Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın çantalarındakı mikroblar təhlükə yaradır

Qadınlar üçün gözəllik ən vacib məsələlərdən biridir.

Müxtəlif kosmetikalar, kremlər və bu kimi dəri canlandıran və gözəlləşdirən vasitələr ilk baxışdan çox məsum görünür. Düzdür, keyfiyyətsiz kosmetikaların ziyanı çoxdur və bu məsələ hər kəs tərəfindən də aşkar bilinir. Lakin xanımlar bəzən elə də diqqətli olmur. Kosmetik vasitələrin baha alınması, eləcə də tanınmış marka olması o demək deyil ki, dəri təhlükədən sığortalanıb.

Kosmetik vasitələrin mənfi nəticələri xanımlar tərəfindən tez-tez rastlaşılmasa da, kosmetik vasitə fəsadından hətta ölüm faktının olması da danılmazdır. Bu isə kosmetika sevərlər üçün bir siqnaldır. Dəri ilə zarafat etmək olmaz, və üzə olunan hər müdaxilədə iki qat diqqətli olunmalıdır.
Qadınların çoxu kosmetik vasitələrinin necə saxlanması haqqında da məlumatsızdır. Əksər xanımlar lazım olan vasitələri elə çantaya atır, əksəriyyəti cibində daşıyır, nisbətən səliqəni sevənlər isə kosmetika üçün xüsusi kosmetik çantalardan istifadə edir. Elə təhlükə də bu kosmetik çantalardan başlayır. Təmizlənməyən, yuyulmayan, müxtəlif kosmetika qalıqları ilə yüklənən ala-bəzək çantalar istənilən bahalı vasitəni də keyfiyyətsiz etməyə qadirdir. Bəzi xanımlar kosmetik çantaların yuyulma və təmizlənməsinin vacibliyini dərk etmir. Halbuki, bir istifadədən sonra çantaya toplanan və sürətlə artan mikrobların sayı milyonlarladır. Amerika kosmetik firmalarının araşdırmalarının nəticələrinə görə, istifadədən sonra təmizlənməyən krem başlıqları, ənlik qablarının qapaqları, dodaq boyalarının kənarları bir müddət sonra tərkib etibarilə dəyişir. Bu cür dəyişim geyimlər, çantalar ilə təmasda olan kosmetik vasitələrdə daha sürətlə gedir. Bu səbəbdən daim təmizlənən kosmetik vasitələr sadəcə kosmetika üçün nəzərdə tutulan qablarda saxlanılmalı, qablar mütəmadi yeniləri ilə əvəzlənməlidir.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, kosmetik çantalar və qadın əlləri üzün həssas dərisi üçün olduqca təhlükəlidir. İstifadə olunmayan kosmetik süngərlər, istifadə olunduğu zaman yuyulmayan kosmetika yayıcı alətlər tamamilə mikrob yuvasıdır. Üz dərisində olan hər hansı kiçik bir yaralanma və ya sızanaq kifayət edir ki, dəri altı təbəqə zərərli maddəni sorsun, mikroblar bu təbəqəyə daxil olsun. Gənclər arasında yayılan akne, sızanaq problemlərinin səbəblərindən biri də elə budur. Təmiz əl, təmiz kosmetik çanta, orijinal makiyaj vasitələrindən istifadə etmək dəri sağlığı üçün vacibdir:"Təmiz və sağlam cild üçün ümumiyyətlə, kimyəvi qarışımı olan kosmetika istifadə olunmamalıdır. Kosmetikadan istifadə etməyən xanımların azlığını nəzərə alsaq, onda təmiz və gigiyenik baxımdan olduqca həssas olmalarının böyük önəmi var. Əvvəla bilinməlidir ki, kosmetik vasitələri üz dərisinə tətbiq edən kistlər və süngərlər doğru seçilməli, düzgün təmizlənməlidir. Təmizlənmiş bu alətlər çirkli kosmetik çantalarda gəzdirilməməlidir. İstifadədən sonra mütləq yuyulması vacib olan süngər və kistlər istifadə olunduğu kimi çantaya atılmamalıdır".

Onun sözlərinə görə, üz dərisindəki yağı, nəmi özünə çəkib kosmetika ilə də qarışan süngər və ya kistlər sürətlə mikrob toplayır. Çantada uzun müddət saxlanıldıqdan sonra vəziyyət daha da pis olur və dəri üçün təhlükə yaranır. Bədənin ən zərif dəriyə malik olan nahiyyəsi, üz dərisinin strukturunu pozmaq çox asan, bərpa etmək isə olduqca çətindir. Məhz bu səbəbdən bir sıra qaydalara mütləq əməl edilməlidir ki, gözəl görünmək arzusunu üz problemləri əvəzləməsin.
Dermatoloq gigiyenik şərtlərə əməl etmədən kosmetika istifadə edən xanımlara daha diqqətli olmağı məsləhət görür. Dəri allergiyalarından tutmuş yaralı sızanaqlara kimi bir çox əziyyətli müalicə tələb edən xəstəliklər məhz bu yolla yoluxur: "Kosmetik çantalar tez-tez dəyişdirilməli, dəyişdirilmədiyi halda qaynadılaraq yuyulmalı, mütəmadi olaraq kosmetik məhsullar spirtlə silinməli, istifadə tək insana məxsus olmalı, əllərlə kosmetika dəriyə çəkilməməli, quru dərilər 4, yağlı dərilər 2-3 saatdan sonra mütləq təmizlənməlidir".


Tarix: 07.01.2015 / 16:07 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Qadın dünyası
loading...