Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (Kitab barəsində alimlərin rəyləri)

Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI

Həmd yalnız Allaha məxsusdur.
Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və Qiyamət gününədək yaxşılıqda onların ardınca gedənlərə salavat və salam olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyətlərinə görə Quran təfsirlərinin ən yaxşılarından biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifadələrdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadılmalardan və əlavələrdən çəkinilmişdir;
xatırlanmasına ehtiyac duyulan əsaslı ziddiyyətlərdən başqa, digər ixtilaflı məsələlərə toxunulmamışdır. Kitabın bu xüsusiyyəti oxucunun fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə ziddiyyət təşkil edən təhrif və yozmalardan çəkinərək, sələfin yoluna istinad edilmişdir;
ayələrin nişan verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsindəki Davud (ə) və Süleyman (ə.) hekayətlərində və “Maidə” surəsində dəstəmaz alınması ilə bağlı ayədə daha qabarıq şəkildə özünü göstərir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər” (Əraf, 7/199. (F.S.) ayəsinin təfsirində aydın görünür.
Məhz bu özəlliklərinə görə, Quranın şərhinə dair bir kitab almaq istəyən hər kəsə öz kitabxanasında bu qiymətli təfsir üçün yer ayırmasını tövsiyə edirəm.
Fövqəluca Allahdan bu kitabın müəllifinə və onu oxuyanlara yararlı olmasını arzu edirəm. Həqiqətən, O, Fövqəlsəxavətli və Bərəkət Sahibidir. Muhəmməd Peyğəmbərə, ailəsinə, səhabələrinə və Qiyamətə qədər onların ardınca gedənlərə salavat və salam olsun!

Muhəmməd əs-Saleh əl-Useymin
15 ramazan 1416-cı hicri ili

---------------
Abdullah b. Əbdüləziz b. Aqil əl-Aqilin
MÜQƏDDİMƏSİ

Bismilləhirrəhmanirrəhim!
Həmd Allaha məxsusdur!
Sonra, Şeyx Səd b. Fəvvaz əs-Sumeyl yanıma gələrək, böyük alim, şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) Təfsirindən bəzi nümunələr gətirdi. Bu əsərin təshih edilmiş əlyazmasını əldə etdikdən sonra, onu yenidən nəşr etdirmək istəyini bildirdi.
Əsərin orijinalını tədqiq edib ən düzgün, müəllifin yazdığı xüsusiyyətləri aşkar etməyi, hədislərin nömrəsi və ilk rəvayətçilərinin üzə çıxarılmasını da nəzərə alaraq, nöqsanlı ola biləcək halları və həm də daha əvvəlki nəşrlərdə gözdən qaçmış çatışmazlıqları aradan qaldıracağına söz verdi.
Mən də bu mübarək təşəbbüsünə görə ona təşəkkürümü bildirib uğur qazanması üçün dua etdim. Şübhəsiz ki, Fövqəluca Allah bu təfsirin müsəlmanlar tərəfindən qəbulunu təmin etmişdir.
Bu təfsir Ərəbistanın Müqəddəs Quran radiosu ilə hər gün iki dəfə yayımlanır, məscidlərdə camaata oxunur və alimlərin elmi silsilələrində tədris edilir. Bu təfsir dəfələrlə nəşr edilməsinə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, xətalardan və tədqiqatçıların artırmalarından xilas olmamışdı.
Bu kitab təfsirlərin ən faydalısı və ifadələrinin asanlığı ilə, ən yaxşı başa düşülənidir.
Bu təfsir aydın mənalarla ifadə edilmiş, anlaşılması çətinlikdən və İsrail əfsanələrindən uzaq, düzgün danışmaq və həqiqəti söyləmək baxımından müşkül olana toxunmayan və ixtilaflardan bəhs etməyən bir kitabdır. Bu kitabın göstərilənlərdən daha əhəmiyyətli olan bir xüsusiyyəti də, onun sifət ayələrini sələfin metodu əsasında, yozumdan uzaq formada şərh etməsidir. Bütün bunlara, bəhs edilən çıxarılmış nəticələrə və digər mənbələrə müraciət edilmədən, ayədə olan faydaların yerindəcə xatırlanması, növbəti bir özəllik kimi ayrıca olaraq əlavə edilir.
Bu əsərin gözəl əxlaqdan, Peyğəmbərin (s.ə.s.) şəriət qaydalarından xəbər verməsi özü-özlüyündə qənaətbəxş bir məsələdir. Bütün bunlar asan və aydın sözlərlə ifadə edilmişdir. Bu kitab hər kəsin anlaya biləcəyi bir səviyyədə olduğuna görə elm öyrənmək istəyənlərin istifadə edəcəyi bir mənbədir. Şübhəsiz ki, bu, yaradılması çətin, başa düşülməsi isə asan olan bir kitabdır. Uzun zaman idi ki, bu kitabın tərcümə edilməsini, xüsusilə də ingilis dilinə çevrilməsini arzu edirdim və buna görə Allaha dua etdim. Ümid etmək olar ki, Allah bu kitabı oralarda faydalı edər.
Bu əsər İslam dini ilə tanışlığın çox təsirli bir vasitəsidir.
Müvəffəqiyyət Allahdandır!
Abdullah b. Əbdüləziz əl-Aqil

----------------

Şeyx Bəkir b. Abdullah Əbu Zeydin
QEYDLƏRİ

Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd təkcə Allaha məxsusdur! Peyğəmbərlərin sonuncusuna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!
Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdimatdır. Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.
Bu hadisə barəsində təəssüratımı oxucularla bölüşmək istəyirəm.
Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) 8 cilddən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşidirdim. Çünki bu təfsir digərlərindən aşağıdakı xüsusiyyətlərinə görə seçilməkdə idi:
Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özündə əks etdirir.
Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrədəndir.
Daha sonra digər alimlərin və elm öyrənən tələbələrin də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini eşitdim.
Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının bu əsərlərini hədiyyə etmişdi:
Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran;
əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;
Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinədə olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiyyətinin çap etdiyi nüsxəsinin son araşdırmalarını apardığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.
Səədinin digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kitabını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəməsi idi.
Səədi ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asanlaşdırıb bizə təqdim etmişdir.
Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bizə nazil olana...iman gətirdik...” (136-cı) ayəsi (Ayənin şərhi: “Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir. Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı xatırlandığı ayələr haqqında da demək mümkündür”. Tərc. F.S.
Bu ayənin şərhi də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi üçün, onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S.)dediyimizə ən gözəl nümunədir.
Xüsusilə peyğəmbərlər haqqında hekayətlərin sonunda qiymətli və faydalı nəticələr çıxarmışdır... Əhzab surəsinin bir ayəsində(Şeyx Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir. Tərc. F.S.) bu incə və lətif mövzuya belə toxunulmuşdur: “Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! (Mədinənilər);
Din qardaşlığını və İslam bağını atıb millətçilik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.
Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görməmişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.
Dərin biliyi və bu sahədəki yetərli imkanlara malik olmasından bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcümeyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxahlığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:
Məkkə xəzinələrindən olan Siddiqə kitabxanasının sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin (1408 ö.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağlılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət edirlər:
“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:
“Lədunni elminə gəlincə, şübhəsiz ki, Fövqəluca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının qəlblərini, xoşlanmadığı şeylərdən təmizlənmələri və sevdiyi şeylərə riayət etmələrinə görə, başqalarının qəlbini açmadığı bir tərzdə açar.
Bu isə, hz. Əlinin (Allah ondan razı olsun) dediyi: “...Allahın Kitabı barədə quluna verdiyi anlayış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə əməl edən insana, Fövqəluca Allah bilmədiyinin elmini də verir”.
Quranda bu məsələyə bir çox ayələrdə toxunulmuşdur. Belə ki, Allah buyurur:
“...Əgər onlar özlərinə verilən öyüd – nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı ...və onları doğru yola yönəldərdik” (Nisa, 4/66,68).
Ayrıca olaraq Fövqəluca Allah Onun əmrlərini yerinə yetirənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:
“Allah Onun razılığını axtaran şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).
“...Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).
“...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203) ... (əl-Fətava, 13/245).”
Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdürrəhman əd-Dəvsəridən (1399 ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quranla rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.
Mən, Şeyx Səədidə də bu şərtin olmuş olduğuna inanıram və həqiqətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətindəndir.
Allah ona əvəzini versin!
Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahiblərinin qəlbidir” (Bax: əl-Fətava, 13/245).
Fövqəluca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazanlardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alimlər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.
Həqiqətən də, Fövqəluca Allah bizə bu təfsirin müsəlmanlar arasında qəbul edilməsini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.
Kitabın bəzi nəşrləri:
1. Misir Sələfiyyə mətbəəsi çapı. Kitabın bir hissəsi içindəki çatışmazlıqlarla birlikdə Şeyxin yaşadığı dövrdə nəşr edilmiş, qalanı isə vəfatından sonra tamamlanmışdir.
O zamanın mətbəə və nəşriyyat şərtləri çərçivəsində bu nəşrdə bəzi kəlmələr və cümlələr çıxarılmış və nöqsanlar yaranmışdır.
2. Muhəmməd Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad Səudiyyə çapı. Bu şəxs nəşri kitaba aid olmayan əlavələrlə korlamışdır. Onun ardınca tələbəsi yazdığı “Kəşfus-sitar an telfigi və talikin-Nəccar” adlı kitabında onu tənqid etmişdir.
3. Birinci və ikinci əsas götürülərək çap edilən nəşrlər.
4. Daha sonra düzəlişlər verilərək Nəccarın əlavələrindən təmizlənmiş nəşrlər çap edilməyə başlandı.
5. Əlimizdə olan bu nəşr iki xüsusiyyətilə önə çıxır. Birincisi, edilmiş yanlışlıqların və nöqsanların təshih edilib düzəldilməsi.
İkincisi isə, Nəccarın əlavələrindən təmizlənərək və iki əlyazması tutuşdurularaq, başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı yaradılmışdır. Bu nəşrin əsas götürülməsi və qardaşlarımız tərəfindən müəyyən edilən düzəliş və mülahizələr naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda nəzərə alınıb düzəldilsin.
Bacarıq Allahdandır!


Tarix: 20.04.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 939 Bölmə: Quran Haqqında
loading...