Əzəl gündən belə bir qanun vardır: qadın ilk növbədə ana olduğu üçün öz övladının qayğısına qalmalı və ona ana nəvazişi göstərməlidir. Əlbəttə ki, hər bir qadın analıq vəzifəsini öz anasından öyrənir. Lakin çox təəssüflər olsun ki, qadınlar bəzən analıq rolunu yersiz şəkildə ifa edirlər. Təbii ki, hər bir qadın istəyər ki, həyat yoldaşının sevimli qadınına çevrilsin, aralarında mehriban və isti münasibət olsun. Amma biz qadınlar çox vaxt öz yersiz hərəkətlərimizlə həyat yoldaşımızın pis rəftar və davranışını görmək məcburiyyətində qalırıq. Bunun səbəbi isə bəlkə də özümüzdədir. Çünki həyat yoldaşımızla gözəl münasibət qurmaq, ona gözəl davranış nümayiş etdirmək istəyərkən, onunla aramızdakı əlaqəni viran etmiş oluruq. Belə ki, qadınların ən böyük səhvi kişilərlə uşaq kimi rəftar etmələrindədir. Qadınlar elə düşünürlər ki, kişilər ailə həyatını idarə edə bilməzlər və ailəni idarə etmək üçün onlar qadınlara daima möhtacdırlar.
Bəzən qadınlar, kişilərin özlərindən muğayat ola bilməyəcəklərini fikirləşərək, öz həyat yoldaşları ilə ana kimi davranır, onlarla uşaq kimi rəftar edir, onların qayğısına qalmağa çalışırlar. Bu da əlbəttə ki, əksər kişilərnin bəyənmədiyi bir haldır və nəticədə bu cür davranış kişinin öz qadını ilə kobud rəftarına gətirib çıxarır. Çünki kişilər sərbəstliyi xoşlayır və heç kimə tabe olmaq istəmirlər. Azadlıq və müstəqillik, kişilərin ən əsas xüsusiyyətlərindəndir. Buna görə də, qadınlar kişilərlə uşaq kimi davranan zaman, kişilər də qadınların əleyhinə tuğyan etməyə başlayırlar.
Əsasən kişilərini itirmək və onları əldən vermək qorxusu içində olan qadınlar, həyat yoldaşları ilə ana kimi davranıb, onları özlərinə möhtac etmək istəyirlər. Qadınların fikrincə, belə etməklə əri ona möhtac olar, onsuz heç bir şey edə bilməz və heç bir zaman onu tərk etməyi düşünməz. Ancaq qadınlar həyat yoldaşına qarşı analıq rolunu ifa edərkən düşünmürlər ki, təbii hal olaraq, bütün oğlanlar bir gün analarından ayrılaraq, müstəqil şəkildə yaşamağı qərara alırlar. Belə qadınlar, ərləri bir gün onları tərk etmək istədikdə, təəccüb içində qalırlar və o zaman səhvi özlərində deyil, başqalarında və ya məhz kişilərin özlərində axtarırlar. Qadın həyat yoldaşı ilə uşaq kimi davranmaqla, onun məhəbbətini qazanmağa yox, onu evdən və özündən soyudub uzaqlaşdırmağa nail olar.
Kişilər hər yerdə və hər zaman məhz sözlərinin keçməyini istəyər, lakin qadınlar öz mənasız davranışı ilə kişilərin özlərinə güvənini öldürərlər.
Ən pis hal da odur ki, qadınlar kişiləri özlərinə möhtac edib, onlarla bu cür rəftar edərək, kişilərdən təşəkkür və eşq gözləyirlər. Lakin belə kişilər təşəkkür və eşq əvəzinə, qadınlarıyla soyuq rəftar edib, onlardan bezib uzaqlaşırlar.
Özünə güvənən kişi, hər zaman qadından ana yox, yalnız qadın sevgisi görmək istəyər. Buna görə də, qadın həyat yoldaşı ilə yalnız evin kişisi kimi davranmalıdır. Qadın elə şərait yaratmalıdır ki, kişi həqiqətən də evin və ailənin idarəetmə səlahiyyətinin və ailəni qorumağın yalnız onun öhdəsində olduğunu düşünsün. Belə olan halda kişinin də özünə güvəni artar.
Əgər həyat yoldaşınız hər hansı bir işi özü görə bilərsə, o işin səlahiyyətini özünə verin. Onunla ləyaqətli və güvənli bir adam kimi davranın. Əgər həyat yoldaşınızın işləri qaydasında deyilsə, onu danlayıb, ona gülməyin və işləri qaydasına düşənə qədər ona təskinlik verib inandırın ki, o özü hər bir işin öhdəsindən gələr.
Əgər onun işləri qarışıbsa, onu çətinliyə salmayın. Həyat yoldaşınızı onun pis və yaxşı günündə onunla olacağınıza inandırın. Belə vəziyyətində onu daha da əsəbləşdirməmək üçün davranış və hərəkətlərinizdə ehtiyatlı olun.
Beləliklə, ey xanımlar, yadda saxlayın ki, kişilərlə heç bir zaman uşaq kimi davranmaq olmaz! Onlara evin kişisi, ailənin başçısı kimi hörmət edin və məhəbbətlə yanaşın! Belə etməklə həyat yoldaşınızı evə daha çox bağlayar və ailədə mehribanlıq yaratmış olarsınız.
Tarix: 18.05.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri