Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köhne Mektublar

Kohne mektublar -

Xəbər gələr daha ömrün
qışından,
Soyuyursan -
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.
Əyilərsən, götürərsən gizlicə,
boylanarsan -
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi?
Yaddan çıxıb sifəti də, üzü də.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən - qaşı düşər yadına,
Bir hərfdən - gözü düşər
yadına.
O gözlərdən yadigartək
varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini
görərsən.
Diksinərsən, boylanarsan
qapıya;
"o kölgəni arvad-uşaq
gördümü?!"
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini.
Sözlər yanar - kağızı da
yandırar,
Sözlər yanar - o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca -
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu
oddan.
Bir quş olub uça bilməz bu
oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
O qız yanar -
ərşə çıxar tüstüsü,
Kağız yanar -
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən-baxarsan,
O üzüyü götürərsən-baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə
heç.
Sən o qıza haçan üzük
vermisən?
na üzük verməmisən bəlkə
heç.
Arvadın da qəfil girər qapıdan:
- Əlindəki nədi? - deyər.
- Üzükdü.
- O üzüyü nə yaxşı ki tapmısan,
neçə vaxtdı, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar
üzüyü:
- Bunun rəngi niyə belə
qaralıb?
Barmağına güclə salar üzüyü:
- Elə bil ki, bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ
də,
o məktubub külü hələ işarar.
Maddım-maddım durub baxar
arvadın,
o tüstüdən bir cüt gözü yaşarar.
- Heç olmasa pəncərəni aç, -
deyər,-
burda necə oturmusan sən,
necə?!
Bu nə yanıq qoxusudu, ilahi,
elə bil ki, adam yanıb indicə...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 209 Bölmə: Sevgi şerləri
loading...