Göz ətrafı sahələrin dərisinə qulluq edilməsi
Göz ətrafının dərisi nazik, həssas və ən zəif yerdir. Əlbəttə ki, strukturu digər sahələrdə olan dəridən fərqlənməsə də, göz qapaqları dərisinin altında praktiki olaraq əzələ və piy toxuması yoxdur. Məhz buna görə o daha çox gərilmə qabiliyyətinə malikdir. Bundan savayı, göz ətrafı sahənin dərisi gün ərzində daimi olaraq yüklənmiş olur mimiki hərəkətlər, gözlərin qırpılması. Buna görə də ilk dəri qırışları məhz bu sahədə yaranmış olur.
Üzün digər sahələri kimi, göz ətrafı sahələrdə də dəri qırışlarının yaranmasının qarşısını tam şəkildə almaq mümkün deyil. Çünki bu, dərinin təbii qocalma prosesidir. Ancaq dərinin cavanlığını və təravətliliyini daha uzun müddət ərzində saxlamaq mümkündür. Göz ətrafında erkən dəri qırışlarının yaranmasında irsi amil, qadınların bir sıra xəstəlikləri (allergiya, ürək, böyrək, endokrin sistemi xəstəlikləri və s.), günəş şüaları, siqaret çəkilməsi, streslər, yuxusuzluq və s. bu kimi faktorlar əsas rol oynayır.
Göz ətrafı sahənin dərisi heç də ona həddən artıq aktiv şəkildə təsir göstərilməsini “sevmir”. Ona görə də gözlərinizi ovuşdurmayın və ümumiyyətlə, müvafiq vacib tələbat olmadan bu sahəyə (ümumiyyətlə, üz nahiyəsinə) toxunmayın. Göz ətrafı sahənin dərisində erkən qırışların əmələ gəlməsi səbəblərindən biri də gözlərin daha çox yüklənməsi ilə əlaqəli iş şəraitinin (kompüterdə işləmək, kargüzarlıq və s.) olmasıdır.
Göz ətrafı sahələrin dərisində erkən qırışların əmələ gəlməsinin əsas səbəblərindən biri – bu sahənin dərisinə ya heç bir qulluq edilməməsi, ya da pis qulluq edilməsidir. Göz ətrafı sahələrin kifayət qədər nəmlilik almayan dərisi tezliklə öz möhkəmliyini və elastikliyini itirərək daha çox quru olur, asanlıqla dartıldığı üçün üzərində qırışlar əmələ gəlməyə başlayır. Buna görə də göz ətrafı sahələrin dərisində erkən qırışların əmələ gəlməsinin qarşısını almaq üçün, həmin sahənin dərisinə artıq cavan yaşlarından etibarən qulluq etmək tələb olunur. Bu məqsədlə, məhz göz ətrafı sahələrin dərisi üçün nəzərdə tutulan yüngül nəmləndirici gel və kremlərdən istifadə edilməsi tövsiyə olunur. 25 yaşınadək, hətta daha yaxşı olar ki,
30 yaşınadək (əgər sizin göz ətrafı sahələrdəki dəriniz çox pis vəziyyətdə deyilsə) yaş əleyhinə olan vasitələrdən istifadə edilməsi məsləhət görülmür.
Dərini dartmadan göz ətrafı sahələrə gel və kremin düzgün çəkilməsinin də böyük əhəmiyyəti vardır. Kosmetik vasitə az miqdarda olmaqla, adsız barmaqla gözün kənar küncündən daxili küncünə doğru çəkilir. Onu dəriyə yaxmaq yox, adsız barmaqların yastıqçaları ilə sanki dəriyə yüngülcə vurmaq, daha sonra isə gözləri bir neçə dəfə qırpmaq lazımdır. Bu zaman krem öz-özünə qapaq səthi üzrə bərabər səviyyədə yayılacaqdır.
Göz ətrafı sahələrin dərisinə qulluq edilməsiYaş əleyhinə effekti olan kremlər göz ətrafı sahələrin dərisinə ancaq axşam saatlarında dəri ilkin olaraq çirklənmədən və makiyajdan təmizləndikdən sonra, yatmamışdan 2 saat əvvəl çəkilir. Çəkilmiş kremi səhərədək dəridə saxlamayın – səhər gözlərinizin altında şişkinlik yarana bilər! Dəriyə çəkildikdən 30 dəqiqə sonra kremin qalıqlarını pambıq disk və ya yumşaq salfetlə yüngül qurutma toxunuşları ilə mütləq xaric etmək lazımdır.
Yüngül nəmləndirici kremlər göz ətrafı sahələrin dərisinə səhər saatlarında – dərinin səhər təmizlənməsindən sonra çəkilir. Bunun üçün ancaq bu sahə üçün nəzərdə tutulmuş kremlərdən istifadə etmək lazımdır. Yalnız bundan sonra dəriyə kosmetika da çəkmək olar.
Göz ətrafı sahələrə heç bir halda, hətta ən qiymətli və effektli hesab edilən üz kremlərini çəkmək olmaz! Bu kremlər həmin sahəyə yalnız zərər verərək dərinin qırışmasına səbəb ola bilər.
Əgər siz hər gün göz ətrafı sahələrə makiyaj edirsinizsə, onu necə etdiyinizə də fikir vermək lazımdır. Makiyajı edərkən gözlərinizi çox qıymayın, qapaq dərisi isə mümkün qədər sərbəstləşmiş şəkildə olmalıdır. Özünüzü buna öyrəşdirməyə çalışın. Kosmetik vasitələri göz qapağı dərisinə yalnız yüngül hərəkətlərlə və onun dartılmasına yol verməyərək sürtmək lazımdır.
Yatmamışdan qabaq mütləq göz ətrafı və kirpiklər sahəsindən makiyajı təmizləmək lazımdır! Bu, göz ətrafı incə sahədə erkən qırışların əmələ gəlməməsi üçün vacib hesab edilən şərtlərdən biridir. Göz sahəsindəki makiyajı xaric etmək üçün, məhz bu sahə üçün nəzərdə tutulmuş təmizləyici vasitədən istifadə edin (heç bir halda üz makiyajının silinməsi üçün nəzərdə tutulan kosmetik süddən istifadə etməyin!).
Məhz göz ətrafı sahələrdən makiyajın xaric edilməsi üçün nəzərdə tutulmuş xüsusi təmizləyici vasitələr çox yüngül, həmçinin çox intensiv şəkildə təsir edirlər – sizə göz ətrafı sahələri sürtüb ovuşdurmaq lazım gəlməyəcək. Təmizləyici vasitəni 2 pambıq diskin üzərinə çəkərək, yumulmuş olan gözlərinizin üzərinə qoyun, 1 dəqiqə keçdikdən sonra yüngül quruducu hərəkətlərlə onları geri götürün. Kirpiklərə sürtülmüş yuyulmayan tuş, yalnız tərkibində yağ olan xüsusi vasitələrlə xaric edilə bilər. Göz ətrafı sahələrdən makiyajı xaric etmək üçün pambıqdan istifadə etməyin. Onun lifləri gözünüzə düşərək qıcıqlanmaya səbəb ola bilər. Bu məqsədlə birdəfəlik pambıq disklərdən istifadə etmək daha yaxşıdır.
Əgər siz dekorativ kosmetik vasitələrdən istifadə etmirsinizsə, istənilən halda, bütün üz və göz ətrafı sahələri, gün ərzində onun üzərinə yığılmış toz, çirk və s.-dən təmizləmək lazımdır.
Göz ətrafı sahələrin gündəlik olaraq aparılan axşam masajları bu sahənin zərif dərisinin cavan şəkildə saxlanmasına kömək edir. Göz ətrafı sahələri təmizləyin, göz qapaqlarına qidalandırıcı krem çəkərək onları masaj etməyə başlayın. Onların masajı 1-2 dəqiqə ərzində olmaqla, barmaq yastıqçaları ilə, çox yumşaq döyəcləyici hərəkətlərlə yerinə yetirilir.
Masaj əvvəlcə gözün iç küncündən başlayaraq yuxarı göz qapağı boyunca gicgahlara doğru, sonra isə aşağı göz qapağı boyunca buruna tərəf olmaqla aparılır.
Dərinin səhər təmizlənməsindən sonra kosmetik buzdan istifadə edilməsi göz ətrafı sahələrin dərisinə yaxşı tonuslandırıcı təsir edir. Bu məqsədlə, saat əqrəbi istiqamətində olmaqla, 10-20 saniyə ərzində kub şəklində olan buzu göz qapaqlarının üzəri ilə yüngülcə sürüşdürmək lazımdır.
Heç bir halda günəşdən qoruyucu eynək geyinmədən günəşli havada çölə çıxmayın. Əks halda, günəş şüalarının təsiri altında gözləriniz daimi olaraq qıyılmış olur ki, bu da bilavasitə, goz ətrafı sahələrdə qırışların əmələ gəlməsinə səbəb olur. Bundan başqa, günəşin aktiv saatlarında göz ətrafı sahələrin həssas dərisinə tərkibində ultrabənövşəyi filtrlər olan (UV-filtr) kremlər çəkmək vacib hesab edilir.
Eyni zamanda müntəzəm olaraq göz ətrafı sahələrə də maskalar etmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi (maskaların istifadə olunması qaydaları barədə 14-cü səhifədə oxuya bilərsiniz), üz nahiyəsinə maskalar çəkərkən göz ətrafı sahələrə onları çəkmirlər. Ancaq bu sahələrin də əlavə nəmləndirilməyə və qidalandırılmaya xeyli ehtiyacı vardır. Kosmetik firmalar məhz bu sahələr üçün xüsusi maskalar buraxır.
Aşağıda ev şəraitində hazırlanan müxtəlif maskalar təqdim olunur. Bu maskalar həftə ərzində 2 dəfə istifadə oluna bilər:
Göz ətrafı sahələrin dərisinə qulluq edilməsi.Xirda-xırda doğranmış cəfərini iki nəmləndirilmiş pambıq diskinin üzərinə qoyaraq qapalı şəkildə olan gözlərinizin üstünə qoyun. 15 dəqiqədən sonra onları götürərək bu sahə üçün nəzərdə tutulan krem sürtün.
Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına sürtmək olar.
Xiyar şirəsi göz ətrafı sahəni yaxşı tonuslaşdırır. Bu məqsədlə 10-15 dəqiqə müddətinə göz qapaqlarının üzərinə nazik doğranmış xiyar dilimləri qoymaq olar.
1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 çay qaşığı quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə sürtərək 10 dəqiqə keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin.
Badam və ya ərik yağını göz ətrafı sahələrə sürtərək, onun yaxşı sorulması üçün barmaqlarınızın yumşaq ucları ilə dərini yüngülcə döyəcləyin. Təxminən 30 dəqiqə keçdikdən sonra yağın qalıqlarını ehtiyatla, dərini dartmadan yumşaq salfetlə təmizləyin. Sonradan şişkinliyin əmələ gəlməsindən ehtiyatlanaraq, həmin sahəyə əlavə olaraq krem sürtülməsinə ehtiyac olmur. Bu maskanı 1 ay müddətində hər axşam etmək olar.
Qaynadılaraq soyudulmuş süddə yaxşı-yaxşı isladılmış tamponları qapalı şəkildə olan göz qapaqlarının üzərinə qoyub 5 dəqiqə saxlayın. Sonra yenə 2 dəfə isladın və təkrar edin. Sonra üzünüzü yuyaraq gözlərinizin ətrafına bu sahə üçün nəzərdə tutulan krem sürtün.
Təzə çəkilmiş aloye şirəsində 2 pambıq diskini isladaraq gözlərinizin üzərinə qoyun. 20 dəqiqə keçdikdən sonra onu xaric edib bu sahə üçün nəzərdə tutulan krem sürtün.
Vitamin E-nin yağlı məhlulundan 20 damcı götürərək, üzərinə ½ çay qaşığı çaytikanı yağı əlavə edərək qarışdırın. Yatmamışdan ən azı 1,5-2 saat əvvəl bu maskanı qalın layla üst və aşağı göz qapaqlarının dərisinə sürtün. 10-15 dəqiqədən sonra salfet ilə silin. Bu maskadan sonra krem çəkilmir.
Zeytun yağını bir neçə damcı limon şirəsi ilə qarışdıraraq göz ətrafı sahələrin dərisinə sürtüb, barmaq uclarının yastıqçaları ilə yüngül hərəkətlərlə dəriyə döyəcləyin. 15 dəqiqə keçdikdən sonra qalıqları yumşaq salfet ilə xaric edin.
1 yumurta sarısını çalaraq ½ çay qaşığı balla qarışdırın. Göz qapaqlarına sürtərək 10 dəqiqə saxladıqdan sonra qalıqlarını xaric edin və krem çəkin.
Göz ətrafı sahələrin dərisinin hamarlaşdırılması və erkən qırışların profilaktikası üçün cökə, çobanyastığı, tozağacı bitkilərindən hazırlanan dəmləmələr də yaxşı kömək edir. Bitkidən 1 çay qaşığı götürərək üzərinə ½ stəkan qaynar su əlavə edilir. 10-15 dəqiqə dəmlədikdən sonra süzgəcdən keçirilir. Pambıq diskləri dəmləmə ilə isladaraq 3-5 dəqiqəliyinə gözlərinizin üzərinə qoyun. Bu kompresləri hər gün etmək olar.
Göz ətrafı sahələrin dərisini maksimal şəkildə daha uzun müddət ərzində cavan saxlamaq üçün bir neçə məsləhətləri də nəzərinizə çatdırırıq:
“Üzünüz yastığa olmaqla” yatmayın. Çalışın ki, üzünüz yuxarı və ya böyrü üstə yatasınız. Axşam yatmamışdan qabaq sakitləşdirici vanna (şam ekstraktı, çobanyastığı, cökə ağacı çiçəyi, nanə, pişikotu kökü otları ilə) qəbul edin, 1 stəkan bal qarışdırılmış ilıq süd için.
Hündür yastıqdan istifadə etdikdə, göz qapaqlarının dərisində qan axını pozulur və bunun nəticəsində göz qapaqları altında “kisə şəkilli” şişkinliklər əmələ gələ bilər. Nazik yastıqlardan istifadə etmək daha xeyirli hesab edilir.
Gözlərinizin altında erkən qırışların yaranmasının qarşısını almaq üçün qidanıza daha tez-tez təzə meyvə və tərəvəzlər daxil edin; düzgün şəkildə qidalanın, kəskin dietik rejimlərdən istifadə etməyin.
Bir çox hallarda qadınlar gözlərinin altında tünd kölgələrin (“göyərmələrin”) olmasından şikayət edirlər. Onların səbəbi irsiyyət, yaş, gözlərin xronoki yorğunluğu (məsələn, kompüterdə uzun müddət ərzində işlədikdə), streslər, siqaret çəkilməsi, vitamin çatışmazlıqları, allergiya kimi faktorlar ola bilər. Bəzi insanlarda isə, düzgün həyat tərzi sürmələrinə baxmayaraq, gözlərinin altında tez-tez tünd kölgələr əmələ gələ bilər. Bu halda mütləq həkimə müraciət etmək tövsiyə olunur. Bu əlamət hər hansı bir daxili orqanın xəstəliyinin əlaməti də ola bilər.
Gözlərinizin altında “göyərmələrin” olmasına meyllilik olarsa, yatmamışdan qabaq çox maye qəbul etməyin. Sürtgəcdən keçirilmiş kartof maskası, xiyar şirəsindən hazırlanan maskalardan, kosmetik buzdan istifadə etməklə (bu barədə 30-cu səhifədə oxuya bilərsiniz) bu göyərmələri aradan qaldırmağa cəhd etmək olar. Bu məqsədlə yaşıl çaydan da istifadə etmək olar. Pambıq diski bu çay dəmində isladaraq 10-15 dəqiqə müddətinə gözlərinizin üzərinə qoyub uzanın. Çay dəmləməsi çox isti olmamalıdır.
Göz ətrafı sahələrin problemlərindən biri də şişkinlikdir. Buna meyllilik olduqda duzlu qidalardan və müxtəlif turşulardan imtina etmək, yatmamışdan qabaq çoxlu maye qəbul etməmək, gün ərzində dəriyə qulluq üçün sürtülən vasitələri (kremlər və s.) axşam yatmamışdan qabaq mütləq silmək tövsiyə olunur. Göz ətrafı sahələrin şişkinliyinin səbəbi müxtəlif ürək, böyrək və digər daxili orqanların xəstəlikləri də ola bilər. Ona görə də göz ətrafı sahələrdə tez-tez şişkinliklər yarandıqda həkimə müraciət edilməsi də vacib hesab edilir.
Göz ətrafı sahələrdə şişkinlik olduqda “təcili yardım” üsulu kimi, çiy kartof və ya xiyardan hazırlanmış maskadan (yuxarıdakı qeydləri oxu) istifadə etmək olar. Maska hazırlamağa vaxtınız olmasa, sadəcə olaraq, təmizlənmiş çiy kartof və ya xiyar dilimini 20 dəqiqə müddətinə gözlərinizin üzərinə qoya bilərsiniz. Bu məqsədlə çobanyastığı, cökə ağacı çiçəyi, çöl qatırquyruğu bitkisindən hazırlanmış dəmləmələrlə edilən kompreslər də yaxşı kömək edir. İstənilən bitkilərin birindən 1 xörək qaşığı götürərək üzərinə 1 stəkan qaynar su tökün. 10-15 dəqiqə ərzində ağzı qapalı şəkildə saxladıqdan sonra bu dəmləmə ilə isladılmış pambıq diskini 15 dəqiqə müddətinə gözlərinizin üzərinə qoyun.
Tarix: 23.06.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 430 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri