Moisey Kalankatlı (ingiliscə: Moses of Kalankatuyk; ermənicə: Մովսես Կաղանկատվացի) və ya Musa Dasxuranli" (ingiliscə: Movses Dasxuranci) - mənşəcə Qafqaz albanlarından olan tarixçi və Alban tarixçisi , "Alban ölkəsinin tarixi" əsərinin müəllifi. Kalankatlı bu əsəri böyük alban hökmdarı Cavanşirin sifarişi ilə yazmışdır.
Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Albaniyanın siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yeridən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz, xüsusi yazılı abidədə öz dövrünün inikasını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur.
Üç tərəfdən olan siyasi təzyiq şəraitində dövlətin müstəqilliyini saxlamaq, özünün mədəni-ideoloji bənzərsizliyini qorumaq naminə alban xalqını mübarizəyə səfərbər etmək məqsədilə dövrün şanlı səhifələri ilə yanaşı, Bibliya dövründən "bu günədək" (yəni VIII əsrədək) baş verən hadisələri işıqlandıran bir əsərin olması vacib idi.
Beləliklə, "Alban tarixi" müəllifinin məqsədi Alban məmləkətinin, onun xalqının, ərazisinin, siyasi və mənəvi həyatının yaranma və inkişaf tarixini əks etmək, onun Arşakilər və Mihranilər sülalələrinə mənsub hökmdarlarının, xüsusilə Cavanşirin dövrünü təsvir etmək, hakimiyyətin arasıkəsilmədən irsən keçdiyini göstərmək, apostol patriarxlığı ilə başlamış avtokefal (müstəqil) alban kilsəsinin yaranma tarixini izləmək olmuşdur.
Beləliklə, bu abidə Albaniyanın müstəqil dövlətçiliyini və müstəqil kilsəsini mədh etmişdir.
"Alban tarixi" üzərində sonradan aparılmış redaktə izlərinə baxmayaraq, abidənin ifadə tərzi, haqqında danışılan məlumatların nisbi tamlığı, müəllifin maraq dairəsinin genişliyi, ölkənin daxili və xarici həyatında baş verən hadisələrin dəqiq tarixini müəyyənləşdirməyə imkan verən xronoloji sistemin işlənib hazırlanması, dövr üçün demək olar, xarakter olan tarixi duyumun olması, müəllifin hadisələri şərhində müəyyən obyektivliyin mövcudluğu belə bir fikir yaradır ki, o dövrdə Albaniyada müəyyən ənənələr və tarixi şərh etmə təcrübəsi olmuşdur.
Əsər strukturuna görə üç hissədən ibarətdir: Birinci hissə Bibliya tarixi ilə başlayır. Mənbədəki məlumata görə, mənşəcə Yafəs soyundan olan albanlar bu soyun Getarilər nəslinə mənsubdular. Ermənilər isə başqa bir nəsildən - Foqarmadan (Toqarmadan) törəmələrdir.
Qaynaqda albanların adı yazısı olan 15 xalqın sırasında çəkilir. Ölkənin tarixi coğrafiyası - coğrafi təsvir, təbii sərvətlərin xarakterizə edilməsi, ölkə hüdudlarının dəqiq göstərilməsi ilə təqdim edilmişdir. IV fəsildən Albaniyanın real tarixinin şərhinə başlanır. Yerli hakim olan Aran ölkənin ilk hökmdarı adlandırılır, ondan sonra söhbət Arşakilər sülaləsindən olan alban hökmdarları haqqında gedir. Birinci kitabda xristianlığın yayılma tarixi görkəmli yer tutur; V əsr Aquen məclisinin kilsə qanunları haqqında məlumat verilir. Birinci kitab hunların ölkəyə hücumunun təsviri ilə başa çatır.
İkinci kitab 552-ci ildən başlayır və 711-ci il hadisələri ilə tamamlanır. Burada Sasani-Bizans, Sasani-Ərəb müharibələri təsvir edilir, alban hökmdarı Cavanşirin bu müharibələrdə iştirakı qələmə alınır. Mihranilərin tarixi, xüsusilə Cavanşirin və Varaz Tiridatın hakimiyyəti əks etdirilir, alban katolikosu Vironun fəaliyyəti göstərilir.
Üçüncü kitab ərəblərin tarix səhnəsinə çıxmaları, onların 698-ci ildən 877-ci ilə qədər Albaniya, Ermənistan və İberiyaya hücumlarına həsr olunub. Daxildə baş verən hadisələrdən Varaz Tiridatın hakimiyyətinin son illəri, hunlarla qarşılıqlı münasibətlər, alban katolikosu Nerses Bakurun fəaliyyəti əks olunub. Kitab X əsr hadisələri, alban hökmdarları və katolikoslarının siyahısı ilə başa çatır.
Tarix: 02.02.2015 / 13:54 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Qafqaz Albaniyası