Bir damla göz yaşının
yanaq boyu uzanan
yolu qədərdi bu eşq.
Hər gün keçirik bu yolu,
sənin ürəyin ümid,
mənim dilim yalan dolu.
Şeh da deyərdim
bu bir damla göz yaşına,
səhərə qalsaydı.
Dəniz də deyərdim,
axıb ürəyimə dolsaydı…
Gözlərinə yıxılan kədəri
bir damla yaş qaldıra bilməz,
Yanağından yüyürən isti duyğular,
Kirpiklərindən asılan
təzə qayğılar,
Düşdüyün bu qaranlıq dünyada
Bir kibrit çöpü də
yandıra bilməz.
Gözlərində
hər axşamın səhər ümidi əriyir,
Aldanmış bir məhəbbətin
içindən baş alıb
kövrək bir uşaq kimi
ümidinə tərəf yeriyir…
Bu dünyanın
yalanı nə çox,
Açıq qalıb yalanların qapısı.
Saçların qara bir bulud topası,
Hər görüşümüzdə
yağışı bir damla,
Yağış da danışarmış adamla…
Deyir sən demədiklərini,
Axır arzularına uzanan cığırla,
Bir ucu gözlərində,
Bir ucu ürəyimdədir bu cığırın,
Kim bilir,
nə olacaq axırı?!
Ayrılıq,
fikirli, süst kimi,
Hər axşam
bir məhəbbət
yıxılır gözlərindən,
Zirvədən yıxılan
alpinist kimi…
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri