Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərxoşun Ağlı

Belə nağıl eyləyirlər,
Çox keçmişdən söyləyirlər:
– Əhli-kef bir sərxoş varmış,
Hər gün içib keyf alarmış.
Bunun haram olduğunu
Dərk eyləyib anlamazmış,
Ya da bunu anlamağa
Onda həvəs, istək yoxmuş.
Təsadüfən necə olmuş,
Bir gün gəlmiş bu ağlına.
İlyas bin Müaviyənin
Gedib girmiş o, yanına.
Salam-əleyk edən kimin,
Belə sual vermiş ona:
– Ey əfəndim, həzrət İlyas!
Əgər üzüm yesəm bir az
Mənə ziyan o verərmi?
Ya qarnımı göynədərmi?
Cavab verdi həzrət İlyas:
– Ondan ziyan heç vaxt olmaz!
– Mən üzümdən sonra bir az
Yesəm əgər maya otu,
Varmı onun bir qorxusu?
Cavab verdi: – Xeyir, əsla!
– Bunlardan da dərhal sonra.
Əgər bir az mən su içsəm,
O, sudanmı zərər görəm?!
– İçsəndə sən su da əgər,
Olmaz ziyan zərrə qədər!
Bu cavabı alan sərxoş
Oldu məmnun, mutlu həm xoş.
Dedi: – Fəqət həmin şeylər
Bir-biri ilə birləşsələr
Çox mükəmməl şərab olur,
Kuzələrə doldurulur.
Söylə mənə axı nədən?
Bunlar birgə yeyiləndən
Sonra bizim mədəmizdə
Bir-biriylə birləşəndə
Sayılmayır heç vaxt haram?
Amma bizim mədəmizdən
Dışarıda birləşdirmək,
Haram olur axı nədən?!
Var izahı deyin görək!
Gülümsəyib həzrət İlyas
Qaşlarını çatıb bir az.
Götürüb bir ovuc torpaq,
O sərxoşa üz tutaraq:
– Bu torpağı sənə atsam,
Bir yerini ağrıdarmı?
Yaralayıb ya qırarmı?
Cavab verdi:
– Xeyir, Xocam!
Üstünə bir ovuc suyu,
Bir az sonra əgər atsam,
Bir yerini ağrıdarmı?
Cavab verdi:
– Yox, qətiyyən!
Mən səni o halda ikən,
Beş dəqiqə günəş altda
Gözlətdirib saxlasam da,
Duyarmısan bir iztirab?
Dərhal sərxoş verdi cavab:
– Duymaram mən, sözüz əlbət.
Davam etdi İlyas həzrət:
– Mən saydığım bu şeyləri;
Torpaq, suyu həm günəşi
Birləşdirib bir-birinə,
Atsam əgər boş kəllənə
Söylə, onda nə olursun?
Eşitcək o, bu sözləri
Başın tutub iki əlli
Başladı tez bağırmağa:
– Vay, vay başım!
Sızlamağa.
– Kərpic atan yox başına,
Başlamısan qışqırmağa!
Sakitləşib sərxoş bir az,
Dedi: – Xocam, həzrət İlyas!
Sən atmadın kərpic amma,
Anlatdığın şey kafama
Kərpicdən bərk danq elədi!
Sanki, məni silkələdi!
Həmin sərxoş həmin gündən,
Tövbə edib cani dildən.
Sərxoşluğu tərk elədi,
Haqq yolunu dərk elədi.
Sona çatdı bu rəvayət,
Hər bir kəsə olsun ibrət!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi varmı?
loading...