Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar olsun

Bir sevgi bəslərəm ürəyimdə mən,
Sevənlər qoy olsun məhəbbətə tən,
Ona layiq olmaz hər yoldan ötən,
Məhəbbət var olsun,sevgi var olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.

Bütün ayrılıqlar dünəndə qalsın,
Ayrılıq dumanda,qəm çəndə qalsın,
Bülbüllər,nərgizlər çəməndə qalsın,
Sevən aşiqlərə Tanrı yar olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.

Nifrətin daşını gəl ataq burda,
Bütün aşiqlərə gül ataq burda,
Gəl,eşqi sevgilim,oyadaq burda,
Nifrətin yolları boran,qar olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.

Nəğməmi gətirsin ulduzlar,aylar,
Açılan çiçəklər,qaynayan çaylar,
Gətirsin fəsillər,baharlar,yaylar,
Sevginin yolları yaz,bahar olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.

Sevgim nəfəs versin hər ötən izə,
Məhəbbət gətirsin xöşbəxtlik bizə,
Nəğməni söyləyək mavi dənizə,
Sevgimizi duyan dalğalar olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.

Nifrət ilğım kimi,gülüm,itəcək,
Ömür bir qatardır gəlib-gedəcək,
Məhəbbət dünyanı xilas edəcək,
Sevginin yanında nifrət xar olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.

Tanrı aşiqlərə mərhəmət eylər,
Sevgi ayrılığı məzəmmət eylər,
Hörmət eləyənə xalq hörmət eylər,
Daim hörmət olsun,iftixar olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.

Qurbanam dünyada könül sevənə,
Sənsən həyatımda təkcə,birdənə,
Mənim bu canım da qurbandı sənə,
Min canım olsaydı verərdim yenə,
Bircə bu əlimdə ixtiyar olsun,
Sevilib-sevənlər bəxtiyar olsun.


Tarix: 26.12.2014 / 14:00 Müəllif: Aziza Baxılıb: 238 Bölmə: Sevgi şerləri
loading...