Çinin Şanxay şəhər metrosundakı reklamlar əhalini və xüsusilə də metrodan yararlanan xanımları həddən ziyadə sinirləndirib.
"Shanghay Metro” konserninin yeni sosial reklamında şəffaf paltar geyinmiş qadın var. Donunun altından qara rəngli alt paltarı görünən qadının fotosunun altında yazılıb: "Sərnişin qadınlar geyimlərinə fikir verməli, özlərinə və ətrafdakılara sayğı bəsləməli, anormal psixikalı adamları provokasiyaya çəkməməlidirlər”.
Bu reklam metro stansiyalarında və qatarlarda peyda olan kimi çinli qadınlar metro rəhbərliyini seksizmdə, qadınların aşağılanmasında suçlayıblar.
Çinin ən populyar "Weibo” mikrobloqlar servisində reklam sərt tənqidlərə məruz qalıb. Hətta, bəzi xanımlar metroda fləşmob keçiriblər. Onlar başlarına çadra salıblar, üzlərinə niqab tutublar.
"Metro rəhbərliyinin məntiqinə görə, hovuzlardakı qadınların hamısı təcavüzə məruz qalmalıdır. Çünki onlar yarıçılpaq, çimərlik paltarında olurlar. Halbuki, qadın açıq-saçıq geyinsə belə, bu, onun zorlanması üçün əsas deyil”, – çinli xanımlar deyirlər.
Tarix: 10.01.2015 / 12:09 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Qadın dünyası