Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadının ehtiyacları...
Qadının ehtiyacları...

Ehtiyaclar sonsuzdur. Bəşər cəmiyyəti mövcud olandan sanki ehtiyaclar da onunla bir doğulub - maddi və mənəvi ehtiyaclar. Bütün bu ehtiyacları birləşdirən ortaq cəhət var ki, o da insanın var olması üçün vacib amillərdir. Amma maddi ehtiyaclarımız mənəvi ehtiyaclarımızı üstələyəndə o zaman əsl insanlıqdan çıxırıq. Bəzi insanlar düşünür ki, maddiyyat olmadan mənəviyyatdan söhbət gedə bilməz. Bu, belə deyil.

Məsələn, biz qadınlar bəzən bir kəlmə şirin sözü neçə-neçə qarın dolusu yeməkdən üstün tuturuq. Xoş təbəssümə ehtiyac duyuruq. Əks cinsin nümayəndəsinin düşüncələrini gözlərindən oxumaq istəyirik. Bildirməsini istəyirik bizə olan sevgisini... Bir dəstə çiçəklə və bəzən həyətdən dərilmiş bir ədəd qızılgüllə bütün qəbahətlərini bağışlamaq istəyirik... Özəl günləri xatırlamasını istəyirik... Onun üçün bütün işlərdən önəmli olduğumuzu bilmək üçün... Sevdiklərimizin diqqətinə ehtiyac duyuruq.

Əynimizdəki paltara, makiyaja, ya da saçımıza diqqət yetirərək bizdəki dəyişikliyi görüb "Nə qəşəngsən” deməsini gözləyirik. Hərdən son dərəcə həssaslığına ehtiyac hiss edirik... Baxışlarımızdan dərd-qəmimizi, qəlbimizdə kök salan acı nisgilimizi anlamasını istəyirik. ”Sənin əlindən zəhər olsa içərəm” deyən dildən qarşısına qoyduğumuz yemək müqabilində "Çox dadlıdır, əllərinə sağlıq” sözünü eşitmək istəyirik bəlkə. Gündəlik işlərdən baş qaldırıb bir az da bizə zaman ayırmasına ehtiyac duyuruq. İlk görüş yeri, ya da evlilik təklifi etdiyi yerlərə səyahət, bəzən də o günləri elə-belə - sadəcə yada salmaq üçün vaxt ayırmaq... Bəzən bir kəlmə ilə dəyərli olduğumuzu hiss etdirmək üçün xəfif bir pıçıltı ilə ”Nə yaxşı ki, varsan” deməyini arzulayırıq.

”Qadın zərif məxluqdur” deyirlər. Zəif yox. Zərif yaradılanlar kimi onun da qayğı və diqqətə ehtiyacı var. Bu ehtiyaclar ödənilməyəndə qadın zərif bir gül kimi solur, ya da başını aşağı dikir. Özünü tənha və lazımsız hiss edir. Halbuki, bəşəriyyətdəki bütün xoş əməllərin başında qadın durur. Bütün gözəlliklər qadın əlində rahatlıq, dinclik tapır. Bəs onda nədən bu əməyin ehtiyacını lazımınca qiymələndirməyək? Yazdıqlarım əsla təmənna deyil, sadəcə, bir qadının ehtiyaclarıdır, dostlar.


Tarix: 18.04.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Qadın dünyası
loading...