Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Ayriliqdan Gucludu Vallah - Baba Veziroglu

Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan burax əlimi,
Sevgi ayrılıqdan güclüdü vallah.

Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü vallah.

Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü vallah.

Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan inan sən mənə,
Sevgi ayrılıqdan güclüdü vallah.

Qorxu intizar var ağlar gözündə
Neçə yalvariş var bircə sözündə.
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü vallah.

Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sagam.
Ölsəm o dünyadan qayıdacagam
Sevgi ayrılıqdan güclüdü vallah.

Göz yaşi əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü vallah.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 164 Bölmə: Sevgi şerləri
loading...