Deyəsən, çox qaçdım sənin dalınca,
Sənsə vərdiş etdin üz çevirməyə.
Mən günahlarını bağışlayınca,
Daha yaxın oldun rəhmsizliyə.
Sən külək kimisən, ilk sevdiyimdən,
Səmti dəyişmisən, sadəcə indi.
Əvvəl qoparırdın məni yerimdən,
Yıxıb səhralığa gedirsən indi.
Deyəsən, çox qovub, qaçırtdım səni,
Eşqi "qaçdı-tutdu” sandın üzümdən.
Bəlkə də belədir, ya da ki, məni…
Sevirdin, sadəcə qaçdın özündən.
Sən yağış kimisən, ilk sevdiyimdən,
Sadəcə şimşəyin çoxalıb indi.
Daha ilkbahardan müjdə vermədən,
Payız olmağına vaxt çatıb indi.
Deyəsən qovmağım səni çox yordu,
Özüm yorulmadım, tövşümədim də.
Eşqin bir ikinci nəfəsim oldu,
Sənə saxlamadan, çəkdim içimə.
Sən məndən o qədər qaçacaqsan ki,
Axırda yorulub dayanacaqsan.
Və məni gözlərkən, baxacaqsan ki,
Mən ötüb keçirəm sənin yanından...
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 56 Bölmə: Sevgi şerləri