Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüsurlarımızdan necə azad olaq?

Bu, danılmaz bir faktdır ki, hamının, xüsusilə də qadınların üzündə bəyənmədiyi bir hissə var və bu, daim onları narahat edir.

Ancaq bu, çox böyük problem deyil. Çünki bütün bu kiçik qüsurları gündəlik istifadə edilən makiyaj vasitələri ilə də asanlıqla örtmək olar. Həmin üsulları sizlərə təqdim edirik:

Burun – Əgər sizin burnunuzdan şikayətiniz varsa, onda yaxşı olar ki, diqqəti başqa yerə yönəldəsiniz. Bunun müxtəlif yolları var. Məsələn, gözlərinizi, dodaq və almacıq sümüklərinizi biruzə verən makiyajdan istifadə etmək olar. Əgər gözünüzün altında qaraltı varsa, bunları örtməyə çalışın. Əks təqdirdə burnunuz daha sivri görünə bilər. Göz makiyajında tuş və boyalardan düzgün istifadə burnun ölçüsünü kiçildə bilər.

Çənə – Çənədə qüsur olması çox rast gəlinən bir haldır. Əgər çənənizin çıxıq olmasından narazısınızsa, istifadə etdiyiniz kirşandan (pudra) iki ton açığını çənənizə və boynunuza vurmaq lazımdır. Boyuna pudra vurmaqda məqsəd aradakı rəng fərqini hiss etdirməməkdir. Bundan əlavə, gözlərin makiyajını önə çıxarmaqla uzun çənə effektini azaltmaq olar. Canlı dodaq boyalarından istifadə də sizi bu narahatlıqdan qurtara bilər.

Gözlər – Gözlər qəlbin aynası olsa da, yorğun görünən gözlərdən qurtulmaq üçün parıltılı göz boyalarından istifadə edə bilərsiniz. Sonra gözün üst qapaqlarına sürmə çəkməyiniz məsləhətdir. Gözün yarısına kimi açıq, sonuna doğru isə tünd rəngli boyadan istifadə edin.

Üz – Əgər siz yuvarlaq üzə sahibsinizsə, almacıq sümüklərinizi bir az arxa plana keçirməlisiniz. Bunun üçün yanaqlarınıza, almacıq sümüklərinizə və çənə altınıza böyük fırça ilə bürünc rəngli allıq sürtün. Alnınızı, burnunuzu və çənənizi daha açıq rəngli kirşan ilə vurğulayın.

Dodaqlar – İncə dodaqları qalın göstərmək üçün açıq tonda dodaq qələmi ilə hiss edilməyəcək şəkildə dodaqlarınızı çərçivəyə alın. Daha sonra çərçivənin içərisini qələmlə boyamaq və ya eyni rəngli dodaq boyası sürtmək istənilən effekti verə bilər.

Qaşlar – Qaşlarınız sözünüzə baxmır və səliqəli dayanmırsa, onları fırçalayın. Adi diş fırçası ilə aşağı doğru sallanan qaşlarınızı sərt fırçalamaqla yuxarı qaldırın. Sonra onlara saç jelesi vurun və təkrar fırçalayaraq formaya salın. Əgər siz, həmçinin, gözəl saçlara maliksinizsə, onda qaşlarınız daha effektiv görünəcək.

Boyun – Boynunuzun qısa olduğunu düşünürsünüzsə, etməli olduğunuz yeganə şey sırqa taxmaqdır. Bu diqqəti boynunuzdan üzünüzə yönəlməsini təmin edəcək.


Tarix: 21.05.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...