Daha bu yağışa otlar göyərməz,
Daha bu yağışda lalələr sönməz.
Bu yağış buludun yükü deyil ki,
Bu yağış bir simurq tükü deyil ki,
Yandırsan ömür-gün qayıda geri,
İndi ürəyimiz köhnə yurd yeri,
Torpağı nəmlidir,
daşı nəmlidir.
Bir sevgi uçurub son ümid kimi
Torpağı qəmlidir,
daşı qəmlidir...
Sırsıra asılıb gül budağından,
Baharı itirdin,
Yayı ötürdün;
Qış gəldi,
yatmısan fil qulağında...
Beləcə gün keçdi,
Zaman gecikdi,
Gecikdi bu yağış, yaman gecikdi.
Gecikmiş istəyi nədi göylərin,
İndicə buludlar töküləcəkdir.
Ürəyi doludur xatirələrin
Dindirsən
təəssüf hönkürəcəkdir.
Qıvrılıb yatıbdır dolama yollar,-
Boynuna dolanır bir ilan kimi.
Dəymə, qoy uyusun qəmli arzular
Yaxandan tutacaq ayılan kimi...
Bu göz yaşlarıyla,
Bu yalvarışla
Yolların tozunu yatırmaq olmaz.
Küsülü illərin istəklərini
Daha mənzilinə çatdırmaq olmaz.
Yumaz ki, dünəni selləmə yağış,
Bayılmış dünənə çiləmə yağış...
Gecikdi bir arzu,
güman gecikdi,
Gecikdi bu yağış,
yaman gecikdi.
Yaşadıq nigaran, qulağı səsdə,
Ömürdən ötəri cığırlar keçdi.
Bizim ümidimiz axır nəfəsdə
Nə qədər çırpınsa
yenə də heçdir...
Daha oyanışa güman ki, yoxdur,
De, nəyə gərəjdir bu son bəraət,
Səndən ki, məhəbbət uman ki, yoxdur.
O güvəncli dağlar marala qaldı,
O məxmər çəmənlər sarala qaldı...
Vaxtında yağmadı,
nur çiləmədi.
Buludlar qarala-qarala qaldı...
Məni bu günündə soraqlama sən,
Məni dünənində taparsan indi.
Bu günə qədərki kədər mənimki.
Bu gündən sonraki kədər sənindir.
Qovmadın başından,
duman gecikdi.
Gecikdi bu yağış,
Yaman gecikdi...
Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Sevgi şerləri