Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANIN KİTABLAŞMASI

İyirmi üç illik tətbiq müddəti içində tədricən endirilən Quran vəhyi, bir tərəfdən müxatib qəbul etdiyi toplumun ehtiyaclarına cavab verərkən digər tərəfdən də, o toplumdan sonsuzluq aləminə uzanan həyat yolunda fərdin və ictimaiyyətin möhtac olduğu universal prinsipləri qoymuşdur. Başqa sözlə o, öncəki vəhy muhtəvalarının [1] bir davamı olaraq həm hal və istiqbalı ehtiva etməkdə, həm də insanı bir bütün olaraq ələ alıb ona istiqamət verməkdədir. Ən son məqsədi Allahın iradəsi istiqamətində insanları islah etmək olan Quran, öz təlimatlarını, əmr və qadağalarını bəyan etmək üçün toplumun, daha geniş mənada mühitin dəyər və davranış formalarını, inanc əsaslarını və toplumda meydana gələn ixtilaf və problemləri də nəzərə almışdır [2]. Bütün bunlardan sonra deyə bilərik ki, Quran, nə onun enişinə şahidlik etmiş toplumun adət-ənənəsi, yaşayışı, zehni alışqanlıq və idrak formalarının, nə də onu təbliğ edən şəxsin həyatının bir təzahürü və onlar tərəfindən istiqamətləndirilmiş idarə olunan bir vəhy muhtəvasıdır. O, fərdi və ictimai düşüncə alışqanlıqlarının ilk alışdırma vəsaiti olaraq sonsuz ölçüləri və imkanları ehtiva edən əxlaqi, etiqadı, ictimai, siyasi və ədəbi prinsipləri ağuşuna alan və onları təhlil edən ilahi bir qaynaqdır. [3]

Məhz bu ilahi qaynaq, Həzrəti Peyğəmbərə nazil edildiyi andan etibarən həm hafizə, həm də yazı yolu ilə təsbit edilməyə başlanmışdır. Çünki Həzrəti Peyğəmbərin əsl vəzifəsi vəhy yolu ilə gələn Allahın əmr və qadağalarını insanlara təbliğ etməklə yanaşı həm də gələcək nəsillərə ötürülməsini təmin etmək məqsədi ilə onları qoruna biləcək bir hala gətirmək idi. Buna görə də Allah Rəsulu, bir tərəfdən təbliğ vəzifəsini yerinə yetirərkən, digər tərəfdən də səhabələri Quranı oxumağa və əzbərləməyə təşviq edirdi. [4]

Müsəlmanlar əsasən yeni bir dinə girmənin gətirdiyi həyəcan və imanla Quran mətnini əzbərləyir və onu gecə-gündüz oxuyurdular. Ancaq Həzrəti Peyğəmbər, Quran vəhyinin sadəcə əzbərlənməsini yetərli hesab etmirdi. Çünki hafizə daima unutqanlıq xəstəliyi ilə qarşı-qarşıya olduğu üçün onu nə qədər çox insan əzbərləyərsə əzbərləsin bir müddət sonra yanılar, unudar, qarışdırar və ya xəta edə bilərdi. Məhz buna görə Həzrəti Peyğəmbər, əshabını Quranı əzbərləməyə təşviq etməklə yanaşı, onun yazıya köçürülməsini də əmr edirdi. [5] Qaynaqların qeyd etdiyinə görə Həzrəti Peyğəmbər tərəfindən vəhy katiblərinə diqtə etdirilən Quran mətnləri, şəxsən Allah Rəsulu tərəfindən təshih edildikdən sonra Həzrəti Peyğəmbərin evində mühafizə edilirdi. [6] Belə ki, Quranın toplanması ərəfəsində Həzrəti Əbu Bəkrin Rəsulallahın [s.a.s] evində çox sayda yazılı mətn tapıb [7] bunları iplərlə bir-birinə bağlayaraq topladığını göstərən rəvayət [8] də bunu dəstəkləyir [9].

Əvvəldə də qeyd etdiyimiz kimi Rəsulallah [s.a.s] hər gələn vəhy mətnini əvvəlcə vəhy katiblərinə qeyd etdirmiş, sonra da əshabına oxumuş və oxutdurmuşdur. Onun Quranın yazılması və qiraəti ilə bağlı fəaliyyəti bütün Quran vəhiylərini ehtiva edir. Buna baxmayaraq Həzrəti Peyğəmbərin dövründə Quranın kitab formasına salınmaması həqiqətən də insanı düşündürür. Ancaq bunun da bir çox səbəbləri olduğunu bilirik. Birincisi, Rəsulallahın [s.a.s] dövründə buna ehtiyac duyulmamışdı. Çünki «əminu’l-vəhy» [vəhyin təminatçısı] olan şəxs həyatda idi, buna görə də Quranın hər hansı bir şəkildə zərər görməsi, eləcə də itmək təhlükəsindən söz belə gedə bilməzdi. İkincisi, son nazil olan ayə ilə Həzrəti Peyğəmbərin vəfatı arasında keçən müddət bir rəvayətə görə 81 gün, bir çoxlarının qənaətinə görə isə 9 gecədir. Göründüyü kimi hər iki müddətin də Quranın toplanmasına kifayət etməyəcəyi açıq-aydındır [10]. Üçüncüsü, Quran bir dəfədə bütünlüklə enməyib, müxtəlif səbəblər üzərinə, dəyişik zamanlarda nazil olurdu. Həzrəti Peyğəmbər [s.a.s] də vəhyin nə zaman kəsiləcəyini tam olaraq bilmirdi. Əlbəttə ki, bütün bunlara görə də Quranı iki qapaq arasına toplamaqdan söz belə gedə bilməzdi. [11] Başqa sözlə desək bütün bu səbəbləri nəzərə aldıqda Rəsulallahın [s.a.s] yaşadığı dövrdə Quranın bir kitab formasına gətirilmədiyinin səbəbi asanca başa düşülür. Burada əsasən bunu da söyləmək mümkündür: Rəsulallah [s.a.s] bəzi mövzuları həll etməyi əshabın ixtiyarına buraxmışdı. Çünki onlar Allah Rəsulunun [s.a.s] nəzarətində yetişmiş və məlum kamilliyə çatmışdılar. Artıq Həzrəti Peyğəmbər [s.a.s] aralarında olmadan da bir araya gəlib İslamı və Quranı mövzularda bəzi qərarlar verə bilirdilər.

Nəticə olaraq bu qənaətə gəlirik ki, Həzrəti Peyğəmbərin [s.a.s] dövründə Quranı kitab formasında toplamaq mümkün olmamışsa da, tilavətdən [12] toplamaq tam və mükəmməl bir şəkildə həyata keçirilmişdir. [13] Bildiyimiz kimi, Quranın kitab formasında toplanması Həzrəti Peyğəmbərin vəfatından sonra xəlifəliyə seçilən Həzrəti Əbu Bəkr dövründə həyata keçirilmişdir. Həzrəti Peyğəmbərin yazdırmış olduğu səhifələrin olmasına baxmayaraq Həzrəti Əbu Bəkri belə bir fəaliyyətə sövq edən bir çox amillər var idi.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, Peyğəmbərimizin mübarək varlığı bir çox hallarda olduğu kimi Quranın mətninə mərci [qaynaq] olma barəsində də tək başına bir zəmanət idi. Ancaq Allah Rəsulu Həzrəti Məhəmməddən sonra gələn xəlifənin belə bir xüsusiyyəti olmadığından o, dağınıq haldakı Quran səhifələrini iki qapaq arasında toplayıb bir Mushaf [14] halına gətirməyə məcbur idi. Çünki toplanacaq bu Mushafın artıq bundan sonra əsas qaynaq və təminat olması vacib idi. [15]
Həzrəti Əbu Bəkr Mushafı, əsasən Həzrəti Peyğəmbərin vəhy katiblərinə yazdırmış olduğu mövcud səhifələrdən,- mümkün olduğu qədər,- istinsah [16] etdirə bilirdi. Amma bu şəkildə hərəkət etmənin bir çox qorxulu tərəfləri var idi. Yəni müsəlmanlar arasında daha sonra ortaya çıxması labüd olan bir çox vəziyyəti nəzərə almaq vacib idi. Çünki Quranın tam və natamam olan xüsusi nüsxələrində xırda-para istinsah xətalarının olması mümkün idi. Quranın bəzi parçaları yazılı olaraq çox az adamda olduğundan bir müddət sonra onlar da itə bilərdi. Həm də az da olsa tilavətdən nəsh [17] edilən ayələr var idi ki, bunları bilənlərlə bərabər bilməyənlərin də olması ehtimalı var idi. Buna görə də əldə olan mətni bir tərəfdən əshabda olan nüsxələrlə və onların hafizələrində olanlarla tutuşduraraq, digər tərəfdən də fərdi xətaları düzəldərək, nəticədə ümmətin ittifaq etdiyi «İmam Mushaf»a rəsmi bir vəsiqə qazandırmaq lazım idi. [18]

Bütün bu görünməyən səbəblər yanında xüsusən bir səbəb də vardır ki, o da Həzrəti Əbu Bəkr zamanında olan Yəmamə savaşında Quranı üsuluna görə oxuya bilən bir çox səhabənin şəhid edilməsi idi. Bu hadisə gələcəkdə Qurana yönələn ən böyük təhlükənin siqnalı idi. Məhz bu mümkün təhlükəni səhabə arasında ilk dəfə sezən də Həzrəti Ömər olmuşdu. Ona görə Yəmamə savaşından sonra ortaya çıxacaq bənzər bir savaşda eyni qorxunc nəticənin meydana çıxması, hər bir ayəsi yazılı olmasına rəğmən bir araya toplanılmayan Quran mətninə ciddi şəkildə zərər verə bilərdi. Bu səbəbdən də Həzrəti Ömər vaxt itirmədən Həzrəti Əbu Bəkrin yanına gedərək narahatlığını dilə gətirib ona Quranı toplamağı təklif edir. İlk anda Həzrəti Əbu Bəkr belə bir təklif qarşısında tərəddüd keçirir. Onun bu tərəddüdünün səbəbi, Quranı toplama məsuliyyətindən qaçmaq deyil, ehtimal ki, insanların bundan sonra Quranı əzbərləməkdə zəiflik göstərə biləcəkləri düşüncəsi idi. [19] Bundan başqa bəlkə də işin içində Həzrəti Peyğəmbərin etmədiyi bir işi etməkdən çəkinmə qayğısı da var idi. [20] Amma bütün bunlara rəğmən çox keçmədən o, Həzrəti Ömərin təklifini qəbul etmiş və hətta Xəlifə ilə birlikdə Quranı cəm etmək işi üçün seçiləcək ən uyğun səhabənin Zeyd b. Sabit olacağı fikrini də bəyənmişdir. Nəticədə bir il müddətində Zeyd b. Sabit Həzrəti Əbu Bəkr və Həzrəti Ömərin də yardımı ilə Quranı toplamışdı. [21]

Quranın ilahilik xüsusiyyətini qorumaq məqsədi ilə edilən bəşəri fəaliyyətlərin ən önəmlilərindən biri də, onun çoxaldılmasıdır. Buna görə də sözü gedən fəaliyyət Həzrəti Ömərin vəfatından üç gün sonra xəlifə olaraq biət edilən [22] və on ildən artıq bir müddətdə bu vəzifədə qalan Həzrəti Osmanın dövlət başçılığı əsasında etdiyi xidmətlərin ən böyüyü olaraq xarakterizə olunur. [23] Quranın bəşər tarixindəki yerini müəyyənləşdirən belə bir məsələnin gündəmə gətirilməsi, ümmətin fərdləri arasında ortaya çıxan qiraət ixtilaflarına istinad edir. Əlbəttə ki, Quran qiraətində ixtilafların baş qaldırmasının bəzi səbəbləri var idi. Zənn edirik ki, bu məqamda iki səbəb üzərində durulmalıdır. Bunlardan biri, Quranın yeddi hərf ilə oxunmasına rüsxət verilməsi və bu rüsxətin bir davamı olaraq Həzrəti Əbu Bəkr zamanında toplanan Quranın da eyni şəkildə yeddi hərfi ehtiva etməsi; digəri isə bəzi səhabələrin şəxsi Mushaflarına təfsir məqsədi ilə bir sıra kəlmələrin əlavə edilməsi olmalıdır. Buna görə deyə bilərik ki, sözü gedən rüsxətin bir nəticəsi olaraq Həzrəti Peyğəmbərdən fərqli qiraətlər öyrənib, xüsusi ilə Həzrəti Ömər zamanında İslam Dövlətinin sərhədlərinin genişlənməsi nəticəsində Quran müəllimliyi vəzifəsi ilə bir çox bölgələrə gedən səhabələr [24] getdikləri yerlərdə Həzrəti Peyğəmbərdən öyrəndikləri qiraət tərzlərini oxutmuşdular. Nəticədə də sözü gedən bölgələrdə yaşayan insanlar arasında bir sıra qiraət fərqlilikləri meydana gəlmişdi. Yeni müsəlman olan bu qeyri Ərəblərə sözü gedən ixtilafın mahiyyətindən və bunun bir rüsxətin nəticəsi olduğundan söz edilsə də Mustafa Sadik ər-Rafinin [öl.1356/1937] də dediyi kimi onlar yenə də qəlblərinə bir sıra şübhələrin düşməsinə əngəl ola bilməmiş [25] və bunun nəticəsində də bəzən bir-birlərini təkzib və hətta təkfir [26] belə etmişdilər. Aydındır ki, yeddi hərfin yaratdığı bu ixtilaflar mənaları eyni olsa da bəzi sözlərin kəlmə etibarı ilə fərqliliyindən qaynaqlanırdı. [27]

Məhz bu məqsədlə də Həzrəti Osman dövründə Zeyd b.Sabitin başçılığı ilə yaradılan bir heyət, beş ilə qədər sürən diqqətli bir zəhmətin nəticəsində bir neçə Quran nüsxəsini yazıb, müxtəlif İslam bölgələrinə göndərərək sözü gedən ixtilafları aradan qaldırmış və Quranı əvvəlki ilahi kitabların başına gələn təhrif və dəyişikliklərdən qorumuşdur.

Kitab formasına salınma prosesindən qısaca söz etməyə çalışdığımız Quran, bildiyimiz kimi Həzrəti Peyğəmbərlə, çevrəsindəki Müslim və qeyri-Müslim fərdlərdən meydana gələn müxatiblər topluluğu ilə canlı bir dialoq xüsusiyyəti daşıyır. Ancaq sözü gedən dialoq məzmun etibarı ilə başlanğıcda müsəlmanlarla müşrik, münafiq və kitab əhlindən ibarət olan qeyri-Müslimlər arasındakı mücadiləyə bəzən rəhbərlik etmiş, bəzi zamanlar da onu müşayiət etmişdir. Dialoqun bu xüsusiyyəti bir tərəfdən ilahi kəlamın yaşanan tarixə bir növ müdaxiləsi, digər tərəfdən də ilk müxatiblərin mövcud fikirlərini təsdiq mənasını daşıyırdı. Vəhyin yaşanan həyatla olan bu möhkəm bağı sayəsində Quranın nüzuluna şahid olan nəsil, ona lazım olan əhəmiyyəti verərək həm tilavət, həm də təfsir barəsində əllərindən gələni əsirgəmirdilər. Bu canlı fəaliyyət Quranı davamlı olaraq aktual tutduğuna görə Həzrəti Peyğəmbər həyatda ikən müsəlmanlar arasında Quranın bəzi qissələrinin unudulması, dəyişməsi və ya vəhy məhsulu olmayan sözlərin ona qarışması kimi narahatlıqlardan söz belə getmirdi. Bu qayğı Həzrəti Peyğəmbərdən sonra da eyni tərzdə davam etdiyi üçün tarixin heç bir dövründə müsəlmanların zehinlərində Qurana aid olan sözlər və mənalar baxımından bir təhrif və tağyir [28] şübhəsi yaranmamışdır. Qısacası onu qeyd edək ki, nüzulundan etibarən tarixin hər dövründə inanan hər kəs, Quranı Allahdan yeni nazil olmuş ilahi bir Kitab olaraq görüb, ona könül vermiş və yaşadığı həyatı onun cahanşümül prinsiplərinə görə dizayn etməyə çalışmışdır.


LÜĞƏT VƏ QAYNAQLAR

[1] Muhtəva - bir şeyin içində olan
[2] Qılıc, Sadiq Mitoloji Kitabi Müqəddəs və Qurani Kərim, İzmir 1993, s.184
[3] Qılıc, Sadiq Mitoloji, s.191
[4] Əl-Buxari, Fədailu’l Quran, 20; Əhməb b.Hanbəl, əl-Müsnəd, Bəyrut ts,VI, 66 Quran mətninin yazıya keçirildiyinin dəlilləri üçün baxın: Dəmirçi, Muhsin, Təfsir Üsulu və Tarixi, İstanbul 1998, s.48-49
[5] Quran mətninin yazıya keçirildiyinin dəlilləri üçün baxın: Dəmirçi, Muhsin, Təfsir Üsulu və Tarixi, İstanbul 1998, s.48-49
[6] Əz-Zərkani, Mənahilu’l –irfan fi ulumi’l-Quran, Misir ts, I, 247; Əbu Şuhbə Mədhal li dirasəti’l-Quran’l-Kərim, Misir ts, s.267; İzmirli, İsmail Haqqı, Tarix-i Quran, İstanbul 1956, s.9
[7] Əz-Zərkəşi, Burhan fi ulumi’l Quran [thk. Muhəmməd Əbu’l-Fadil İbrahim], Misir 1972, I, 238; əs-Suyuti, İtikan fi ulumi’l Quran, yy, ts, I, 73
[8] əs-Suyuti, əl-İtika, I,73; Həmidullah, Muhəmməd, Quran ’l Kərim Tarixi, [trc. Salih Tuğ], İstanbul 1993, s. 49
[9] Muhəmməd Həmidullah bu rəvayəti belə dəyərləndirib: Həzrəti Əbu Bəkr bağlatdığı bu səhifələr, Quranın tam nüsxəsi deyildi. Əgər elə olsaydı Həzrəti Əbu Bəkr, Zeyd b.Sabitin başçılığı altında Quranı cəm etmə komissiyasını təşkil etməzdi. Belə aydın olur ki, bu səhifələr, Həzrəti Peyğəmbərə aiddir. Ən çox ehtimal ediləcək nüsxə də bu olmalı idi. Bəlkə də Həzrəti Peyğəmbər özünə aid bir Quran nüsxəsi təmin etmək istəmiş, bunu birinə yazdırmış, fəqət tamamlamadan vəfat etmişdir. Ehtimal ki, bu fikir Həzrəti Peyğəmbərini ağlına çox sonra gəlmişdir. Əgər onun daha əvvəl belə bir fikri olmuş olsaydı, xüsusi nüsxəsi də tamamlanmış olardı. Baxın: Həmidullah, Muhəmməd, Quran-i Kərim Tarixi Dərs Notları, [trc. Suat Yıldırım], Ərzurum 1975, s.19
[10] İzmirli, Tarix-i Quran, s.10; Çətin, Abdurrəhman, Quran elmləri, s.92.
[11] Əz-Zərkani, Mənahilu’l I, 248
[12] Quranı təcvidlə oxuma
[13] Kəsikoğlu, Osman, Quran Tarixi, İstanbul, ts,s. 152
[14] Qurani Kərim
[15] Yıldırım Suat, Qurani Kərim və Quran Elmlərinə Giriş, İstambul 1983, s.63
[16] Bir nüsxəni yazma, surətini çıxartma, eynisini köçürmə, kopya etmək.
[17] Hökmü qaldırma
[18] Yıldırım Suat Quran Elimlərinə Giriş, s.63-64
[19] Əl-Kəvsəri, Makalatu’li- Kevsəri, yy, ts, s.9
[20] Qılıc, Sadık, Mitoloji, s.126-127
[21] Geniş məlumat üçün baxın: Dəmirçi, Muhsin, QuranTarixi, İstanbul 1997, s.142 vd.
[22] Əs-Suyuti, Tarixu’l-hulefa, [thk.Muhyiddin Abdulhəmid], Misir 1952, s.153
[22] Sıbai, Mustafa, Uzamauna fi’l-tarix, Beyrut ts, s. 148
[23] Qaynaqların bildirdiyinə görə o dövrdə İbn Məsud Kufəyə, Əbu Musa el-Əşari Bəsrəyə, Ubeyy b.Ka’b və Əbu’d-Dərda da Şama Quran müəllimi olaraq göndərilmişdir. Baxın: əz-Zəkrani, Mənahil, I, 255
[24] Ər-Rafii, Mustafa Sadiq, İ’cazu’l-Quran, Misir 1345/1926, s.19. Bəzi qaynaqlar da islama yeni girən bu qeyr-i Ərəbləri sözü gedən bu fərqli qiraətləri oxuma rüsxətindən xəbərsiz olduqlarını ifadə etməkdədilər. Baxın:
[25] Atəş, Süleyman, Təfsir Dərsləri, Ankara ts.s.22; Yıldırım, Suat, Quran Elmlərinə Giriş, s. 67
[26] Kafir elan etmək. Dindən çıxmaqda ittiham etmək
[27] Dəmirçi, Muhsin, Quran tarixi, s.153
[28] Dəyişdirmə, başqalaşdırma


Tarix: 05.01.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1433 Bölmə: Quran Haqqında
loading...