Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (ŞƏRHÇİNİN ONLARSIZ KEÇİNƏ BİLMƏYƏCƏYİ QURAN TƏFSİRİ QAYDALARI)

ŞƏRHÇİNİN ONLARSIZ KEÇİNƏ BİLMƏYƏCƏYİ
QURAN TƏFSİRİ QAYDALARI

İsim inkaredici, qadağanedici mətndə, sualda və ya şərti cümlədə qeyri-müəyyən halda işlədildikdə, o, ümumi məna daşıyır və yiyəlik halla müəyyənləşdirilən söz tək sayla işlədildikdə də, o, yenə ümumi məna kəsb edir. Buna nümunələr olduqca çoxdur. Əgər sən, yuxarıda sadaladığımız mətnlərin hər hansı birində qeyri-müəyyən halda olan isimlə və ya tək sayda müəyyən yiyəlik halında müəyyən formada olan isimlə rastlaşsan, ayədən çıxarılan istənilən nəticələri, onun nazil olduğu səbəblə özünü məhdudlaşdırmayaraq, düzgün saya bilərsən, çünki bu halda ayənin nazil edilməsinin konkret səbəbi deyil, onun ümumi mənası əhəmiyyət kəsb edir.
Baş verən və baş verəcək bütün hadisələri və hərəkətləri sən Quranın ümumi məna daşıyan ayələri ilə müqayisə etməlisən və məhz onda sənə aydın olacaq ki, Quran mövcud olan hər şeyi izah edir. Hər hansı bir hadisənin hər hansı bir şəraitdə baş verməsinə baxmayaraq, Quranda onların izahı və şərhi hökmən tapılacaqdır.
Təfsirin əsas müddəalarına həmçinin aid olan törəmə sözlərin və ya əşya qruplarının qabağında müəyyən artikllərin qoyulmasıdır. Belə ayə özündə hər hansı mümkün ola bilən mənanı ifadə edir.
Ümumi anlayışlara aid olanlar – Quranın Tək Allaha imanı təbliğ etməsində və Onun adları, sifətləri və əməlləri vasitəsilə dərk etməyə yardım göstərməsindədir. Bütün bunlar sübut edir ki, Allah – Vahid Rəbdir və kamil sifətlərə malik olan misilsiz Hökmdardır. Müqəddəs Qurana uyğun olaraq Allah və Ona ibadət haqdır, amma qalan digər tanrıçalara ibadət yalan və faydasızdır. Bununla əlaqədar olaraq, Quran Allahdan başqa ibadət olunanların hərtərəfli qüsur və çatışmazlıqlarını üzə çıxardır.
Quran həm də Muhəmməd Peyğəmbərin (s.ə.s.) gətirdiyi hər şeyin gerçəkliyini və doğruluğunu xüsusilə vurğulayır və həmin biliklərin mükəmməlliyini və düzgünlüyünü, onun hekayətlərinin həqiqiliyini və hökmlərinin gözəlliyini izah edir. Quran, Allahın Elçisinə (s.ə.s.) xas olan bəşər kamilliyini göstərir. Ona qədər yaşayanlardan belə yüksəkliyi qazanmaq heç kimə nəsib olmamışdı və ondan sonra dünyaya gələnlərə də nəsib olmayacaqdır. Quran bütün kafirlərə meydan oxuyur və onlara, əgər onlar doğru danışanlardırsa, bu Kitaba bənzər bir şey yazmalarını təklif edir.
Elçinin (s.ə.s.) doğruçuluğu Allahın şəhadəti ilə təsdiq olunur ki, bunlar da Onun sözlərində, əməllərində və Peyğəmbərinin (s.ə.s.) hərəkətlərini bəyənməsində öz əksini tapır. Allah onun (s.ə.s.) doğruçuluğunu sübut və dəlilləri ilə və habelə ona göstərdiyi köməklə və bəxş etdiyi qələbə ilə təsdiq etmişdir. Bu, qərəzsiz üləmalar tərəfindən də təsdiq edilir. Quran bu barədə xəbər verərək, onun gətirdiyi həqiqi hekayətləri və hökmlərini, onu yalançı adlandıran düşmənlərinin yalançı nağılları və qüsurlu qanunları ilə müqayisə edir. Bunlar da onun (s.ə.s.) göstərdiyi müxtəlif səpkili möcüzələrlə öz təsdiqini tapır.
Allah dirilmənin həqiqiliyini izah edərkən, Özünün kamil qüdrəti ilə göyləri və yeri yaratmasını xatırladır. Axı onları yaratmaq, həqiqətən, insanı yaratmaqdan daha mürəkkəbdir. O, bunu həm də onunla izah edir ki, məxluqu yaradan, onu, xüsusi zəhmət çəkmədən bir daha təkrar yaratmağa qadirdir, cansız yerə həyat verən, ölü insanları diriltməyə də qadirdir. Allah xatırladır ki, müxtəlif xalqlar elə bu dünyada ikən ibrətamiz cəzalara layiq görülmüşdülər, çünki bu, Axirət dünyasında veriləcək əvəzin necə olacağı nümunəsi idi.
Allah dinin üstünlüyünü xatırladaraq bütün yalan tərəfdarlarını, kafirləri, bütpərəstləri və allahsızları iman gətirməyə çağırır və bəyan edir ki, din düzgün baxışlar, nəcib əxlaq və saleh əməllər öyrədir. Bu məqsəd üçün O, Özünün əzəmətindən, hökmranlığından bəhs edir və Özünün böyük mərhəmətini yada salır və bildirir ki, əgər O, Təklikdə mütləq kamilliyə malikdirsə və Öz qullarını lütfü ilə mükafatlandırırsa, onda, Ondan başqa heç kim qullarının ibadətinə layiq deyil. Yalan tərəfdarlarına gəldikdə isə, öyrənilməsi və nəzərdən keçirilməsi zamanı onların baxışlarının islahedilməz, qüsurlu olması və nəticələrinin isə dəhşətli mahiyyəti üzə çıxır.
Təfsirin əsas müddəalarına həm də sənin gözəl ayələrin mənalarını onların uyğunluğuna və məzmunlarına görə aydınlaşdırdıqların da daxildir və sən bilməlisən ki, bu mənalardan məcburi nəticələr, onların məcburi əlavələri, onların şərtləri və onların nəticələri bu mənalarla bərabər nəzərdən keçirilməlidir. Əgər hekayət əlavələrsiz bitmiş alınmırsa, onda o, onlarla birlikdə baxılmalıdır. Əgər hökm əlavəsiz bitkin hesab olunmursa, onda o da bu hökmlə birlikdə gözdən keçirilməlidir.
Bilmək yerinə düşərdi ki, əgər bəzi ayələr ziddiyyətli və bir-biri ilə uyuşmayan kimi görünsə də, əslində onların arasında heç bir təzad yoxdur. Əksinə, onları bir-biri ilə müvafiq qaydada müqayisə etmək lazımdır. Həm də bilmək vacibdir ki, əlavələrin və digər asılı sözlərin buraxılması ayənin ümumi məna daşıdığını göstərir. Bu, bəzi sözlərin buraxılmasının böyük hikmətlərdən biri olmasını bildirir. Lakin sözlərin mətndən irəli gəlməyən buraxılışı yolverilməzdir. Bir də bilmək lazımdır ki, əgər hökmlər müəyyən şərtlər və şəraitlə konkretləşdirilmişdirsə, onda bu konkret şərtlər hökmün qüvvəyə minməsi üçün zəruridir.
Hər hansı bir hökm onun əksinin həyata keçirilməsinin qadağan olunduğunu və hər hansı qadağa da(Qadağa, qadağan edilənə zidd olan hərəkətin (əməlin) icrasını nəzərdə tutur. F.S. ) zidd olan bir hərəkətin icrasına verilmiş hökmü nəzərdə tutur. Əgər Allah Özünü tərifləyərək, Onda hər hansı bir çatışmazlığın olmasını inkar edirsə, bu o deməkdir ki, O, həmin əskikliklərə zidd olan kamil keyfiyyətləri təsdiq edir. Əgər O, Öz elçilərini və ya əməlisaleh dostlarını tərifləyərək, onlarda hər hansı bir çatışmazlığın olmasını inkar edirsə, bu o deməkdir ki, onlar bu çatışmazlığa zidd olan tərifəlayiq keyfiyyətlərə malikdirlər. Beləliklə də, Cənnətdə qüsurların olmasının inkar edilməsi, ona tamamilə əks keyfiyyətlərin xas olmasını sübut edir.
Ümumi məfhumlara aid olanlar sırasına həmçinin haqqın izah edilməsi və aydınlaşdırılması daxildir. Çünki bu halda, yəni izah edilmiş və aydın olanın barəsində elmi mübahisələrdə yenidən höcətləşmək, ona etiraz etmək qətiyyən yolverilməzdir. Əslində, ona qarşı istənilən müqavimət əbəsdir və istənilən mübahisələr faydasızdır.
Quranın rədd etdiyi hər hansı məfhum ya mövcud olmayandır, ya da mövcudluğuna baxmayaraq, heç bir fayda verməyəndir. Şübhəli ehtimallar aydın biliklərə qarşı dura bilməz, naməlum hallar isə təsdiq olunmuş faktlara qarşı güc gələ bilməz və haqqa aid olmayan nə varsa – yanlışlıqdır.
Allah Quran ayələrinin çoxunda iman və saleh əməllər haqqında bəhs edir və onları bu dünyada və Axirətdə veriləcək əvəzlə əlaqələndirərək, onların çoxsaylı xeyirli nəticələri barədə xəbər verir. İman adı altında Allahın və Onun Elçisinin (s.ə.s.) inanılmasına hökm verdikləri və əməllərlə təsdiq olunan hər şeyə möhkəm əminlik nəzərdə tutulur. Əməlisaleh əməllər dedikdə isə Allahın və Onun qullarının qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi başa düşülür. Allah təqvalı olmağı əmr etmiş, təqvalı qullarını tərifləmiş və nemətlər əldə edilməsini və xoşagəlməzliklərdən xilas olunmağı bu keyfiyyətlə əlaqələndirmişdir. Ən kamil təqvalılıq Allahın hökmlərinin və Onun Elçisinin (s.ə.s.) əmrlərinin yerinə yetirilməsi, onların qadağanlarından qaçınılması və onların sözlərinin doğruluğuna iman gətirilməsidir.
Əgər Allah eyni zamanda həm təqvalılığı və həm də xeyirxahlığı xatırlayırsa, onda təqvalılıq adı altında hər hansı itaətsizlikdən çəkinmək, xeyirxahlıq adı altında isə saleh əməlləri yerinə yetirilmək ehtiva edilir. Bu anlayışlar ayrı-ayrılıqda işləndikdə isə, onların hər biri digərini özündə əks etdirir.
Allah Quranın çox yerində doğru yol tərəfdarı olmağın zəruriyyətini qeyd edir və belələrini tərifləyir. O, xəbər verir ki, məxluqlarını düzgün yola yönəltmək haqqı təkcə Ona məxsusdur və bizə əmr edir ki, Ondan bizi bu yola yönəltməsini diləyək və bu məqsədə nail olmağa səbəb olan bütün əməlləri yerinə yetirək. Bütün bunlar düzgün biliklər əldə etmək və saleh əməllər həyata keçirmək vasitəsilə doğru yolla getməyə aiddir. Ancaq doğru yolla gedənlər, haqqı tanıyanlar ona uyğun olaraq davranırlar. Bunun əksi isə aldanmaq və yoldan azmaqdır. Həqiqəti bilərək, ona uyğun hərəkət etməyən – aldanmışdır, həqiqəti bilməyərək hərəkət edən isə azmışdır.
Allah yaxşı işlər görməyi əmr edir və xeyirxah qullarını tərifləyir. Onların mükafatlandırılacağı ayələrin çoxunda bildirilir. Xeyirxah o şəxsdir ki, o, Allaha, sanki Onu görürmüş kimi ibadət edir, çünki əgər hətta o, Onu görmürsə də, O, onu görür. Bundan başqa, xeyirxah insan əlindən gələn hər şeyi ona görə edir ki, yaradılmışlara maddi və fiziki fayda verə və həmçinin sözlə kömək edə bilsin.
Allah səhvləri düzəltməyi əmr etmiş, belə davrananları tərifləmiş və bildirmişdir ki, O, onların mükafatlarının itməsinə yol verməyəcəkdir. Səhvlərin düzəldilməsi dedikdə insanların baxışlarının, əxlağının və əməllərinin islah edilməsi düşünülür ki, onlar möminliyin ən yüksək səviyyəsinə nail ola bilsinlər. Bu ad altında həmçinin insanların ruhani və dünyəvi həyatının qaydaya salınması, ayrı-ayrı insanların və ümumiyyətlə cəmiyyətin islah edilməsi nəzərdə tutulur. Bunun tam əksi fasiqliyi yaymaqdır. Allah onun yayılmasını qadağan etmişdir və onu yayanları qınayaraq, onlar üçün hazırlanmış çoxsaylı cəza növləri haqqında xəbər verir. O, həm də bildirir ki, belə adamların dini və dünyəvi həyatı ilə bağlı əməllərini islah etmir.
Allah əqidəli olmağın üstünlüyünü xüsusilə qeyd edir, etiqad sahibi olan insanları tərifləyir və bildirir ki, məhz onlar Quran ayələrindən və kainatdakı möcüzələrdən faydalanırlar. Etiqad - bilik formalarından biridir. O, meyvələri əməllər və inam olan mükəmməl bilikdən ibarətdir.
Allah səbirliliyi əmr edir və səbirli qullarını tərifləyir. Onların bu dünyada və Axirət aləmində mükafatlandırılacağı bir çox ayələrdə xatırlanır. Bu barədə, təxminən, doxsan yerdə qeyd olunmuşdur. Səbirliliyin üç forması vardır: Allaha səbirlə itaət və Onun hökmlərini kamilliklə hərtərəfli yerinə yetirmək; səbirlə günahlardan çəkinmək və pislik etməyə can atan nəfsini itaətsizlik göstərməkdən saxlamaq və taleyin dəyişkənliklərini səbirlə və mütiliklə qarşılayıb dözümlülük göstərərək, nə dili, nə qəlbi və nə də bədəni ilə narazılıq bildirməmək.
Allah minnətdarlıq etməyin üstünlüyünü vurğulayaraq, minnətdar qullarının mükafatlandırılacağını xəbər verir. O bildirir ki, onlar həm bu dünyada və həm də Axirətdə ən ləyaqətli məxluqlardır. Minnətdarlıq dedikdə, Allahın bütün nemətlərini etiraf etmək, onlara görə və onlardan Allah xatirinə istifadə üçün Ona həmd və şükür etmək, təriflər söyləmək nəzərdə tutulur.
Allah bir çox yerdə qorxu və vahimədən bəhs edir və əmr edir ki, Ondan qorxsunlar və bu keyfiyyətə malik olanları tərifləyir. O, Ondan qorxanları mükafatlandıracağını bildirir və qeyd edir ki, məhz təqva sahibləri Onun ayələrindən faydalı nəticələr çıxarır və qadağan etdiklərindən uzaq dururlar. Allahdan qorxmanın mahiyyəti qulun Allahın qarşısında dayanacağı anın və Onun əzəmətinin təhlükəsindən ibarətdir və bu qorxu hissi onu Onun qadağan etdiyi hər şeydən çəkindirir.
Ümid kəlməsinə gəldikdə isə, bu məfhumla sözün geniş mənasında Allahın mərhəmətinə və Onun qullarına yönəltdiyi xüsusi lütfkarlığına inam bəsləmək nəzərdə tutulur. İnsan ümid etməlidir ki, onun, Allahın mərhəməti sayəsində yerinə yetirdiyi xeyirxah əməllərini Allah ondan qəbul edəcək və tövbə etdiyi günahlarını da bağışlayacaqdır. O, öz ümidlərini bütün hallarda Rəbbi ilə bağlamalıdır.
Bir çox yerlərdə Allah Ona dua müraciət etmənin zəruriliyini də xatırladaraq, belə edənləri tərifləyir. Bütün hallarda, əgər insanın qəlbi Allaha can atırsa, o, gerçəkdən də Ona müraciət edir. Əgər insana sevinc nəsib olursa, o, Allaha üz tutaraq öz minnətdarlığını bildirir. Onun qismətinə bədbəxtlik düşdükdə, o, Rəbbinin qarşısında taleyinə boyun əyir. O, ehtiyac duyduqda tez-tez Ona dua edir. İnsan, hər an Allahı xatırlayaraq, Ona müraciət edir.
Allaha müraciət adı altında bütün günahlardan tövbə edilməsi və bütün əməllərin və düşüncələrin vasitəsilə Ona can atılması başa düşülür. Bunun üçün bütün əməlləri və sözləri Allahın Kitabı və Onun Elçisinin (s.ə.s.) Sünnəsi müqayisə etmək və onları İslam şəriətinin meyarı etmək lazımdır.
Uca Allah səmimiliyi əmr edir, səmimi qullarını tərifləyir və bildirir ki, O, ancaq Onun xatirinə səmimiyyətlə yerinə yetirilmiş əməlləri qəbul edir. Səmimiyyət o zaman təbii olur ki, qul etdiyi əməlləri ancaq təkcə Allahın razılığını qazanmaq və mükafatına layiq görülmək üçün etmiş olsun. Bunun tam əksi, özünü gözə soxmaq, şöhrətpərəstlik və mənfəət güdülən məqsədlər xatirinə görülən işlərdir.
Allah təkəbbürlük göstərməyi qadağan etmişdir və, onu ifşa edərək, təşəxxüs satan dikbaş adamları qınayır. O, onların həm bu həyatda və həm də ölümdən sonra cəzalandırılacağını xəbər verir. Təkəbbürlülük, haqdan boyun qaçırmaq və məxluqlara etinasızlıqla yanaşmaq deməkdir. Bunun tam əksi – təvazökarlıq və itaətkarlıqdır. Allah təvazökar və müti olmağı buyurur, bu keyfiyyətlərə malik olanları tərifləyir və onları mükafatlandıracağını bildirir. İtaətkar qul haqqı təbliğ edənlərin hamısından onu qəbul edir və başqa yaradılmışlara nifrət bəsləmir. Əksinə, o, onların üstünlüklərini etiraf edir və özü üçün istədiyini onlara da arzu edir.
Ədalətlilik dedikdə, Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirmək nəzərdə tutulur. Onun əksi, ədalətsizlikdir. Bu anlayış – qulun özünün özünə günah işlətmək vasitəsilə ədalətsizlik etməsini, Allaha şərik qoşmasını və digər qulların həyatına, malına və namusuna təcavüz etməsini əks etdirir.
Doğruçuluq – insanın daxili aləmi ilə zahiri davranışının eyni dərəcədə hidayət yoluna sadiq qalmasıdır. Bunun əksi, yalançılıqdır.
Allahın hədləri dedikdə, Onun qadağaları nəzərdə tutulur ki, bunlar da Uca Allahın aşağıdakı buyruğunda öz əksini tapmışdır: “...Bunlar Allahın sərhədləridir, onlara yaxınlaşmayın!...” (Bəqərə, 2/187). Bəzən, bu ad altında Allahın yol və icazə verdikləri, müəyyənləşdirdiyi və əmr etdikləri nəzərdə tutulur. Bu məna aşağıdakı ayədə öz əksini tapmışdır: “...Bunlar Allahın hüdudlarıdır, onları aşmayın!...” (Bəqərə, 2/229).
Sədaqət məfhumu altında – qula saxlamağa etibar edilən bütün şeylər nəzərdə tutulur. Bu anlayış, özündə Allah qarşısında, xüsusilə, insanların nəzərindən gizlədilən, vəzifələrin və həmçinin Onun məxluqları qarşısında vəzifələrin yerinə yetirilməsini əks etdirir.
Müdriklik və səbatlılıq adı altında layiqincə yerinə yetirilən müvafiq əməllər başa düşülür.
İsrafçılıq və bədxərclik – vəsaitlərin həddən ziyadə sərf edilməsidir. Bunu əksi xəsislik və simiclikdir. Bu keyfiyyətlər maddi məsuliyyət daşımaqdan boyun qaçırmağa dəlalət edir.
Bəyənilən dedikdə, şəriətin və idrakın gözəl və faydalı saydığı şeylər nəzərdə tutulur. Onun əksi qınanılandır.
Doğru yolla getmək dedikdə, dönmədən Allaha və Onun Elçisinə (s.ə.s.) itaət etmək nəzərdə tutulur.
Qəlb xəstəliyi iki cürdür: haqqa şübhə etmək və haramlara coşqunluqla can atmaq.
İkiüzlülük – özünü gözə soxmaq üçün nümayişkərana yaxşılıq etmək və şər əməli gizlətməkdir.
Quran bütövlükdə Aydın Kitabdır. Onun ayələri elə izah edilmişdir ki, onlar hamısı hikmətə uyğun, onlardakı hekayətlər ən yüksək dərəcədə doğru və onlardakı hökmlər ən ali səviyyədə gözəldir. Quran ayələri hamısı bəlağətli və gözəl olmaq baxımından bir-birinə oxşayır, bir-birini təsdiq edir və ən kamil tərzdə bir-birinə uyğun gəlir.
Eyni zamanda bəzi ayələr mənaca aydın olduğu halda, digərləri mütəşabehdir(Mütəşabeh - Müqəddəs Quranda mənası qapalı olan, bir çox mənalar verə bilən, təfsirində çətinlik çəkilən ayə və sözlərə deyilir. Qiyamətin təsviri, Cənnət nemətləri, Cəhənnəm əzabı və s. haqqındakı ayələrin ifadələri mütəşabehdir. Tərc. F.S. ) )
Mütəşabeh ayələr ümumi məna kəsb edə və ya mümkün olan təfsirlərdən ancaq birinə müvafiq gələ bilər. Aydın ifadə edilmiş ayələr tamamilə açıq və anlaşıqlı mənaya malik olur. Onları mütəşabeh ayələrlə müqayisə etdikdə, aralarında heç bir ziddiyyət yaranmır və onların əsil mənası aydınlaşır.
Quranda qeyd edilmiş Allahın məxluqlarının yanında olması iki növdür. Birinci növə aid – Onun mütləq elmi və məlumatlılığı ilə nail olunan ümumi olmadır. O, Öz qullarının harada olmasından asılı olmayaraq, onların yanındadır. İkinci növ isə, xüsusi olmaya aiddir. Bu zaman Allah Öz hüzuru ilə seçilmiş məxluqlarına kömək edir, mərhəmət göstərir və onları qoruyur.
Namaz və dua ibadət məqsədi ilə yerinə yetirilən ayinlərdir. Allahın və Onun Elçisinin (s.ə.s.) buyurduğu bütün ibadət ayinləri onların gerçəkləşdirilməsi vasitəsi ilə həyata keçirilir. Bu ayinlərə həmçinin xeyir əldə etmək və şərdən xilas olmaq üçün edilən dualar da daxildir.
Xeyirli ifadəsi altında hər cür gözəl və faydalı olan, o cümlədən, dini etiqad, əxlaq prinsipləri, əməllər, yeməklər, içkilər və ya qazanılmış var-dövlət nəzərdə tutulur. Bunun ziddi – pisdir. Bəzən pis sözü ilə hər cür yaramaz şeylər, xeyirli sözü ilə bütün yaxşı şeylər ifadə edilir. Həmin mənada bu söz aşağıdakı ayədə istifadə edilmişdir: “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın...” (Bəqərə, 2/267).
İanələr və məsrəflər adı altında həm məcburi xərclər, məsələn, zəkat, fidyə, maddi cəhətdən özünü təmin etmə, ailəni və qulları saxlamaq üçün xərclər və həm də nafilə xərclər, məsələn, istənilən xeyriyyə məqsədləri üçün çəkilən xərclər nəzərdə tutulur.
Allah buyurur ki, Ona təvəkkül edilsin və Ondan yardım dilənsin. Allaha təvəkkül edən qulların ünvanına tərif edilməsinə bir çox yerlərdə rast gəlmək mümkündür. Təvəkkülün mahiyyəti ondan ibarətdir ki, insan bütün varlığı ilə Allahın ona xeyir bəxş edəcəyinə və onu bütün dini və dünyəvi işlərində şərdən qoruyacağına ümid bəsləyir və qarşıya qoyduğu məqsədə nail olacağına möhkəm inanır.
Allah ağılın üstünlüyünü xüsusilə qeyd edir, dərrakəli insanları tərifləyir və bildirir ki, məhz onlar Onun ayələrindən ibrət alırlar. Ağıl insana, ona fayda verə biləcək haqqı dərk etməkdə kömək edir və insan da ona uyğun olaraq davranır. O, zərər verən hər şeydən çəkinməyə kömək edir. Ağılı “hicr” (“maneə olmaq” felindən törəmədir), “lubb” (“fərasətli olmaq” felindən törəmədir), “nuha” (“qadağan etmək” felindən törəmədir) sözləri ilə adlandırırlar. Bunun səbəbi isə ondan ibarətdir ki, ağıl insanı ona zərər vura bilən şeylərdən saxlayır.
Bilik doğru yol haqqında sübut və dəlillərlə təsdiq olunmuş məlumatlılıq adlandırılır. O, faydalı biliklərdən və zəruri məsələlərdən, onların dəlillərini və onlara aparan yolları bilməkdən ibarətdir. Faydalı olan - həqiqət haqqında bilik və ona uyğun əməllərin həyata keçirilməsidir. Onun əksi – cahillik, nadanlıqdır.
Ərəb sözü olan “ümmə” Quranda dörd mənada işlədilir. Çox vaxt o söz “insanı qrupunu”, bəzən isə, “ara vaxt”, “din”, “yaxşı işlərdə təqlid ediləsi nümunə” mənalarını ifadə edir.
Ərəb feli “istəvə” Quranda üç mənada işlədilir. Əgər ondan sonra yüksək vəziyyət bildirən ön şəkilçi qoyulursa, o, “ucalmaq”, “qalxmaq” mənalarını bildirir. Bu mənada o, Uca Allahın bu ayəsində işlədilmişdir: “Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır...” (Əraf, 7/54).
Əgər ondan sonra istiqamət bildirən ön şəkilçi qoyulursa, onda o, “yönəlmək”, “üz tutmaq”, “dönmək” və s. mənalar bildirir. Həmin söz bu mənada aşağıdakı ayədə keçir: “Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur” (Bəqərə, 2/29).
Əgər ondan sonra ön şəkilçi yoxdursa, ona o, “kamilliyə çatmaq” mənasını bildirir. Həmin mənada o, aşağıdakı ayədə işlədilmişdir: “Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik...” (Qəsəs, 28/14).
Allah çox ayələrdə tövbə etməyi buyurur və tövbə edən qullarını tərifləyərək, onların mükafatlandırılacağını bildirir. Tövbə adı altında Allahın nifrət etdiyi şeylərdən qəlbən və cismən çəkinməyi, qəlbən və cismən Onun sevdiyi şeylərə dönməyi nəzərdə tutulur.
Allah düz yolla getməyi əmr edir və bu düz yolla gedənləri tərifləyir. Bu ifadənin altında Onun iltifatını və Ondan mükafat qazanmağa aparan yol nəzərdə tutulmuşdur. Bu yol Muhəmməd Peyğəmbərin (s.ə.s.) sözlərinə, əməllərinə və bütün işlərinə istinad edən yoldur.
Allah Onu zikr etməyi buyurmuşdur və bunu edənləri tərifləyərək, onların həm bu dünyada və həm də öləndən sonra mükafatlandırılacağını xəbər verir. Allahı xatırlamaq adı altında sözün ən geniş mənasında qulu Allaha yaxınlaşdıran hər nə varsa, o cümlədən, dini baxışlar, faydalı düşüncələr, gözəl əxlaqi keyfiyyətlər, qəlblə və canla edilən əməllər, Allaha edilən təriflər, əsas və ikinci dərəcəli şəriət hökmlərinin öyrənilməsi və bu məqsədlərə çatmağa kömək edən nə varsa nəzərdə tutulur. Bütün bunlar Allahın zikr edilməsi sayılır.


Tarix: 20.04.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1055 Bölmə: Quran Haqqında
loading...