Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boşanmış qadınlar "potensial fahişə"dir? (I hissə)

Boşanmış qadın damğası




Məhkəmədə nəzarətçi işləyirdim, icra işləri ilə də məşğul olurdum. İcra işlərinin də əksəriyyəti alimentdir. Aliment almaq çətin və icraçı üçün "ac", yəni rüşvətsiz işdir. Amma bu işi icraçılar görürdülər. 2 səbəbdən: anaların üzlərinə salıb şikayətlə axıra kimi getmələrinə görə və bir də bu anaların "yiyəsizliyi"nə görə.
Orda ikinci dəfə Azərbaycanda boşanmış qadının nə demək olduğu həqiqəti ilə qarşılaşdım. Sadəcə dəhşətli gəlirdi mənə. Özlərini aliment puluna satan qadınların bir hissəsi öz kefindən, bir hissəsi isə çıxılmaz vəziyyətdə edirdi bunu. Mən işlədiyim şöbədə belə vəziyyət görmədim, amma başqa şöbələrdən az da olsa, xəbər tuturduq. Belə ki, “çıxılmaz vəziyyət”i yaradan həmin icraçılar idi. Alimenti atadan almır, alsalar da, saxlayıb qadına vermirdilər. Qadın pulu istəyəndə onu otağa salıb mundar təkliflərini edirdilər. Qadın bir müddət müqavimət göstərir, adətən sonda təslim olurdu və elə otaqdaca “işi həll edirdilər”.





Bəlkə də qadın təslim olmazdı, amma müraciət etmək üçün başqa ünvan, ümid etmək üçün başqa qapı olsaydı. Yox idi belə ünvan, qapı. O qadın tək olmalıdır Azərbaycanda. Çünki damğası var – boşanmış qadın.
Bu qadınlara hər yerdə münasibət fərqlidir – ayrıldığı əri və ərinin ailəsində, cəmiyyətdə, öz ailəsində, yeni quracağı ailədə.
Əri və ərinin ailəsi ilə adətən qırğındadır, ən yaxşı halda da əlaqəsi yoxdur. Əri ilə əlaqəsinin olmamasına normal baxmaq olar. Amma cəmiyyətdə, öz ailəsində, gələcək ailəsində...





Boşanmış qadının cəmiyyət tərəfindən qəbul olunması qaydası isə daha dəhşətlidir və bayaq təsvir etdiyim aliment alan analara münasibət də elə bunun tərkib hissəsidir. Dedim ki, öz şöbəmizdə o iyrənc təklifi görməmişdimsə də, onu görmüşdüm ki, aliment üçün gələn gənc ana içəri girəndə ona altdan yuxarı baxırdılar və bəzən sifəti heç yadda qalmırdı, soruşurdular ki, “keçən dəfə qırmızı yubka geyən xanımsız?” Eyni davranış məhkəməyə işi düşən başqa qadınlara olmur. Çünki onlar boşanmış deyillər.





Ümumiyyətlə, Azərbaycanda mentalitetdə və digər davranış qaydalarında insanlar insan sayılmır. Hərəsi bir statusla yaşayır. Məsələn, kişilər “subay oğlan”, “qardaş”, “ər”, “yaxşı oğlan”, “kürəkən”, “yeyib-içən oğlan” və s., qadınlar “gəlin”, “ana”, “bacı”, “qaynana”, “gəzən”, “açıq-saçıq”, o cümlədən “boşanmış” olurlar, yəni kimsə qadına qadın kimi, kişiyə kişi kimi baxmır, bu statusların daşıyıcısı kimi baxır. Sadaladıqlarımdan da görünür ki, qohumluqlar çıxılsa, kişilər daha çox müsbət, qadınlar isə mənfi sayılan statuslarla xatırlanırlar. Bu statusların hər birinin davranış qaydası müəyyən olunur və buna uyğun olaraq da insanlar status daşıyıcılarına münasibət göstərirlər.




Boşanmış qadında isə davranış müəyyən olunmur, çünki ondan hər bir hərəkət gözləyirlər. Qısacası, etiraf edək ki, onlara cəmiyyətdə “potensial fahişə” kimi baxırlar. Ona görə də onların necə davranmasından asılı olmayaraq onlarla həmişə eyni cür davranırlar – işə düzəlmək üçün müraciət edəndə kişi müdirin gözündə çarpayı formasında qığılcım parlayır; oxuyursansa, tələbə yoldaşlarının “padxod”u artır və xeyli cəsarətlənirlər, sanki belə də olmalıymış (bunu öz boşanmış potok yoldaşımın timsalında görmüşəm); artıq işləyirənsə, kişi kolleqalar stoluna daha çox yanaşırlar, başqalarından yox, məhz səndən qələm, vərəq kimi mənasız “ehtiyac”larını istəyirlər və bunları digər ehtiyacın müjdəçisi sayırlar. Bakirəliyi alınmaz qala, təkcə insanın özünün yox, onun bütün kişi qohumlarının, nəslinin, soyadının, ölkəsinin, Qafqazın, getdiyi avtobusun sərnişinlərinin şərəfi, namusu, qeyrəti, qadının, onun qardaşlarının, atasının, anasının yaşaması üçün ürəkdən də vacib orqan hesab edən; insana ağlına görə yox, bir “pərdə”sinə görə qiymət verən; evlənmək üçün qadın seçərkən alnının ortasına (qaşının alınmasına) baxmaqla ayaqlarının arasındakı vəziyyəti təyin edən mentalitetdən elə bu gözlənilməlidir.






Məhəllədə vəziyyət 180 dərəcə dəyişir. Sən məhəllədən keçəndə söhbətlər kəsilir, əvvəllər səni məhəllənin namusu hesab edən qaqaşlar geyimin nə qədər qapalı olmasından asılı olmayaraq altdan yuxarı süzürlər, qadınlar əyri-əyri baxır, baxışları ilə səni aşağılayıb öz ərli vəziyyətləri ilə qürur duyurlar. Analar qızlarını tərbiyə edəndə səni xoxan yerinə qoyurlar ki, “baaax, atanın-ananın sözünə baxmasan, ərin də gələcəkdə səni boşayar, belə qalarsan”. Geyim demişkən, bunu da deyim ki, boşananda eyni yaşda olan qızlarla eyni cür geyinə bilməzsən, daha qapalı, mümkün qədər qapalı geyinməlisən, çünki eyni paltarın içindəki insanın artıq “boşanmış” damğası var.

Maraqlıdır ki, menatalitetin boşanmışlar üçün yenidən tanışlıq variantı yoxdur, sanki adət-ənənə onları cəmiyyətdən atılmış, toxunulmaz kasta hesab edir. Mentalitet boşanmış qadın üçün yeni terminologiya da formalaşdırıb. Bir oğlan dostun varsa, qızlar üçün “görüşür”, boşanmışlar üçün “gəzir” ifadəsi işlədilir, əgər bu oğlan subaydırsa, qınaqlar daha da artır və “sənin “camaatın arvadı” ilə nə işin var?” deyə oğlana irad tutulur; qız sevgilisindən ayrılsa “qismət deyilmiş” olur, boşanmış qadın sevgilisindən ayrılsa, “potensial fahişə” avtomatik olaraq “fahişə”yə çevrilir. Sevgilidən ayrılan qızı atan oğlan əclafdır, sevgilisindən ayrılan boşanmış qadının isə özü əclafdır, artıq onu açıq söymək, qarğamaq olar.





Demək olar ki, istisnasız belə hesab edirlər ki, boşanmada təqsir qadındadır. Mənim bir qohumum ərinin onu zəncirdə saxlamağına görə evdən qaçıb, boşanıb. Amma bu hadisənin üstündən 18 il keçməsinə baxmayaraq hələ də həmin qadının özü iştirak etmədiyi məclisdə qadınlı kişili hər kəs onu təqsirləndirir – “özünü yaxşı aparardı, zəncirlənməzdi; qadın döyülər də, söyülər də; kişiyə dözmək lazımdır; yaxşı qadın ər evindən qaçmaz; onun başqa fikri yox idisə, niyə qaçırdı? və s.” Belə hesab edilir ki, qadına ömründə bir dəfə şans verilir. Əgər bundan istifadə etəməyi bcarmadısa, cəzasını ömürlük çəkməlidir. Evlənənədək də kifayət qədər qadağaları olan qadın boşanandan sonra iş-ev marşrutundan kənara çıxsa, deməli, “fahişələşir”. Çünki onun və Qafqazın namusunun qoruyucusu bakirəlik artıq yoxdur. Bu gerizəkalılar inanırlar ki, əgər hansısa canlıda bakirəlik varsa, deməli, Allah da onlara etibar eləmir, bakirəlik və onun qoruyucuları olan ata, qardaş, nişanlı, ər olmasa, bütün qadınlar 10 yaşından 70 yaşınadək kişilərlə gəzərmişlər.




Özlərinin namusu hesab etdikləri varlıqlara bu qədər aşağılayıcı yanaşma bu düşüncədə olanların nə qədər namussuz olmasına sübut deyilmi?


Tarix: 24.05.2013 / 20:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 262 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...