Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANIN "QURAN"DAKI ADLARI (1)

Qaynağı “Uca Allah”, gətirəni “Cəbrayıl (as)”, təbliğçisi “Həzrəti Muhəmməd”, muxatabı “bütün insanlıq” və missiyası da “insanları qaranlıqdan aydınlığa çıxartmaq” olan Qurani Kərim, Uca Allahın insanoğluna göndərdiyi son ilahi məktubdur. Bu məktubu daha yaxşı tanımaq və mesajını qavramaq üçün Quranın bəzi isimlərini və sifətlərini, mənalarını, tərifini, anlaşılmağının vacibliyini və surələrinin xüsusiyyətlərini bilmək lazımdır.

A) Quranı Kərimin Qurandakı adları
Bu başlıqda filoloji izahatlara çox yer vermədən Uca Allahın ilahi mesaja verdiyi adların bir qismindən danışacağıq.
1. əl-Quran
İlahi mesajın ən çox yayılmış və əslinə uyğun olan adı budur. “Toplamaq, bir yerə yığmaq, oxumaq, çox oxunan şey” mənalarına gələn Quran kəlməsinin kökü ümumi qənaətə görə k-r-ə-dir [1]. Quran kəlməsi Quranda 70 dəfə keçir. Onlardan Qiyamət surəsi 17-18-ci ayələrdəki istifadəsi “insanın haqqındakı hökmün məhşərdə ona oxunması” mənasına gəldiyini, digər ayələrdəkilərin isə “Quran” mənasına gəldiyini söyləyə bilərik.
Quran, “çox oxunan mətn” mənası ilə ilk əvvəl müsəlmanlardan, sonra da bütün insanlardan onu düşünərək, anlayaraq və hiss edərək oxumalarını istəyir və gözləyir. Bu halı ilə qiraət, “mənasını düşünərək, anlayaraq və hiss edərək oxumaq” deməkdir. Ələq surəsinin ilk əmri də belə bir oxumağı ifadə edir; yəni kainatı oxumaq, kəşf etmək, düşünmək və anlamağa çalışmaq. Bu baxımdan qiraət “ağlın və zehnin oxuması” mənasında intelektual bir idrak fəaliyyətidir.

2. əl-Kitab
“Yazmaq, yazılan şeylər, yazı tomlar” kimi mənalara gələn əl-kitab, kutub, məktub kəlmələri Quranda 262 dəfə keçir. Onlardan əl-Kitab adı Quranın Quranda ən çox istifadə edilən adlarındandır. Bəzilərində fərqli mənalarda istifadə edilsə də, bu kəlmə əksər yerlərdə “Quran” olaraq anlaşılır. Başında əl artikılı olsa da, olmasa da əl-kitab/kitab kəlməsinin bəzi ayələrdə “Həzrəti Musaya verilən kitab” , bəzi ayələrdə “Tövrat”, bəzi ayələrdə də “ilahi təlim” və ya “vəhy” mənalarında istifadə edildiyi məlumdur.
Bu kəlmənin məktub mənası da var; dəlili isə Nəml 28-29 ayələrdir (kitabi/kitab). Burdan çıxış edərək rahatlıqla deyə bilərik ki: Quran, Uca Allahın insanlığa göndərdiyi son məktubdur. Bu məktub hər kəsə göndərilmişdir. Bir insanın oxuması başqalarının üstündən məsuliyyəti qaldırmır.
Məktublar, anlaşılmadan oxunmaq üçün göndərilmir. Məktub, anlaşılmaq və bir mesajın çatdırılması üçün yazılır. Quran da belədir. Uca Allah, mesajını anlaşılmaq və yaşanmaq üçün göndərmişdir. Bununla yanaşı bu məktuba davranışlarla da cavab verilməsi istəmişdir. Ya lazımlı olanlar edilib savab qazanılacaq və nəticədə mükafatlandırılacaq; ya da lazımlı olanlar edilməyəcək, qadağaları pozulacaq və nəticədə əzaba məruz qalınacaqdır. Hər bir halda Quranın ilahi bir məktub olduğu və oxunub yaşanmaq üçün göndərildiyi unudulmamalıdır.

3. əl-Furqaan
“Yaxşı ilə pisi, doğru ilə yanlışı, faydalı ilə zərərlini, haqq ilə batili, qaranlıq ilə aydınlığı və s. ayıran dəyər və ölçü”yə Furqaan deyilir. Ona görə də Quran, haqqı batildən ayırd etmək baxımından ən önəmli ölçüdür və Furqaan 3 ayədə Quranın adı kimi keçir [2]. əl-Furqaan kəlməsi “Həzrəti Musaya verilən mesaj” [3],“Bədr” [4] və “haqqı batildən ayıran güc” [5] mənalarında da istifadə edilir. Furqaan surəsinin ilk ayəsində də keçən bu kəlmə eyni zamanda həmin surənin adıdır.
Din adına nəyin doğru, nəyin yanlış; nəyin xeyirli, nəyin zərərli; nəyin tam, nəyin əskik olduğunu təyin etmək baxımından danılmaz qaynaq Furqaan olan Qurandır. Din adına söylənəcək sözlərin və ya qəbul edəcək əsasların mütləq mənada Qurana uyğun olması vacibdir. Quranla təsdiqlənmədən, başqa sözlə desək onun “razılığını almadan” heç kimin sözünə din adına etibar edilməməlidir. Hədislərdə də ölçü budur. Qurana uyğun olanlar doğrudur və Həzrəti Peyğəmbərə aiddir; zidd olanlar isə yanlışdır və uydurmadır; çünki Həzrəti Peyğəmbər din adına Allahın kitabına zidd heç bir şey söyləməz.
Quran, dini mövzularda sanki bir DNK laboratoriyası kimidir. Meydana çıxan nəzəriyələr və ya irəli sürülən qənaətlər Quran süzgəcindən keçirilməli, keçərliliyi Quran referansına istinad etdirilməlidir. Ondan təsdiq almayan nəzəriyələrin din adına doğru olduqları sadcə quru bir iddiadan ibarətdir. Əgər bu iddia sahibi fikrini Quranla isbat edə bilmirsə deməli onun fikrləri şübhəlidir və etibar edilməməlidir.
Heç bir istinadı və təsdiq məqamı olmayan dini təlimlərin yolu açılarsa bir müddət sonra sözü gedən dini anlamaq da, yaşamaq da imkansızlaşar. Hansı vəsilə ilə olursa olsun Allah adına danışanların, Allahın kitabından danışmalarının vacibliyi unudulmamalıdır. Çünki Furqaan olan qaynaq Qurandır və Qurandan işığını almayan ifadələr iddiadan başqa heç bir dəyərə sahib deyillər.
Uca Allah, İlahi hitaba qarşı həssas olan və məsuliyyət şüuru daşıyan insanları “Furqan” sahibi edəcək, beləcə işlədikləri xətaları siləcək və onları bağışlayacaqdır [6]. İnsanın “Furqaan” sahibi edilməsi, onun əsil Furqaan olan Qurana sarılmasından və onu həyatının vaz keçilməyən dəyəri etməsindən sonra gerçəkləşəcək. Yəni “Furqan” sahibi olmaq bir nəticədir; səbəbi isə Quranla və onun mənası ilə tanış olmaqdır. Dünya həyatında Furqaan (Quran) ilə tanış olanlar, Allahın izni ilə məşhərdəki seçimdə mükafatlanacaqlar.



[1] Bu barədə Quran kəlməsinin, "mənaları bir-birinə yaxın olmaq" mənasında k-r-n, "mənaları bir-birini xatırlatmaq" baxımından karinə , "digər ilahi kitabların mesajını toplamaq" baxımından əl-kar'u kökündən gəldiyi fikri alimlərimiz tərəfindən irəli sürülmüşdür. Kəlmənin "mürtəcəl", yəni, heç bir kökü olmadan bu son mesajın özəl adı olduğu fikri də mövcuddur (İmam Şafiyə görə). Əlbətdə hər biri öz növbəsində doğrudur. Lakin bizə görə kəlmə k-r-ə "oxumaq" kökündən törədilib.
[2] Bəqərə, 185; Ali İmran, 4; Furqaan 1.
[3] Bəqərə, 63; Ənbiya 48.
[4] Ənfal 41
[5] Ənfal, 29
[6]Ənfal, 29


Tarix: 05.01.2013 / 15:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1084 Bölmə: Quran Haqqında
loading...