Qurani-kərimin surələri arasında Fatihədən və Ixlasdan (Qül hüvəllahdan) sonra ən geniş tanınan və ən çox oxunan surə Ya-Sindir desək, yəqin ki səhv etmərik. Ən azı hüzr məclislərində və qəbir ziyarətlərində hər birimiz bu surəni dönə-dönə eşitmişik. Amma təəssüf ki, əksəriyyətimiz Ya-Sini yalnız mollanın ifasında dinləyib; yas məclislərində ehsan süfrəsindən qabaq Quran tapşırılanda, cümə axşamları qəbir üstündə molla hamının eşidəcəyi səslə ucadan bu surəni oxuyanda, ya da əziz günlərdə yaxınlarımızın məzarı üzərində sifariş verib pulla bu surəni oxutduranda. Hər bir halda Ya-Sin oxumaq bizim xatirimizdə yas məclislərinə xas olan, ölüyə aid olan bir mərasim kimi qalıb. «Ya-Sin oxumaq» sözünü eşidəndə həmin an gözümüzün qabağına hüzr məclisi, ehsan süfrəsi, qəbristanlıq gəlir. Görəsən, əslində belədirmi? Ya-Sin surəsini oxuyan mollanın səsini eşitmək ölülərin ruhuna daha çox xeyirdir, yoxsa diri insanlara? Bunu aydınlaşdırmağın ən yaxşı yolu budur ki, surənin möhtəviyyatı ilə tanış olaq, bu surəni oxumağın fəzilətləri barədə hədisləri oxuyaq, surənin ayrı-ayrı ayələrinin gündəlik həyatdakı yerini və rolunu görək.
Həzrət Mühəmməd Peyğəmbər (s) Ya-Sin surəsini Quranın qəlbi adlandırırdı: «Hər şeyin qəlbi var, Quranın da qəlbi Ya-Sindir». Qəlb (ürək) bədənin əsasını təşkil edir. Bədəni idarə edən, onun həyatını təmin edən, bədənə can verən ürəkdir. Əgər Ya-Sin surəsi çoxumuzun düşündüyü kimi ölülərə aiddirsə, niyə Quranın qəlbi sayılır? Məgər Allah Qurani-kərimi Peyğəmbərə ona görə vəhy etməyibmi ki, insanlar bu kitabı oxumaqla küfrdən və cəhalətdən xilas olsunlar, haqqı tanısınlar? Məgər Qurandakı əqidə prinsipləri, şəriət hökmləri, əxlaq normaları, peyğəmbərlərin həyatına aid ibrətli əhvalatlar ölülər üçündür? Əlbəttə ki yox. Elə isə, Quranın ürəyi olan, yəni bu kitabın möhtəviyyatını, xülasəsini, ruhunu özündə daşıyan bir surə də yəqin ki eyni xüsusiyyətə malik olmalıdır.
Ya-Sin surəsi Məkkədə nazil olub, 83 ayədən ibarətdir. Məkkədə nazil olmuş digər surələr kimi onun da əsasın əqidəvi məsələlərə, Allahı, peyğəmbəri tanıtdırmağa, axirət dünyasının varlığını sübut etməyə yönəlmiş ayələr təşkil edir. Surə Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin elanı ilə başlayır, sonra Quranın hər şeyi bəyan edən Allah kəlamı olduğu vurğulanır, bunu inkar edənlərin axirətdə nə kimi cəzalara məhkum ediləcəyi bildirilir. Daha sonra keçmiş zamanlarda azğınlığa düçar olmuş ümmətlərin birinə göndərilmiş elçilərin (peyğəmbərlərin və övliyaların) başına gələn hadisələr təsvir edilir. Bunun ardınca Allahın qüdrət və əzəmətini, elm və hikmətini təsdiq edən təbiət hadisələri – Günəş, Ay, ulduzlar sadalanır, bunların yaradılışındakı möcüzələr diqqətə çatdırılır. Surənin təqribən yarıdan sonrası qiyamət günündə əbədi əzaba düçar olacaq kafirlərin aqibətinin təsvirini əhatə edir. Onlara veriləcək əzablar, günahlarının sübuta yetirilmə qaydası təsvir edilir. Bununla paralel olaraq cənnət əhlinin xoş güzəranı rəngarəng ifadələrlə verilir. Surənin sonuna yaxın mövzu məad əqidəsi üzərinə gətirilir. Qiyamət günündə ölülərin dirilərək qəbirdən qalxacaqlarını inkar edən müşriklərin iddialarına cavablar verilir və bu iddiaların əsassızlığı sübuta yetirilir. Surə Allahın qüdrətini təsvir edən ayələrlə yekunlaşır.
Doğrudur, bir qisim hədislərdə Ya-Sin surəsini ölülərin ruhu üçün oxumaq, can verən adamın başının üzərində tilavət etmək tövsiyə edilir. Amma bu da inkaredilməz həqiqətdir ki, yuxarıda sadalanan mövzuların hər biri məhz diri insanların eşitməsinə, anlamasına və düşünməsinə ünvanlanıb. Bunlar ölülərin ruhundan daha artıq dərəcədə diriləri maraqlandırmalı olan mövzulardır. Surənin məhz hüzr məclislərində oxunmasının səbəbi budur ki, əvvəla, bu cür məclislər həmişə izdihamlı olur. Insan məscidə getməsə də, dini kitab oxumasa da, qohum və qonşuların yas mərasiminə getməyə məcburdur; bu, bütün dövrlərdə qeydsiz-şərtsiz qəbul edilən, riayət olunan bir ənənədir. Ikincisi, surənin yarısından çoxunun məhz qiyamət hadisələrinə, axirət həyatına, günahkarların pis aqibətinə həsr olunması da onu eşidənlərə güclü psixoloji təsir göstərir. Bu cür mövzuları qəbristanlıqda, məzarların arasında, ya da hüzr məclislərində eşitməkdən daha effektiv bir vasitə varmı?
Amma... Bütün bunlar o zaman lazımi faydanı verər ki, həmin hüzr məclislərində eşidənlər əvvəla, mollanın nə oxuduğuna qulaq assınlar. Ikincisi də ya oxunan sözləri anlamaq üçün ərəb dilini bilsinlər, ya da heç olmasa onun tərcüməsi ilə tanış olsunlar. Birinci problemi həll etmək üçün bu kifayət edər ki, yas məclislərində və ya qəbristanlıqda Ya-Sin oxuyan molla ilə paralel olaraq qiymətlərin qalxmasından, qazın və işığın kəsilməsindən, havadan, siyasətdən və sairədən danışıb başımızı qatmayaq. Ikinci problemi həll etmək üçün isə ya evdə Quranı stolüstü kitabımıza çevirməli və onun içindəki surələrin heç olmazsa tərcüməsi ilə tanış olmalıyıq. (Özü də bu zaman yalnız kor-koranə oxumaqla kifayətlənməməli, ayələrn mənasını düşünməli, «Allah bununla bizə nəyi demək istəyir?» sualına cavab tapmağa çalışmalıyıq). Ya da məclisi idarə edən molla öz dini vəzifəsini yerinə yetirərək Ya-Sini ərəb dilində oxuduqdan sonra onun tərcüməsini də deməlidir. Ya da heç olmazsa, ən lazımlı ayələri qısa şərh etməlidir. Düşünürük ki, ruhanilərin bu barədə düşünməsinin vaxtı çoxdan çatıb və dini mərasimlərimizin klassik formasına, dini atributların toxunulmazlığına xələl gətirmədən bəzi islahatları həyata keçirmək ehtiyacı çoxdan yaranıb.
Imam Cəfər Sadiqin (ə) Ya-Sin surəsi haqqında buyurduğu aşağıdakı sözlər də surənin həm bu dünyada, həm də axirətdə insana eyni dərəcədə böyük faydalar verdiyini sübut edir: «Hər kim gündüz vaxtı bu surəni oxusa, həmin gün ərzində Allah tərəfindən qorunar və ona ruzi verilər. Hər kim bu surəni yatmazdan qabaq oxusa, Allah onu şeytanın şərindən və hər cür bəladan qorumaq üçün min mələk göndərər. Əgər həmin gün ölsə, onun qüsl mərasimində 30 min mələk iştirak edər. Onların hamısı mərhumun günahlarının bağışlanması üçün dua edər, dəfn mərasiminə qatılar və meyiti qəbrə kimi ötürərlər. Meyiti qəbrə qoyanda mələklər ibadət edər və savabını mərhuma bağışlayarlar. Onun qəbri göz işlədikcə genişlənər. Qəbir əzabı o adamın meyitindən uzaqlaşdırılar. Onun qəbrindən səmaya nur qalxar. Allah onun meyitini qəbirdən çıxarar və bu zaman mələklər onu müşayiət edər, üzünə gülümsəyər, ona müjdə verər, onu mizan tərəzisindən və sirat körpüsünün üstündən keçirərlər. Onun ruhunu elə bir yerə apararlar ki, Allaha hamıdan yaxın olar. O yerdə müqərrəb (yaxın) mələklərdən və peyğəmbərlərdən başqa heç kim olmaz. Onun ruhu başqa ruhlar kimi narahat olmaz, əziyyət çəkməz. Sonra Allah ona buyurar: «Ey bəndəm! Kimin barəsində istəsən, şəfaət et; şəfaətini qəbul edərəm. Nə istəsən dilə; dilədiyini verərəm». O, şəfaət edər və şəfaəti qəbul olar. O, istəyər və dilədiyini alar. Başqa ruhlar heyrətlə deyərlər: «Sübhan Allah. Elə bil ki, bu adamın heç bir günahı yoxdur!». Və o, Həzrət Mühəmməd Peyğəmbərlə (s) birlikdə olar» (hədis «Məcməül-bəyan» və «Bürhan» təfsirlərindən nəq olunur). Diqqət yetirin ki, mərhumun ruhuna verilən bu qədər mükafatın səbəbi onun qəbri üzərində mollanın Ya-Sin oxuması deyil. Insan sağlığında bu surəni sevə-sevə oxumalıdır ki, həm diri ikən fayda qazansın, həm də öləndən sonra savab yiyəsi olsun. Sağlığında Quran əxlaqı üzərində yaşamayan, Ya-Sin surəsində vurğulanan tövhid, məad, iman kimi məsələləri inkar edən və ya bunlara laqeyd qalan adamın yasında Ya-Sin oxutdurmağın ona nə xeyri ola bilər?
Tarix: 21.11.2012 / 16:06 Müəllif: [Ram] Baxılıb: 1053 Bölmə: Quran Haqqında