Pərişan-pərişan açılar səhər
Bir oğlan bəxtindən gileylik eylər.
Günü axşamacan dözər bir təhər
Qəlbində sübhəcən yatmaz gileylər.
Pərişan-pərişan açılar səhər
Fikirli oyanar yuxudan o qız.
Didər ürəyini yeyər şübhələr
Bu gün də ümidsiz, bu gün də yalqız.
Bir-birin axtarar, bir-birin gəzər
O bir cüt ayrılar dalğın, nigaran.
Ümid soraqlayar pərişan gözlər
Tale soraqalayar pərişan cavan.
Bir gün intizarın buzu əriyər
Hardasa rast salar tale onları
Sevinc ayaq tutub o gün yeriyər
Səadət baş alar günəşə sarı.
Bir oğlan fikirli açar səhəri
“Görəsən eşqimi açım deyimmi?”
Bir qız yata bilməz axşamdan bəri
“Görən o oğlanın qəlbindəyəmmi?”
Kövrək qız qəlbinə məktub nur çilər
Hər axşam toy girər bal yuxusuna.
Oğlanın ümidin axşam elçilər
Ərmağan aparar qız qapısına.
Könlündən “Vağzalı” sədası gələr ,
Bir qız ürəyinin sınar tilsimi.
O qız qonşu evdən qulaq kəsilər
Elçilər “hə” ilə gedənə kimi.
Tarix: 26.12.2014 / 14:29 Müəllif: Aziza Baxılıb: 134 Bölmə: Sevgi şerləri