.52.
ət-Tur (Dağ) surəsi
(Məkkədə nazil olmuşdur, 49 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.And olsun2 (Allahın Musa ilə danışdığı) Tur dağına3;
2.And olsun yazılmış kitaba (Tövrata, Qurana, yaxud bütün ilahi kitablara)-
3.Açıq dəri üzərində (olan kitaba);
4.And olsun (mələklərin ibadət etdiyi) Beytülməmura;
5.And olsun yüksək tavana (uca göyə)
6.Və dolub daşan (alovlanan) dənizə ki,
7.Rəbbinin əzabı (ya Peyğəmbər!) mütləq vaqe olacaqdır!
8.Onu heç kəs dəf edə bilməz!
9.O gün göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
10.Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır4.
11.O gün vay (peyğəmbərləri) yalançı hesab edənlərin halına!
12.O kəslər ki, (dünyada) yalana qurşanıb qəflət içində oynayarlar.
13.O gün onlar zorla cəhənnəm oduna sürüklənəcəklər.
14.(Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odudur!
15.(Vəhyə, Qurana sehr dediyiniz kimi) bu damı sehrdir, yoxsa (gözünüz qapanıb onun həqiqət olduğunu) görmürsünüz?
16.Yanın orada5! İstər dözün, istər yox; sizin üçün eynidir (həmişəlik Cəhənnəmdə qalacaqsınız). Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!”
17.Müttəqilər isə, şübhəsiz ki, cənnətlər və nemətlər içində olacaqlar.
18.Rəbbinin onlara əta etdiyi nemətlərdən zövq (ləzzət) alacaqlar. Rəbbi onları cəhənnəm əzabından qorumuşdur.
19.(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz yaxşı əməllərin müqabilində nuşcanlıqla yeyin-için;
20.Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!” Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik6.
21.İman gətirib övladları imanla arxalarınca gedənlərin nəsillərini də7 (Cənnətdə) özlərinə qoşacağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur!
22.Onları istədikləri meyvə və ətlə (bol-bol) təmin edəcəyik.
23.Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xislətində dünyadakından fərqli olaraq) nə lağlağalıq8, nə də günaha təhrik vardır.
24.Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar9.
25.Onlar (dünyada gördükləri işlər barəsində) bir-birindən hal-əhval tutmağa başlayacaqlar.
26.Və (söhbət əsnasında) belə deyəcəklər: “Biz bundan əvvəl (dünyada) ailəmiz içində olarkən (Rəbbimizin əzabından) qorxardıq.
27.Artıq Allah bizə mərhəmət buyurub (minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu.
28.Biz bundan əvvəl (dünyada) Ona ibadət edirdik. Şübhəsiz ki, O, (vədinə sadiq) kərəm sahibidir, rəhm edəndir!”
29.Elə isə10 (ya Peyğəmbər! Sən müşriklərə) öyüd-nəsihət ver. Sən öz Rəbbinin neməti (nübüvvət və islam dini) sayəsində nə kahinsən, nə də divanə!
30.Yoxsa onlar (sənin barəndə): “(O) şairdir. Biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələcək müsibəti (ölüb getməsini) gözləyirik!” -deyirlər.
31.De: “Gözləyin, mən də sizinlə birlikdə (sizin başınıza gələcək müsibəti) gözləyənlərdənəm!”
32.Yoxsa onların puç ağılları bunu (bu cür batil sözləri deməyi) onlara əmr edir? Xeyr, onlar azğın bir qövmdürlər.
33.Yoxsa onlar: “Onu (Quranı) özündən uydurmuşdur!” -deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər.
34.Əgər11 doğru deyirlərsə, qoy onlar bunun (bu Quran) kimi bir kəlam gətirsinlər!
35.Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?!
36.Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar!
37.Yoxsa (ya Peyğəmbər!) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?!
38.Yoxsa12 onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər!
39.Yoxsa13 qızlar Onun (Allahın), oğlanlar isə sizindir?!
40.Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?!
41.Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?)
42.Yoxsa14 (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər15? Amma kafirlər özləri o tələyə düşəcəklər!
43.Yoxsa16 onların Allahdan başqa bir tanrısı vardır? Allah bunların Ona qoşduqları şəriklərdən uzaqdır!
44.Əgər17 onlar göyün bir parçasının (başlarına) düşdüyünü görsələr: “Bulud topasıdır!” - deyərlər (özlərinə əzab gəldiyinə inanmazlar).
45.Elə isə (dəhşətdən) sarsılıb karıxacaqları günə qovuşana qədər sən onları tərk et!
46.O gün18 hiylələri onlara heç bir fayda verməyəcək (Allahın əzabını onlardan dəf edə bilməyəcək) və onlara heç bir kömək olunmayacaqdır.
47.Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!
48.(Ya Peyğəmbər!) Sən öz Rəbbinin hökmünə səbir et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et!
49.Gecənin19 bir vaxtında və ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de! (Gün ərzində vacib və müstəhəb namazları qıl!)
Tarix: 21.11.2012 / 15:20 Müəllif: [Ram] Baxılıb: 1005 Bölmə: Qurani Kerim