Məkkə surələrindəndir.
Bismilləhir Rahmənir Rahim!
1) Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?!
2) Məgər onların hiyləsini boşa çıxartmadımı?!
3) Onların üstünə əbabil quşları göndərdi.
4) Onlara bişmiş gildən düzəlmiş daşlar atırdı.
5) Onları yeyilmiş əkin yarpağına döndərdi!
Bu, Allah təalanın qureyşlilərə lütf etdiyi bir nemətdir. Allah fillərlə Kəbəni yıxmağa gələn, onu yer üzündən silmək fikrində olan ordunun cəhdlərini boşa çıxartdı, onu darmadağın edib, zəlil vəziyyətdə geri qaytardı. Onlar xristian milləti idilər və Allaha Qureyşin sitayiş etdiyi bütpərəstlik dinindən daha yaxın idilər. Bu hadisə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) göndərilişinə yaxın bir vaxta təsadüf edirdi və sanki hazırlıq xarakteri daşıyırdı. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) həmin il anadan olması da məlumdur. Sanki tale onlara deyirdi: “Ey qureyşlilər, biz sizə həbəşilərdən üstün olduğunuz üçün qələbə bəxş etmədik. Lakin peyğəmbərlərin sonuncusu, yazıb-oxuma bilməyən bir peyğəmbərlə – Məhəmməd peyğəmbər – (Ona Allahın salavatı və salamı olsun!) şərəfləndirəcək və izzətləndirəcək qədim və müqəddəs evi qorumaq üçün sizə onlar üzərində qələbə bəxş etdik.
Fil sahiblərinin müxtəsər və yığcam hekayəti belədir:
Xəndək sahibləri barəsində olan hekayətdə qeyd olunmuşdu ki, Zu-Nuvas Himyərlərin sonuncu şahı və müşrik idi. Xəndək sahiblərini öldürən də o isi. Həmin xəndəklərdə təxminən, iyirmi min xristian öldürülmüşdü. Orda olanlardan yalnız bir nəfər – Dövs Zu-Səlabən xilas olmuşdu. O, qaçıb canını qurtarmış və xristian olan Şam hökmdarı Qeysərə sığınmışdı. Onlara yaxın olması səbəbilə Şam hökmdarı bir məktub yazıb onunla Hənbəşistan kralı Nəcaşiyə göndərdi. Nəcaşi də Əryat və Əbrəhə ibn Sibah adlı iki ordu başçısını böyük bir qoşunla Yəmənə göndərdi. Onlar Yəmənə girdilər və Yəmən də daxil olmaqla qarşılarına çıxan Himyər torpaqlarını əllərinə keçirdilər. Zu-Nuvas dənizdə boğularaq öldü. Həbəşlilər Yəmənin idarəçiliyində azadlıq qazandılar və bu iki başçının əmri altına keçdilər. Ancaq Əryat və Əbrəhə rəhbərlikdə ixtilafa düşdülər. Bir-biriləri ilə mübarizə aparıb döyüşdülər. Biri digərinə dedi: “Iki ordunun bir-biri ilə döyüşməsinə ehtiyac yoxdur. Bir-birimizlə təkbətək döyüşək. Hansımız qalib gəlib digərimizi öldürsə, başçı o olsun. Onlar razılaşaraq üz-üzə gəldilər. Hər ikisinin kürəyində ox var idi. Əryat Əbrəhəyə hücum edərək qılıncla sifətinə zərbə endirdi. Ağzı, burnu qan çalağına döndü, sifəti parçalandı. Əbrəhənin köləsi Atəvdə Əryata hücum edərək ona zərbə vurdu və öldürdü. Əbrəhə yaralı halda geri qayıtdı. Yarasını müalicə etdi və sağaldı. Beləcə, Yəməndəki həbəş ordusunun idarəçiliyi tək onun əlinə keçdi.
Nəcaşi ona məktub yazaraq etdiklərini pislədi və Yəmən torpağına ayaq basacağına an içib onu hədələdi. Əbrəhə isə Nəcaşi ilə münasibətlərini pozmaq istəmədi. Ona çoxlu hədiyyələr hazırlayaraq yanına bir elçi göndərdi. O, bir ləyənin içinə Yəmən torpağından qoyub alnını torpağa basdı və bir məktub yazdı. Məktubunda deyirdi: “Kral bu torpağa ayaq bassın ki, andı yerinə yetsin! Mən alnımı bununla krala göndərirəm”. Məktub kralın əlinə çatanda, xoşuna gəldi, razı qaldı və Əbrəhənin üstünə qoşun göndərmək fikrindən daşındı. Daha sonra Əbrəhə məktub yazaraq bildirdi ki, “Mən Yəmən torpağında kral adına tayı-bərabəri olmayan bir kilsə tikdirəcəm”. O, bu məktubundan sonra Sənada möhtəşəm, uca və dəbdəbəli bir kilsə tikdirməyə başladı. Ərəblər onu çox hündür olduğuna görə Quleys adlandırdılar. Çünki, adam onun zirvəsinə baxanda az qala başındakı əmmaməsi düşürdü. Dodağı çapıqlı Əbrəhə Məkkədə Kəbəyə həcc edildiyi kimi, ərəblərin həmin kilsəyə həcc edilməsi qərarını aldı və barədə ərəblərə müraciət etdi. Qahtan və Adnan ərəbləri onun müraciətinə mənfi cavab verdilər. Qureyşlilər Əbrəhənin bu müraciətindən çox hiddətlənmişdilər. Hətta bəziləri gecə vaxtı həmin kilsəyə gedib içini mundarladılar. Kilsənin xidmətçiləri mundarlığı görüb Əbrəhəyə xəbər verdilər. Onlar Əbrəhəyə dedilər ki, bunu qureyşlilər edib. Çünki onların məbədlərinə bənzər bir məbədin inşa edildiyinə görə qəzəblidirlər. Bundan sonra Əbrəhə qəzəbləndi və and içdi ki, Kəbəyə hücum edəcək, daş üstündə daş qoymayacaq.
Muqatil ibn Süleyman deyir ki, Qureyşdən olan bəzi cavanlar kilsəyə girmiş, orada tonqal qalamışdı. Həmin gün güclü külək olduğuna görə, möhkəm yanğın yaranmış və bina yerə çökmüşdü. Bundan sonra Əbrəhə böyük bir ordu topladı. O, düşünürdü ki, bu ordunun qarşısına heç kəs çıxa bilməyəcək. Orduda nəhəng fillər də var idi. Adı Mahmud olan xüsusi bir fil var idi ki, onu Əbrəhəyə Nəcaşi göndərmişdi. Deyilənə görə, bu fildən başqa daha səkkiz fil var idi. Bəziləri isə orduda daha on iki filin olduğun u deyirlər. Ən doğrusunu Allah bilir. Əbrəhə bu fillərlə Kəbəni dağıtmaq istəyirdi. O planlaşdırmışdı ki, kəbənin sütunlarına zincirlər bağlasın və onları fillərin boynuna keçirsin. Beləcə, filləri hərəkətə gətirib Kəbəni uçurtmaq istəyirdi. Ərəblər Əbrəhənin gəlişini eşidib ciddi hazırlıq görmək fikrinə düşdülər. Onlar hesab edirdilər ki, Kəbənin sahibləri kimi onu qorumaq da onların vəzifəsidir. Yəmənin möhtərəm hökmdarlarından olan Zu-Nifr adlı bir nəfər öz xalqını və ona qoşulan digər ərəb qəbilələrini Əbrəhəyə qarşı vuruşmağa və Allahın evinu qorumaq uğrunda mübarizəyə səslədi. Onlar Zu-Nifrin ətrafında birləşib Əbrəhəyə qarşı vuruşdular. Izzət və cəlal sahibi Allahın iznilə Əbrəhə onlara qalib gəldi. Zu-Nifr əsir düşdü. Əbrəhə onu özü ilə apardı. Sonra Məkkə istiqamətinə yönəldi. Xusam ərazinisə çatdıqda Nufeyl ibn Həbib əl-Xusami öz qəbiləsi ilə birlikdə Əbrəhəyə qarşı mübarizə apardılar. Lakin onlar da məğlub oldular. Əbrəhə Nufeyl ibn Həbibi də əsir götürdü. Əvvəlcə onu öldürmək istəsə də, sonra fikrindən daşınıb bağışladı və onu Hicaza kimi bələdçilik etmək üçün özü ilə apardı.
Əbrəhənin ordusu Taifə yaxınlaşanda, Səqif qəbiləsinə mənsub olan əhali Lat adlanan məbədlərini qorumaq üçün Əbrəhənin qarşısına çıxdılar və ona qonaqpərvərlik göstərdilər. Qəbilə Əbu Riğal adlı bir nəfəri də bələdçilik etmək üçün Əbrəhənin ordusuna verdi. Əbrəhə Məkkə yaxınlığındakı Muğəmməsə çatdıqda, ordusuna orada düşərgə salınacağını bildirdi. O, buradan Məkkə və ətraf ərazilərin sakinlərinə mənsub olan sürülərə basqın etdi, taladı. Sürülərin içində Abdulmuttalibin də iki yüz dəvəsi var idi. Əbrəhənin əmrilə sürülərə basqın edən dəstənin başçısının adı Əsvad ibn Məfsud idi. İbn İshaq qeyd edir ki, həmin vaxt bəzi ərəb şairləri onun bu əməlinə görə onu həcv etmişdilər. Əbrəhə Himyər qəbiləsinə mənsub olan Hinatayı Məkkəyə göndərdi ki, Qureyşin ən hörmətli ağsaqqallarını onun hüzuruna gətirsin və məkkəlilərə bildirsin ki, Kəbəni müdafiə etməkdən əl çəksəniz, kralın sizinlə vuruşmaq niyyəti olmaz. Hinata Məkkəyə gələndə onu Haşim oğullarından Abdulmuttalibin yanına gətirdilər. Hinata Əbrəhənin dediklərini ona çatdırdı. Abdulmuttalib ona dedi: “Allaha and olsun ki, bizim də onunla vuruşmaq niyyətimiz yoxdur. Bizim buna gücümüz də çatmaz. Bura Allahın müqəddəs evi və dostu İbrahimin məqamıdır. Onu qorusaq da, qorumasaq da, yenə də Allahın evidir. Bu onunla Allah arasında olan bir məsələdir. Allaha and olsun ki, bizim onu qoruyacaq gücümüz yoxdur. Hinata ona: gəl mənimlə onun yanına gedək. Abdulmuttalib onunla getdi.
Əbrəhə onu görəndə, böyük ehtiramla qarşıladı. Çünki Abdulmuttalıb nurani və yaraşıqlı bir insan idi. Əbrəhə taxtından enərək Abdulmuttaliblə birgə döşəmədə oturdu və tərcüməçisinə dedi: “Ondan soruş gör, istəyi nədir?” Abdulmuttalib dedi: “Mənim istəyim şahın mənə aid iki yüz dəvəmi geri qaytarmasıdır”. Əbrəhə tərcüməçiyə dedi: “Ona de ki, səni görən kimi xoşuma gəlmişdin. Danışdıqdan sonra isə yanıldığımı anladım. Mənimlə dəvələrinmi söhbətini aparırsan? Yoxsa sənin və atalarının dini məbədini dağıtmağa gəldiyimi unudursan? Bu barədə niyə danışmırsan?” Abdulmuttalib dedi: “Doğrusu, dəvələrin sahibi mənəm. Evin də onu qoruyacaq sahibi var”. Əbrəhə dedi: “Onu məndən qoruya bilməz”. Abdulmuttalib dedi: “Sən Onunla təkbətəksən!” Deyilənə görə, Abdulmuttalib ərəblərin sayılıb-seçilən ağsaqqalları ilə birgə Əbrəhənin yanına getmiş və ona Kəbəni dağıtmaqdan əl çəkməyin əvəzində Tühamadakı malların üçdə birini verməyi tklif etmişdi. Ancaq Əbrəhə bununla razılaşmamışdı. Ancaq Əbrəhə Abdulmuttalibin dəvələrini qaytardı. Abdulmuttalib Məkkəyə qayıdıb Qureyşə Məkkədən çıxmağı və ordudan ehtiyat edərək dağların başlarına çəkilməyi əmr etdi. Abdulmuttalib və bir qrup Qureyş əhli Kəbəyənin yanına gəlib Allahdan Əbrəhənin ordusuna məğlubiyyət dilədilər. Abdulmuttalib Kəbənin qapısının halqasını tutaraq demişdi:
“Allahım, kimsə öz sürüsünü qoruyur, Sən də Öz evini qoru!
Onların xaçı və ordusu heç vaxt sənin orduna qalib gəlməsinlər!”
İbn İshaq qeyd edir ki, daha sonra Abdulmuttalib qapının halqasını qoydu və qureyşlilərlə birgə dağların başına çəkildi. Muqatil ibn Süleyman deyir ki, məkkəlilər şəhərdən çıxarkən oarada mundarlanmış yüz dəvə qoyub getdilər ki, bəlkə Əbrəhənin ordusu onlara toxunar və Allahın onlara qəzəbi gəlib intiqam alar.
Növbəti gün Əbrəhə Məkkəyə daxil olmağa hazırlaşdı. O, Mahmud adlı filini də hazır vəziyyətə gətirmişdi. Fil Məkkəyə tərəf yönəldildikdə, Nufeyl ibn Həbib gəlib filin yanında dayandı və qulağından tutub dedi: “Qaç, ey Mahmud, gəldiyin yerə qayıt! Sn Allahın müqəddəs etdiyi torpaqdasan!” Sonra Nufey filin qulağını buraxdı. Nufeyl qaça-qaça dağa qalxdı. ƏSgərlər qalxması üçün fili vurdular. Amma fil qalxmadı. Başına çubuqlarla vurdular, qarnına ucu şiş dəmirlər batırdılar. Filin qarnı qanadı, ancaq yenə qalxmadı. Onu Yəmənə tərəf yönəltdikdə, qalxdı və o tərəfə qaçmağa başladı. Şama və şərqə tərəf də yönəltdikdə qalxıb qaçdı. Məkkəyə tərəf yönəltdikdə isə çökdü. Allah təala Əbrəhənin ordusunun üstünə dənizlərdən yarasaya bənzər quşlar göndərdi. Hər quş özü ilə üç daş gətirmişdi – biri dimdiyində, ikisi caynağında. Daşlar noxud və mərcimək boyda idi. Kimə dəydisə, öldürürdü. Ancaq daşlar hamıya dəymədi. Ordu dağıldı və yol axtarıb qaçmağa başladılar. Nufeyldən yol göstərməsini istədilər. Lakin Nufeyl qureyşlilər və digər ərəblərlə birgə dağın başında idilər. Allahın fil sahiblərinə düçar etdiyi bəlaya tamaşa edirdilər. Nufeyl deyirdi:
“Hara qaçırsınız?! Arxanızdan gələn Allahdır!
Dodağı çapıqlı Əbrəhə qalib deyil, məğlubdur!”
Vaqidi qeyd edir ki, fil ordusu Məkkəyə girməyə hazırlaşırdı. Ancaq fili qaldırıb Kəbəyə tərəf yönəldə bilmədilər. Digər istiqamətlərə yönəltdikləri zaman fil hərəkətə gəlirdi, ancaq Kəbəyə istiqamətinə bir addaım belə atmırdı. Əbrəhə isə fil mehtərini döyür, fili hərəkət etdirməyi əmr edirdi. Bu barədə danışsaq, söhbət uzanar.
Abdulmuttalib və bir qrup qreyşli – Mutim ibn Adiyy, Amr ibn Aid ibn İmran və Məsud ibn Amr əs-Səqafi Hira dağında həbəşlilərin etdiklərinə baxırdılar. Qəribə və əcaib olan bir məxluqun – filin hərəkətlərini seyr edirdilər. Bu anda birdən Allah təala onların üstünə Əbabil quşları göndərdi. Göyərçindən kiçik olan topa-topa, sarı, ayaqları isə qırmızı bu quşların hər biri özü ilə üç daş gətirmişdi. Quşlar ordunun üzərində topalaşıb halqa vəziyyətini aldılar və daşları ordunun üstünə atdılar, əsgərləri öldürdülər.
Vahb ibn Münəbbih deyir ki, həbəşilərin ordusunda çoxlu fil var idi. Mahmud adlı fil isə kralın şəxsi fili idi. O, yerə çəkdü, yerindən tərpənmədi. Qalan fillər də ona baxım tərpənmədilər. Lakin fillərdən biri qəzəblənib yerdəki çınqılları göyə sovurdu və fillər qaçmağa başladı. Atə ibn Yasər və başqaları qeyd edirlər ki, onların hamısı elə o dəhşətli anda ölmədilər. Elələri də var idi ki, bədənlərinin üzvləri sallana-sallana qaçırdılar. Əbrəhə də bədən orqanları sallana-sallana qaçmış, Xusam ərazisin çatdıqda ölmüşdü. İbn İshaq deyir ki, onlar müxtəlif yollardan qaçıb xilas olmağa çalışırdılar. Ancaq hara qaçsaydılar yenə də ölüm onları haqlayırdı. Əbrəhə bədənindən yara almışdı. Qaçanlar onu da özləri apardılar. Əbrənin orqanları çölə çıxıb sallanırdı. Onu Sənaya gətirib çatdıranda, artıq quş boyda vücudu qalmışdı. Deyilənə görə, Əbrəhə öldüyü vaxt ürəyi sinəsindən ayrılmışdı. Muqatil ibn Süleyman qeyd edir ki, qureyşlilər onların qoyub getdikləri mallara sahib çıxdılar. O gün Abdulmuttalib bir quyunu dolduracaq həcmdə qızıl əldə etmişdi. İbn İshaq deyir ki, Yaqub ibn Utbə nəql edir ki, həmin il ərəbistan torpaqlarında suçiçəyi və qızdırma xəstəlikləri yayıldı. İkrimnin də səhih isnadla bu cür rəvayət etdiyi bildirilir.
İbn İshaq nəql edir ki, Allah təala Məhəmməd peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun!) elçi olaraq göndərəndə, artıq qureyşlilərə çoxlu nemətlər bəxş etmiş, bir çox məsələlərdə lütfkarlıq göstərmişdi. Qeyd olunduğu kimi, onlardan biri də Qureyşə həbəşlilər üzərində zəfər bəxş etməsidir. Allah təala buyurur: “Məgər Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?! Məgər onların hiyləsini boşa çıxartmadımı?! Onların üstünə əbabil quşları göndərdi. Onlara bişmiş gildən düzəlmiş daşlar atırdı. Onları yeyilmiş əkin yarpağına döndərdi!” “Qüreyşin ülfəti xatirinə, Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə. Bu evin Rəbbinə ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin-amanlıq bəxş etdi”. Yəni əgər onlar qəbul etsələr, Allah onların barələrində istədiyi bu xeyirli vəziyyəti dəyişdirməz.
İbn Hişam deyir: “Əbabil toplu-toplu mənasını verir. Ərəblər bu sözü təkdə işlətməzlər. Siccil (bişmiş gil) sözünə gəlincə, Yunis ən-Nəhvi və Əbu Ubeydənin söylədiklərinə görə, ərəblər bunun bərk və qatı mənasında olduğunu bilirlər. Bəzi təfsirçilər qeyd edirlər ki, bu söz fars dilindən keçmə mürəkkəb sözdür. Iki sözün – “sinc” (daş) və “cil” (gil) sözünün birləşməsindən əmələ gələn bu söz bişmiş, daşlaşmış gil mənasını daşıyır. “Asf” (əkin yarpağı) kəlməsi isə hələ biçilməmiş əkin yarpağıdır. Bu sözün təki “asfətun”dur”.
Həmmad ibn Sələmə Asim vasitəsilə Əbu Sələmə ibn Əbdürrəhmanın “Əbabil quşları” haqqında “qatar-qatar” dediyini nəql etmişdir. İbn Abbas və Dahhak isə demişlər ki, əbabil bir-birinin ardınca gedənlər mənasını verir. Həsən əl-Basri və Qatədə “çoxlu quşlar” deyə təfsir etmişlər. Mucahid deyir ki, onlar bir-birinin ardınca gedən topalaşmış quşlardır. İbn Zeydin sözlərinə görə, bu söz ayrı-ayrı yerlərdən gəlib bir yerə topalaşmış quşlar mənasında işlənir. Kisai deyir ki, bəzi nəhv alimlərindən əbabil sözünün təkinin “ibil” olduğunu eşitmişəm”.
İbn Cərir deyir: Bizə Əbdüləla İbn Nofəldən “Onların üstünə əbabil quşları göndərdi” ayəsi haqda nəql etdi ki, dəvələrin sürüsü olduğu kimi quşların da sürüsü əbabil adlanır. Əbu Kureyb Vaki vasitəsilə “Onların üstünə əbabil quşları göndərdi” ayəsi barəsində İbn Abbasın belə dediyini nəql etmişdir: “Onların quş dimdiyi kimi dimdikləri, it pəncəsi kimi caynaqları var idi”. Yaqub ibn İbrahim Allah təalanın bu ayəsi haqda İkrimənin belə dediyini nəql etmişdir: “Onlar dənizdən gəlmiş yaşıl quşlar idilər və onların vəhşi heyvanlar kimi başları var idi”. İbn Bəşşar isə Ubeyd ibn Umeyrin belə dediyini nəql etmişdir: “Onlar qararəngli dəniz quşları idi. Dimdiklərində və caynaqlarında daşlar gətirmişdilər”. Qeyd olunan rəvayətlərin hamısının isnadı səhihdir.
Səid ibn Cübeyr deyir ki, bu quşlar sarı dimdikləri olan yaşıl quşlar idilər və müxtəlif bölgələrdən gəlmişdilər”. İbn Abbas, Mucahid və Atənin sözlərinə görə, Əabil quşları Məğrib ənqası adlanan quşlara bənzəyirlər”. Bu rəvayəti İbn Əbu Hatim nəql etmişdir. O, həmçinin, Əbu Zəranın Ubeyd ibn Umeyrdən nəql etdiyi rəvayəti bildirərək deyir: “Allah təala fil sahiblərini məhv etmək istədikdə, onların üzərinə dənizlərdən yarasaya bənzəyən quşlar göndərdi. Hər bir quş özü ilə üç daş gətirmişdi. Daşların ikisi caynağında, biri isə dimdiyində idi. Quşlar gəlib həbəş əsgərlərinin başlarının üstündə toplaşdılar. Sonra səs-səsə verərək caynaqlarındakı və dimdiklərindəki daşları atmağa başladılar. Düşən daş bədənin bir tərəfindən girib digər tərəfindən çıxırdı. Allah təala həmin ərəfədə güclü bir külək əsdirmiş, daşların sürətlə düşməsinə şərait yaratmışdı. Beləcə, ordunun hamısı həlak olmuşdu”. Süddi İkrimədən nəql edir ki, İbn Abbas demişdir: “Bişmiş gildən daşlar” daşlaşmış gil topalarıdır”. Bu söz haqqında bir qədər əvvəl izah verdiyimizə görə, yenidən izaha qayıtmağa ehtiyac yoxdur.
Daha sonra Allah təala buyurur: “Onları yeyilmiş əkin yarpağına döndərdi!” Səid ibn Cübeyr deyir ki, camaatın habbur adlandırdığı saman çöpü kimi oldular. Ondan nəql olunan başqa bir rəvayətdə isə buğda yarpağı kimi qeyd olunur”. Digər rəvayətdə deyilir ki, ev heyvanları tərəfindən yeyilən samandır. Həsən əl-Basri İbn Abbasın belə dediyini nəql etmişdir: “Buğdanın üzərindəki qabığa oxşayır”.
İbn Zeyd deyir ki, bu, əkinin və ya paxlanın yarpağıdır. Ayənin mənası odur ki, Allah sübhənahü və təala onları məhv etdi, planlaşdırdıqları hilələri öz başlarına gətirdi. Gəlişlərindən heç bir fayda əldə etmədilər. Hamısı həlak oldular. Onlardan geri qayıdan oldusa da, ölümcül yaralı vəziyyətdə qayıtdı. Hökmdarları Əbrəhə də bu şəkildə Sənaya qayıtmış, başlarına gələnləri xəbər vermiş, lakin çox keçmədən ürəyi sinəsindən ayrılmış halda ölmüşdü. Ondan sonra hakimiyyətə oğlu Yəksum, daha sonra isə qardaşı Məsruq ibn Əbrəhə gəldi. Sonralar Himyər qəbiləsindən Seyf ibn Zi-Yazin həbəşlilərə qarşı fars hökmdarı Kisraya kömək üçün müraciət etdi, fars hökmdarı da ona böyük bir ordu verdi. Beləcə Allah təala onlara ordu həbəşilərlə savaşda qələbə bəxş etdi və ata-babalarının sahib olduqları mülkləri yenidən özlərinə qaytardı. Bu qələbədən sonra bütün ərəblər onu təbrikə gəldilər. Məhəmməd ibn İshaq deyir ki, bizə Abdulla ibn Əbu Bəkr Aişənin (Allah ondan razı olsun!) belə dediyini rəvayət etmişdir: “Mən fil mehtərlərindən ikisini Məkkədə kor gördüm və onlar əhalidən yemək dilənirdi”. Vaqidi də Aişədən oxşar rəvayət nəql etmişdir. Əbu Bəkrin qızı Əsmanın da belə dediyi nəql olunmuşdur: “Müşriklərin öz qurbanlarını kəsdiyi Əsaf və Nailə bütlərinin yanında iki nəfər oturub yemək dilənirdi.
Filə mehtərlik edən adamın adı Ənis idi. Əbu Nueym “Peyğəmbərliyin əlamətləri” adlı kitabında İbn Vahb vasitəsilə Osman ibn Muğirədən fil sahiblərinin hekəyatini nəql etmişdir. Ancaq o, Əbrəhənin Yəməndən çıxmadığını, əvəzində ordu başçılarından olan Şimr ibn Məqsudu iyirmi minlik qoşuna başçı təyin etmiş və Məkkəyə göndərmişdi. Əbu Nueym qeyd edir ki, quşlar onları gecədən səhərə kimi qovmuş, səhər açılanda özlərini yaralı-xoralı görmüşdülər”. Bu rəvayət qəribdir. Əbu Nueym bu rəvayəti səhih bilib, digər rəvayətlərdən üstün hesab etmişdir. Səhih odur ki, həbəşi olan çapıqlı Əbrəhə özü Məkkəyə gəlmişdir. Bu hekayət haqqında yazılan müəlliqələr və şeirlər bunu təsdiqləyir. İbn Luheyə Əsvad vasitəsilə Urvadan nəql etmişdir ki, Əbrəhə fil ordusunu Əsvad ibn Məqsudun başçılığı altında Məkkəyə göndərib. O da Əbrəhənin özünün Məkkəyə gəlişini qeyd etməmişdir. Lakin səhih Əbrəhənin özünün Məkkəyə gəlişidir. Bəlkə də İbn Məqsud qoşunun başında dayanan sərkərdə olmuşdur. Ən doğrusunu Allah bilir. Daha sonra İbn İshaq ərəblərin fil sahiblərinin başına gələnlər haqqında yazılmış şeirlərini qeyd etmişdir. Abdulla ibn Zəbərinin bu haqda yazdığı şeiri olduqca maraqlı və cəlbedicidir. Qeys ibn Əslət əl-Ənsari, Əbu Silt ibn Rəbiyə əs-Səqəfi və sairləri də bu haqda şeirlər yazmışlar.
“Əl-Fəth” surəsinin təfsirinin əvvəlində qeyd etdiyimiz kimi, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) Hüdeybiyyə günü Qureyşin düşərgə saldığı təpəyə çıxdığı zaman onun dəvəsi yerə çökdü. “Qusva çökdü!” – deyə səs-səsə verdilər. Bu zaman Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Qusva çökmədi. O, bunun üçün də yaradılmayıb. Lakin fili hərəkət etməyə qoymayan, onu hərəkət etməyə qoymadı”. Sonra dedi: “Nəfsim əlində olana adn olsun ki, əgər onlar bu gün məndən Allahın qayda-qanunlarına təzim göstərən bir şeyə tabe olmağımı istəsələr, razı olaram”. Sonra dəvəsini qaldırmış, dəvəsi də qalxmışdı. Bu hədis Buxarinin tək rəvayət etdiyi hədislərdəndir. Buxari və Muslimin eyni adlı “Səhih” kitablarında rəvayət etdiyi hədisdə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) Məkkənin fəthi günü belə dediyi nəql olunur: “Allah təala fillərin Məkkəyə girməsinə imakn vermədi. Öz elçisini və möminləri ora hakim etdi. Həqiqətən, Məkkənin müqəddəsliyi dünən olduğu kimi, bu gün də özünə qaytarılmışdır. Bilin və agah olun! Burda olan burda olmayana çatdırsın!”
“Əl-Fil” surəsinin təfsiri sona çatdı. Həmd və səna Allaha məxsusdur.
Tarix: 20.04.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 783 Bölmə: Sureler