Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhl ibn Sunbat - Hakimiyyəti

Hakimiyyəti
IX əsrdə Azərbaycanda siyasi vəziyyət
Ərəblərin Sasanilər imperiyasının Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, 642-ci ildə baş verən fəthlərdən sonra Həmədana hücumla mümkün olmuşdu. Tarixçi Ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nəhavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə yerləşən, Qum və Kaşanı tutdular. Bu qələbələrdən sonra qədim Midiya ərazisində möhkəmlənən ərəblər şimala doğru istiqamət götürdülər. 639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. 643-644-cü illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisi tamamilə özlərinə tabe edə bildilər.

VIII əsrin sonlarından etibarən Azərbaycanda Ərəb Xilafətinə və xilafətin yerli hakimləri olan əmirlərə qarşı narazılıqlar baş verir. Yadellilərə qarşı birləşən əhali iki böyük sosial-siyasi hərəkatın - Pavlikanlar və Xürrəmilər hərəkatlarının yaranmasına səbəb olur. Kütlənin ayaqlanmasından narahat olan xəlifə tezliklə üsyançıların məhv edilməsi üçün ən güclü sərkərdələrinin rəhbərliyi altında böyük ordu göndərir.

IX əsrin ikinci yarısında Arran ərazisində ərəblərdən asılı olan bir sıra knyazlıqlar var idi. Sünik, K.tiş, Varsan, Beyləqan, Qəbələ və Şəkinin yerli hakimləri özlərini müstəqil elan edərək kiçik feodal dövlətlər olan yarımüstəqil knyazlıqlar yaratmışdılar. Bu knyazlıqların hökmdarları I Vasak, Stepannos Ablasad, Yesai Əbu Musa, III Varaz Trdat (Mehranilər nəslindən olan alban knyazları sülaləsinin axırıncı nümayəndəsi), Atrnerseh və başqaları Xəlifəyə tabe olmalarına baxmayaraq Azərbaycandakı üsyançı qüvvələrlə bu və ya başqa şəkildə əlaqə saxlayır və özlərinə əlverişli olanda Xilafətə qarşı üsyançılarla birləşir, özlərinin şəxsi mənafeyinə toxunanda isə üsyançılara xəyanət edirdilər.

Ərəblərə qarşı mübarizəsi
"Dərbənd tarixi"ndə verilən məlumata görə 205 (820)-ci ildə, xəlifə Məmun tərəfindən Azərbaycan, Arran və Ermənistan hakimi vəzifəsinə təyin edilən Xalid ibn Yəzid ibn Məzyəd öz iqamətgahı Bərdəyə gedərkən, yolda Şəki əhalisinin üsyanını yatırmalı olmuşdu. Mənbədə bildirilir:

"Xalid onlarla vuruşmağa girişdi və onların Xalidə gecə vaxtı hücum etdiklərinə baxmayaraq, qalib gəldi və onlardan çoxunu öldürdü. [Onlar aman istədilər] o da onlara verdi, əvəzində onlar öhdələrinə gotürdülər ki, ildə ona 500 min dirhəm versinlər. Sonra onlardan girov götürüb, onları buraxıb getdi".

Bu istinadda Səhl ibn Sunbatın adı çəkilməsə də Z. Bünyadov baş vermiş bu hadisəni ona aid edir.

“Alban ölkəsinin tarixi”ndə bildirilir ki, "Mərd və gözəl knyaz Səhl və Sunbatean – Eranşahik, erməni erasının 270 (822)-ci ilində öz güclü qardaşları və ordusu ilə, Bərdədən gələn və Amaras vilayətini viran edən ərəblərə hücum etdi, onları yıxdı, pərakəndə etdi və əsirləri sanki aslanın ağzından xilas etdi"

Səhlin erkən hakimiyyət dövrü
Moisey Kalankatlının məlumatına görə Səhl ibn Sunbat 822-ci ildə Mehranilər sülaləsinin son nümayəndəsi olan III Varaz Trdatın öldürülməsindən sonra Xaçın ərazisini idarə etməyə başlamışdı. 835-ci ilə kimi onun hakimiyyətinə tabe olan ərazi Xaçınla məhdudlaşsa da, 835-ci ildən sonra bütün Arranı özünə tabe edən Səhl Şəki və Arran hakimi titulunu daşımağa başlamışdı.

835-ci ildə Afşin Məhəmməd ibn Süleyman əl-Əzdi əs-Səmərqəndini Arran hakimi vəzifəsinə təyin edəndə, Babəkin köməyinə arxalanan Səhl Xilafətə qarşı mübarizədə Babəkin çətinlik çəkməsindən və Zaqafqaziyanın bu vilayətinə Xilafətin o qədər də fikir vermədiyindən istifadə edərək, üsyan qaldırdı və Arranı tutdu. Məhəmməd ibn Süleyman "onun vilayətinə daxil olan zaman, Səhl gecə vaxtı ona hücum edərək qaçmağa vadar etdi." . C. Markvart bildirir ki, “Səhl hələ özü müttəfıqi Babək məğlub edilməzdən əvvəl qüdrət sahibi olmuş, Arranın böyük hissəsini əlinə keçirmişdi.” Ərəblər Səhlin Arranı bir qədər müstəqil idarə etmək ixtiyarı olduğunu qəbul etsələr də, Tovma Artsruninin verdiyi məlumata görə, o, yalnız "Şəkinin hökmdarı" olaraq qalırdı.

Babəklə münasibətləri
Azərbaycanın digər xristian hakimləri kimi Səhl ibn Sumbat da ölkəni bürümüş üsyana rəhbərlik edən qüvvələrlə əlaqə saxlayır, mümkün qədər bu qüvvələrdən faydalanmağa, ərəblərə qarşı mübarizədə onlardan istifadə etməyə çalışırdı. Babəkin də yerli xristian hakimlərinə münasibəti yaxşı olmuş, o hətta Sünik knyazı I Vasakın qızı İbnət əl-Kəldaniyyə ilə evlənmişdi.

836-cı ildə Bəzz qalasının süqutundan sonra Babək tacir paltarı geyib Araz çayından keçərək Arran tərəfə qaçdı. Babək, azuqəsi qurtaranadək "Azərbaycandan Ərmənə gedən" dərədə (Sünikdə) gizlənirdi. Babəklə birlikdə onun iki qardaşı - Müaviyə və Abdullah, anası, İbnət əl-Kələndaniyyə adlı sonuncu arvadı və bir neçə xidmətçi onun yanında idi. Lakin Sünikdə ərəblərin hücumuna məruz qalan Babəkin anası, arvadı və xidmətçiləri ərəblərə tərəfindən ələ keçirilir. Babək Səhlin qalasına sığınmağa məcbur olur.. Əl-Məsudi yazır:

"Səhl ibn Sunbat onu tanıdıqda "bura sənin öz evindir və mən sənin nökərin. Bu qışı burada qal, sonra nə edəcəyini qət edərsən” dedi. "
Babəki öz qalasına aparan Səhl Xilafətin sərkərdəsi Afşinə xəbər verir ki, Babək onun yanındadır; bir neçə gündən sonra isə, Səhlin düzəltdiyi ovda Babək tutuldu; Səhl ona görə belə etmişdi ki, Babəkin tutulmasında ondan şübhələnməsinlər.

Vardan bildirir ki, Səhl öz xidmətinə görə "min dəfə min kşir gümüş, bir də yüz min aldı". Təbəri qeyd edir ki, Səhlin aldığı bir milyon dirhəm və yuxarıdakı peşkəş və xələtlərdən başqa, onun oğluna Babəkin qardaşı Abdullanı tutub gətirdiyi üçün yüz min dirhəm verilmişdir .

Ölümü
Xilafətə göstərdiyi xidmətlərə baxmayaraq, 854-cü ildə Səhl Buğa əl-Kəbir tərəfindən tutuldu. Onunla birlikdə, Aşağı Xaçın knyazı Atrnerseh, K.tiş və Beyləqan hökmdarı knyaz Yesai Əbu Musa da tutulmuşdu. Buğa əl-Kəbir Səhli və Arranın digər knyazlarını Samirəyə apardı. Mənbələr onların sonrakı müqəddəratı haqqında məlumat vermir. "Alban ölkəsinin tarixi"ndə qeyd edilir ki, başqa knyazlarla Samirəyə aparılanlardan təkcə knyaz Atrnerseh "çox illərdən" sonra vətənə qayıtdı. Səhlin ölümündən sonra taxta böyük oğlu Hovannes keçmişdi.


Tarix: 30.01.2015 / 18:58 Müəllif: Feriska Baxılıb: 205 Bölmə: Qafqaz Albaniyası
loading...