Sevdiyim...
Yaman yerdə suya düşür yelkənim,
Batır gəmim burulğana, sevdiyim!
Qışqırıram, harayıma gələn yox,
Səsim çatmır heç bir yana, sevdiyim!
Qərq oluram, elə baxma kənardan,
Kəmənd zülfün atıb, çıxar bu dardan.
Ya xilas et məni qanlı sulardan,
Ya özünü sal tufana, sevdiyim!
Nə bacıya, nə qardaşa söylədim,
Nə həmdəmə, nə sirdaşa söylədim,
Dərdimi torpağa, daşa söylədim,
Heç demədim bir insana, sevdiyim!
Qanadlı rüzgardan, uçan küləkdən
Əllərim qoynumda soruşuram mən...
Bir insan varmı ki, səni ürəkdən
Mənim tək anlaya, qana, sevdiyim!
Eşit sorağımı yellər əsəndə-
Nə olar, mən ölsəm gey də, bəzən də.
Bir əlim torpaqda, bir əlim səndə
Ayrılıram yana-yana, sevdiyim!
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri
loading...