad-sanını ucaltmaq üçün Öz adından törətdi onun adını.
Ərşin sahibi olan Allah mahmud (həmd edilən);
O isə Məhəmməddir.
Bəziləri deyirlər ki, Allah onun ad-sanını əvvəlkilər və sonrakıların yanında ucaltmışdır. Belə ki, Uca Allah öz peyğəmbərlərindən ona iman gətirmələri və öz ümmətlərinə də ona iman gətirmələrini əmr etmələri haqda əhd almışdır. Allah təala onun adını öz ümməti içərisində də uca tutmuş və Özünün zikr olunduğu yerdə peyğəmbərinin (Ona Allahın salavatı və salamı olsun!) də xatırlanmasını təmin etmişdir. Sarsari (Allah ona rəhmət etsin!) necə də gözəl söyləmişdir:
Onun şirin adını dillərdə xatırlatmadıqca,
Fərz namazlarında əzan səhih sayılmaz.
Həmçinin,
Bilməzmisən, onun adını təkrarlamadıqca,
Nə əzanımız səhih olar, nə də fərzimiz?!
Növbəti ayələrdə uca Allah buyurur: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” Allah təala çətinliklə bərabər asanlığın da olduğu barədə xəvər verdi, sonra da bu xəbəi təsdiqlədi. İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra Ayiz ibn Şureyhdən Ənəs ibn Malikin belə dediyini nəql etmişdir: Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) oturmuşdu və onun qarşısında bir daş var idi. O, buyurdu: “Çətinlik gəlib o daşın içinə girsəydi, yenə də asanlıq gəlib onu oradan çıxardardı. İzzət və cəlal sahibi Allah ayə bu ayələri nazil etdi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” Bu hədisi Əbu Bəkr əl-Bəzzar da öz “Müsnəd”ində Məhəmməd ibn Mumardan, o da Həmid ibn Həmmaddan nəql etmişdir. Onun nəql etdiyi oxşar mətndə isə bu cür qeyd edilmidir: “Çətinlik gəlib o daşın içinə girsəydi, asanlıq gəlib onun içinə girib onu oradan çıxardardı”. Sonra Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) dedi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” Əbu Bəkr əl-Bəzzar deyir ki, bu hədisin Ənəsdən təkcə Ayiz ibn Şureyhin rəvayət etdiyini bilirik.
Əbu Hatim onun rəvayət etdiyi hədisin zəif olduğunu söyləmişdir. Lakin bu hədisi Şubə Muaviyə ibn Qurra vasitəsilə bir nəfərdən, o da Abdulla ibn Məsuddan mövquf olaraq rəvayət etmişdir. İbn Əbu Hatim Həsənin belə dediyini rəvayət etmişdir: “Deyirlər ki, bir çətinlik iki asanlığa üstün gələ bilməz!”
İbn Cərir deyir: Bizə İbn Əbdüləla İbn Sövrdan Həsənin belə dediyini rəvayət edib: Bir gün Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) sevincli və nəşəli halda gülümsəyə-gülümsəyə dedi: ““Bir çətinlik iki asanlığa üstün gələ bilməz! Bir çətinlik iki asanlığa üstün gələ bilməz! “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” İbn Cərir yni hədisi Ovf əl-Ərabi və Yunis ibn Ubeyddən, onlar da Həsəndən Mursəl olaraq rəvayət etmişlər. Səid ibn Cubeyr isə Qatədənin belə dediyini nəql edir: “Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) öz səhabələrini müjdələyərək belə dediyi bizə xəbər verilmişdir: “Bir çətinlik iki asanlığa üstün gələ bilməz!” Bunun mənası belədir: Çətinlik sözü hər iki ayədə müəyyənlikdə qeyd olunur. Asanlıq sözü isə qeyri-müəyyənlikdədir və iki dəfə təkrarlanır. Ona görə də Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) “Bir çətinlik iki asanlığa üstün gələ bilməz!” – buyurmuş və ifadə ilə Allah təalaının “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” ayəsinə işarə etmişdir. Birinci çətinlik sözü ikincisi ilə eynidir. Asanlıq sözü isə iki sayılan isim kimi verilmişdir. Həsən ibn Süfyan Əbu Hureyrədən Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: “Göydən kömək tədarük miqdarında, səbr isə bəla miqdarında enmişdir”.
Şafiinin bu beytləri söylədiyi rəvayət edilmişdir:
Gözəl səbr nicata necə də yaxındır!
Hər işdə Allahı xatırlayan kəs nicat tapar.
Allahı təsdiq edən əzabla üzləşməz.
Ondan istəyən, mütləq öz istəyinə nail olar.
İbn Dureyd deyir ki, Əbu hatim əs-Sicistani mənə bu beytləri söyləmişdir:
Qəlbləri ümidsizlik bağladıqda,
Rahat kökslər sıxca daraldıqda,
Istənilməyən şeylər susub, sakitləşdikdə,
Və onların yerini problemlər adıqda,
Çətinliyin getməsi üçün bir yol tapmadıqda,
Və heç vir ağıllı öz zəkası ilə ondan xilas ola bilmədikdə,
Sənin ümidsizliyinə mütləq bir kömək gələr,
Çağırışına cavab verən bir lütfkar sənə lütf edər.
Bütün kədərli hadisələr baş verdikdə,
Çox yaxınında nicat və sevinc arxadan peyda olar.
Başqa bir şeirdə deyilir:
Ola bilsin ki, cavan bir çox çətinliklərlə üzləşdi.,
Ancaq Allahın dərgahında onun qurtuluşu var.
Çətinliklər sona çatdıqda, halqaları möhkəmləndikdə,
Bolluq və rahatlıq gəldi. Baxma ki, cavan bunu gözləmirdi.
Allah təala növbəti ayədə buyurur: “Elə ki qurtardın, qalx! Və Rəbbinə üz tut!” Yəni dünya işlərini və onun məşğuliyyətini qurtardığın, onunla bağlı hər şeydən uzaqlaşdığın zaman ibadətə qalx!. Heç nəyi düşünmədən, ixlaslı, xalis niyyətlə Rəbbinə yönəl! Buxari və Muslimin eyni adlı – “Səhih” kitablarında Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun!) rəvayət olunan aşağıdakı hədis də bu qəbildəndir: “Yemək gətirildiyi zaman namaz qılınmaz. Eləcə də iki pisliklə (bayıra çıxmaq) məşğul olunduğu zaman namaz qılınmaz”. Habelə, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Namaza çağırıldığı zaman şam yeməyi də gətirilərsə, birinci yeməkdən başla!” Mucahid bu ayələr haqda bunları söyləmişdir: “Yəni dünya işlərini qurtarıb namaza durduğun zaman, Rəbbinə yönəl!” Həmçinin, onun belə dediyi də nəql edilmişdir: “Namaza durduğun zaman öz ehtiyacına yönəl!” Digər bir rəvayətdə isə İbn Məsudun belə dediyi bildirilir: “Fərz namazları qurtardığın zaman, gecə namazlarına qalx!” İbn İyadın da buna oxşar fikir söylədiyi nəql olunur. Başqa bir rəvayətdə İbn Məsuddan nəql olunur ki, “Yəni namazı qılıb qurtardıqdan sonra oturma, qalx yenə də Rəbbinə yönəl!” Əli ibn Əbu Təlha İbn Abbasın belə dediyini nəql etmişdir: “Qurtardığın zaman duaya başla!” Zeyd ibn Əsləm və Dahhak demişlər: “Yəni cihaddan döndükdən sonra ibadətə qalx və Rəbbinə üz tut! Sövri ayənin təfsirində demişdir: “Niyyətin və istəyin yalnız izzət və cəlal sahibi Allah üçün olsun!”
“Əş-Şərh” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
Tarix: 20.04.2013 / 19:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 732 Bölmə: Sureler