Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünik

Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən fəth edilən Sünik, b.e. 387-ci ilində Ermənistanın Bizans və Sasanilər arasında bölünməsinə kimi Böyük Ermənistanın doqquzuncu vilayətini təşkil etmiş, 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından, gah da Atropatenadan asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir.

387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər. Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir. Sasanilərin bilavasitə vassalı sayılan Sünik, həm də, siyasi baxımdan Mehranilərdən asılı olmuşdur.

Albaniyanın böyük knyazı Cavanşir Sünik knyazının qızı ilə evlənərək, onların ailəsi ilə qohumluq münasibətləri yaratmışdı. Ərəb Xəlifəsi I Müaviyyə Süniki Cavanşirin tabeliyinə vermişdi. IX əsrdə Arranda ərəblərdən asılı knyazlarlıqlar arasında Sünik knyazlığı da vardı. IX əsrdə ərəb sərkərdəsi Sevadın Sünikə basqını zamanı Sünik knyazı Vasak kömək məqsədilə Babəkə müraciət etdi. Babək ərəb qoşunlarını darmadağın etdikdən sonra Sünik knyazının qızı ilə evləndi. 654-cü ildə Qafqaz Albaniyası, Ermənistan və İberiya ilə birlikdə Sünik də ərəblər tərəfindən işğal edilmişdir.

Kilsə-iyerarxiya münasibətlərinə gəlincə, alban katolikosları Sünik yepiskoplarını təyin etmək hüququna malik idi. Uzun müddət ərzində erməni katolikosları bu hüququ əldə etməyə çalışırdılar. 571-ci ildə erməni patriarxlığının parçalandığı vaxt Sünik ruhaniləri ermənilərdən imtina etdilər və əlqoymanı Qafqaz Albaniyasından qəbul etməyə başladılar. 660-cı ilə kimi Sünik konfessional (dini) baxımdan Ermənistandan tamamilə ayrı olmuş, yalnız həmin tarixdən sonra Sünik kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edilmişdir. VII əsrin əvvəlində Erməni Qriqoryan Kilsəsi ilə kilsə-iyerarxik və doqmatik mübahisələrin gedişində Sünik öz kilsəsi üçün mitropolit rütbəsi almağa müvəffəq olmuşdu.
Adı
Qafqazın bu ərazisi mənbələrdə iki adla xatırlanır: Sisakan və Sünik. Fəridə Məmmədova Sünik adının Sisakandan daha erkən işlədildiyini qeyd edir. Prokopo Kesari Sünikin “albanların qonşuluğunda” ölkə olduğunu qeyd edir. “Sünik” adının fars dilinə uyğunlaşdırılmış variantı olan “Sisakan” ifadəsinə ilk dəfə VI əsr suriya müllifi Zaxari Ritorun əsərində təsadüf olunur. Bu müəllif Sisakanı "Arran və Qurzan təki Ermənistandan ayrı bir ölkə" kimi təsvir edir. Erməni ədəbiyyatında da Sisakan adı Sünik adından sonra meydana çıxır. Moisey Kalankatlı digər adlarla yanaşı “Sünestan” ifadəsini də işlədir. Sünik adı mənbələrdə həm də etnik mənada, Qafqazın ən qədim sülalələrindən biri olan Sünik sülaləsinin adı kimi də işlədilir. Gürcü mənbələrində Sünik, "Sivnieti", ərəb mənbələrində "Sisəcan", Sünikin ən böyük vilayəti olan Vayots-Zor isə "Vayzur" adlandırılır.


Tarix: 30.01.2015 / 18:47 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Qafqaz Albaniyası
loading...