Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxtliyini əcnəbidə axtaran xanımlar

Əcnəbi vətəndaşlarla ailə həyatı quran qadınların sayı gündən-günə artır. Səbəblər isə müxtəlifdir. Ekspertlər hesab edir ki, bu məsələnin geniş vüsət almasında serialların, internetin "əvəzsiz" rolu var. Çünki bizim qızlar televiziyadan, internetdən izləyib görür ki, xaricdə qadınlar daha azaddır. Bizdən fərqli olaraq, orada qadın azadlığına, sərbəstliyinə heç kəs pis baxmır. Məhz xaricdəki bu sərbəstlik də bizim qızlarımızı cəlb edir. Və bu azadlığı əldə etmək üçün onlar da əcnəbi bəylə ailə həyatı qurmaq istəyirlər.

Amma onlar dərk edə bilmir ki, internet, televiziya vasitəsilə xaricdəki həyat haqda təsəvvürlər, əcnəbi bəylərin sözləri bəzən onları yanlış istiqamətə yönəldir. Qızlar hesab edir ki, əcnəbi ilə evlənərlərsə, xaricdəki həyat tərzinə qovuşmuş olacaqlar. Bundan başqa, məsələnin bu qədər genişlənməsində maddi faktor məsələsi də var. Bizim qızlarda bütün əcnəbilərin varlı olması ilə bağlı yanlış qənaət formalaşıb. Bəzən əcnəbilərlə nikahın əsasında bu məqamlar da dayanır. Qeyd edək ki, statistika göstərir ki, azəri qızları daha çox Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları ilə ailə qururlar. Və elə bu yanlış seçim və azadlıq arzusu onların həyatı bahasına başa gəlir. Bu gün əcnəbi vətəndaşlarla evlənib, yaşamaq üçün xaricə gedən qızların başına gələn faciələr heç kəs üçün sirr deyil. Təbii ki, onların arasında ideal həyat yoldaşını tapıb, xoşbəxt olanları da var. Amma təəssüf ki, aldadılaraq insan alverinin qurbanına çevrilən, bəzən də məişət zorakılığının qurbanına çevrilən qadınlarımız çoxluq təşkil edir. Qeyd edək ki, bəzən əcnəbilər xanımların xoş niyyətlərindən sui-istifadə edirlər. Ancaq bəzi xanımlar onlardan ilk təklif gələn kimi həmin şəxs haqqında heç bir araşdırma etmədən, tanımadan, xasiyyətinə bələd olmadan razılıq verib evlənirlər. Təəssüflər olsun ki, buna görə də insan alverçilərinin qurbanına çevrilirlər. Onun üçün də ən yaxşısı, həmin insanı bir müddət tanımaq, onun niyyətinin nə dərəcədə ciddi və təmiz olduğunu bildikdən sonra əmin halda evlənməkdir. Həmçinin, bir sıra fərqlilikləri də nəzərə almaq və bu sahədə mütəxəssislərlə məsləhətləşmək yaxşı olardı. Çünki son dövrlərdə nikahların pozulması halları artmaqdadır. Ona görə də bu məsələlərə daha da diqqət göstərmək lazımdır. Təsadüfi deyil ki, Türkiyədə ölüb gələn həmyerlilərimizin sayı artır. Hamısı onun nəticəsidir ki, qadınlarımız kimə getdiyini bilmir.

«Təmiz dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bütün bu fəlakətlərin kökündə əcnəbiyə ərə gedən qızların evləndiyi adam barəsində məlumatsız olmalarıdır.
Onlar həmin adamın kim olduğunu bilmədən, pulu var deyə, yaxud da məhz əcnəbi olduğuna görə ona ərə gedir. Və sonda da müəyyən zorakılıqlarla və problemlərlə üzləşir. M.Zeynalova deyib ki, «biz seminarlarda, tədbirlərdə hər zaman bizə müraciət edən və etməyən şəxslərə mesaj ünvanlayırıq ki, əcnəbiyə ərə getməzdən əvvəl səfirliklərə müraciət edərək həmin şəxs haqqında ətraflı məlumat alın. Amma təəssüf ki, bir çox hallarda qızlar və onların valideynləri bu məsələdə çox biganə olurlar və məlumatı dəqiqləşdirmədən evlilik kimi önəmli bir qərar verirlər». Azərbaycanlı xanımların əcnəbi vətəndaşlara meyil etmələrinə və onlarla ailə qurmalarının səbəblərindən danışan Birliyin sədri bildirib ki, əcnəbi vətəndaşlara ərə gedən qadınların əksəriyyəti boşananlardır. "Çünki bizdə bir çox hallarda bir dəfə evlənib, ayrılmış qadınlar yenidən ailə həyatı qura bilmirlər. Onlar da başa düşür ki, Azərbaycan kişiləri evlənib ayrılmış qadınla ailə həyatına pis baxır. Və onlar da yenidən evlənmək üçün əcnəbi vətəndaşlarla əlaqə qururlar. Mənə elə gəlir ki, biz bu adətləri və stereotipləri aradan qaldırmalıyıq. Əgər bizim cəmiyyətdə boşanmış qadınlara münasibət bir qədər dəyişsə, əcnəbilərlə evlənənlərin də sayı azalar. Və beləcə, qadınlarımız və qızlarımızın həyatı təhlükə altında qalmaz". M.Zeynalova hesab edir ki, əvvəlki illərə baxanda artıq qızların xarici vətəndaşlarla ailə qurmaq məqsədləri dəyişib. «Ola bilər ki, biri xarici ölkədə təhsil alır, o münasibətlər əsasında tanış olur, bir çox qadınlar belə hesab edirlər ki, əcnəbilərlə ailə qurmaq onun gələcəyinin təminatıdır, onun ailəsi daha möhkəm olacaq. Bəziləri düşünür ki, əcnəbilər iqtisadi cəhətdən daha stabildir, nəinki bizimkilər. Bununla yanaşı, bəzilərinin intellekt, təhsil səviyyəsi onda elə bir fikir yaradıb ki, Azərbaycan oğlanları intellekt baxımından onunla uyğunlaşmır. Bir çoxları düşünür ki, xarici ölkələrdə insan haqları daha yaxşı müdafiə olunur. Əgər ailə qursa, o da müdafiə olunacaq, bəziləri isə ailədə zorakılığa məruz qaldıqda əcnəbi ilə ailə qurmağı seçir. Əlbəttə, burada həqiqi sevgi də, sosial maddi maraqlar da ola bilər.

Amma unutmayaq ki, azərbaycanlı xanımların bütün bu arzu-istəklərinə baxmayaraq, bəzi hallarda bu maraqlar onun gələcəyinin məhvinə səbəb olur. Belə ki, bəzən məqsədli şəkildə əcnəbi vətəndaşlar xanımlarımızla evlənir və onları insan alverinin qurbanına çevirir, əxlaqsızlığa sövq edirlər. Yaxud da onların dünyagörüşü, həyata baxışı fərqli olduğu üçün bir müddətdən sonra onlar arasında konfliktlər başlayır. Və beləcə, qadının həyatı məhv olur. O ya məişət zorakılığının qurbanı olaraq dünyasını dəyişir, ya da əri tərəfindən atılaraq, yad məmləkətdə kimsəsiz qalır».

Mehriban xanım hüquqi məsələlərlə yanaşı, psixoloji aspektlərdən də problemlər yaşana biləcəyini əlavə edib: «Məsələn, bizim gündəlik həyatımızda alışdığımız adətlərimiz, ənənələrimiz var. Digər bir ölkədə isə bunlar olmayanda bəzi psixoloji yükləmələr olur. Biz həmin ölkənin adətlərinə uyğunlaşa bilmirik və bütün bunlar hətta depressiyaya da səbəb ola bilir. Bunu gözə almaq lazımdır, çünki bəzən qızlar bu barədə yox, sadəcə sevgi haqqında düşünürlər. Sonradan da bəzi məişət, sosial və psixoloji problemlər ortaya çıxır. Başqa bir məsələ, belə ailələr bəzən cinayətkarlar tərəfindən qurulmuş bir oyun olur və onlar insan alverinin də qurbanına çevrilə bilərlər. Çünki insan alveri cinayətkarların ən çox istifadə etdiyi üsullardandır. Əcnəbi ilə ailə qurmaq və ona gələcək təminatı ilə bağlı verilən vədlər. Bu da əcnəbi ilə qurulan ailənin nəticəsi ola bilər». «Təmiz dünya»nın sədri deyib ki, bu problemi daha çox qabartmaq lazımdır. Çünki qadınlar bilməlidirlər ki, onların düşünmədən verdikləri qərar bir vaxt onların gələcəyini məhv edə bilər. " Bu gün Azərbaycanın bütün rayonlarında, televiziya kanallarında, dövlət qurumları tərəfindən maarifləndirmə tədbirləri aparılır. Lakin əhali bu informasiyalara biganə qalır. Hər bir qadın bizim üçün dəyərlidir. Biz istəmərik ki, onlar cahilliyin qurbanı olsunlar. Bunun üçün də əlimizdən gələni edirik. Amma nədənsə qadınlarımız bu məsələdə o qədər də səy göstərmirlər. Bütün səylərimizə baxmayaraq, biz yenə də problemin həllinə nail ola bilmirik. Səbəb isə qadınların bu istiqamətdə verdiyimiz məlumatlara maraqlı olmamasıdır. Qadınlar düşünür ki, onların bu məlumata ehtiyacı yoxdur, onlar öz düşüncələri və hissləri ilə buna nail ola bilərlər. Onlar yanıldıqlarını görəndə isə artıq gec olur".


Tarix: 12.06.2013 / 21:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 226 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...