Bir oğlanın bir zarafatı vardı. Mühazirələrdə müəllimi
dinləmək əvəzinə auditoriyalardakı qızları müşahidə
edər, onları özünün möhtəşəm hesab etdiyi zarafat
obyektinə çevirərdi. Qaraladığı qıza tənəffüsdə
yaxınlaşıb, səsinə mistik bir ifadə verməyə çalışaraq:
“Mən səni istəyirəm...” – deyər, mənalı nəzərlərini qıza
tuşlayıb gözləyərdi. Pauza çox vacib idi. Bu mənayla
dolu pauza məcbur edirdi ki, qız qızarsın, ürəyi
guppultuyla döyünsün, ağlından nişan, toy, südəmər
körpə mənzərəsi kosmik sürətlə keçsin... Duyğulanmış
qız buludlara pərvazlanıb uçmaq istəyən an oğlan
soyuqqanlıqla: “...qrupumuzdan qovum!” – deyə sözünü
tamamlayar, çaşmış qızın üzünə hırıldayaraq, onun göz
yaşlarından həzz alardı. Düşmənlərinin siyahısına bir . ad
da əlavə olunardı.
Artıq birinci-ikinci kursun bütün qızları oğlanın gic
zarafatından xəbərdar idi. Qızlar onu düşmən elan
etmiş, ona qarşı sələb yürüşünə başlamışdılar.
İmtahanlarda oğlana mane olur, cib telefonundaki
nömrələrin rəqəmlərini dəyişdirir, onun adından ən
qəzəbli müəllimlərə mesajlar yazırdılar. Oğlan bu
qızların arasında tora düşmüş timsah idi, qoz boyda göz
yaşı töksəydi, heç kim acımayacaq, əksinə, “əcəb olur
sənə!” deyəcəkdilər. İncidilmiş qızların intiqam dərəcəsi
hamıya məlum...
Zarafat etmək, qızların göz yaşlarını görmək həvəsi
oğlanı hər gün qıcıqlandırırdı. Artıq yuxusa da
pozulmuşdu. Əgər yaxın bir-iki gündə zarafat .
etməsəydi, deyəsən, ölərdi, bu qədər zarafat dəlisi idi o.
Amma kursda zarafat ediləsi qız qalmamışdı. Yuxarı
kurslara girişməyə isə özü risq etmirdi, çünki o biri
kursların oğlanları qısqanccasına oğlanın hər hərəkətinə
fikir verir, hər addımını izləyirdilər. Onlar üçün oğlanı
şil-küt edib, dilini kökündən qoparmaq bir içim su kimi
asandı.
İçindəki acı qıcıqlanmadan dəli olmaq dərəcəsinə gəlmiş
oğlan küçəyə çıxdı. Qonşunun 16 yaşlı abituriyent qızı
hazırlıqdan qayıdırdı. Qız qalın şüşəli eynəyinin altından
dalğın-dalğın oğlana baxdı, deyəsən, tanımadı, ya da
beynindəki düsturlara o qədər aludə olmuşdu ki, heç
kimə fikir vermirdi. Oğlan qızın dalınca baxıb tüpürdü:
“Bu da özünü adam sayır... Nə döşü var, nə g...”.
Amma qız oğlanın ağlından çıxmırdı. Əsil zarafat ediləsi
obyekt idi. Nə onu ağladardım... Onda bilər, salamsız
mənim yanımdan keçmək nə deməkdir...
O zarafat etmək üçün məqam axtarırdı, hər gün həyətə
düşüb, qızı gözləyirdi. Bəzən qız gecikəndə, oğlan
hirslənər, bu axmaq harda qaldı, fikirləşərdi, yoxsa
hansısa bir oğlanla danışır? Qısqanclığa oxşar bir hiss
onu boğardı. Yox əşşi, kimdi ona baxan... Meymunun
biridi... Hələ eynəyi...
Bir gün qız yenə də hazırlıqdan qayıdanda, oğlan
qətiyyətlə onun yolunu kəsdi. Başını aşağı salıb gələn qız
oğlanın çiyninə dirənəndə, gözlərini təəccüblə qaldırdı.
Oğlan elə diqqətlə qıza baxırdı ki, sanki onun üzündən
keçib küçənin o biri tərəfini . görmək istəyir. Oğlanın
elə indicə zarafatdan həzz alacağını duyan ağlı gülürdü,
amma ruhu... ruhu qalın şüşələr altındakı gözlərdən
çəkilə bilmirdi. Bu məsum gözlər oğlanı ovsunlamışdı.
O, qeyri-ixtiyari pıçıldadı: “Mən səni istəyirəm... “ – və
susdu. Pauza.
Pauza. Qız sakit baxışlarla oğlana baxırdı. Gözləyirdi.
Oğlan gördü ki, günəş şüaları altında qızın saçları
parlayır...
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 179 Bölmə: Sevgi varmı?