Son 5 ildə avtomobil alıcıları arasında qadınların sayı xeyli artıb. Milli.Az Anspress-ə istinadən xəbər verir ki, daha sərbəst və müstəqil olmağa can atan qadınlar avtomobilə çox meyl edirlər. “Moto Moto” jurnalı bu dəfə qadınlar arasında sorğu apararaq, qadınların hansı yolsuzluq avtomobilini bəyəndiyini öyrənməyə çalışıb. Respondentlər arasında çoxluğu avtomobili olan qadınlar təşkil edir. Təəccüblü olsa da, qadınlar, əsasən, irihəcmli yolsuzluq avtomobillərinə üstünlük verirlər.
1. BMW X5.
Rəyi soruşulan qadınların əksəriyyəti BMW X5 yolsuzluq avtomobilini seçir. 1999-cu ildə ilk dəfə istehsal edilən avtomobil 2000-ci ildən satışa çıxarılıb. 3 litr həcmli, 260 at güclü benzin mühərriklə təchiz edilən avtomobil 100 km/saat sürəti 8.3 saniyəyə əldə edir. 4.8 litrlik, 367 at güclü mühərriklə təchiz edilmiş modellər isə 100 km/saat sürəti 6.5 saniyəyə yığır.
2. Toyota Prado.
Avtomobil həvəskarı qadınlar, əsasən, ağ rəngli «Prado»lara üstünlük verir. İlk model 1987-ci ildə satışa çıxıb. Üç qapılı və beş qapılı modifikasiyalarda istehsal edilən "Prado" Avropa bazarında «Land Cruiser» kimi tanınır. Buna səbəb isə bir çox Avropa ölkəsində Prado sözünün geyim markası Prada və saat markası Rado ilə assosasiya yaratmasıdır. Bakıda Toyota Pradonun bir neçə modifikasiyası üstün tutulur.
3. Range Rover Sport.
Son bir neçə ildə Bakı küçələrində “Range Rover Sport” avtomobillərinin sükanı arxasında qadın sürücüləri görmək adi hala çevrilib. Avtomobil Britaniyanın “Land Rover” şirkəti tərəfindən ilk dəfə 2005-ci ildə istehsal edilib. 2010-cu ildən satışa çıxan avtomobil əsasən 510 at güclü, 5 litrlik V8 tipli mühərriklə təchiz edilib. 6 pilləli sürət qutusu olan avtomobil 100 km/saat sürəti 6.2 saniyəyə əldə edir.
4. Porsche Cayenne.
Qadınların xoşladığı maşınlar arasında Almaniya istehsalı avtomobillər daha çoxdur. “Porşe” şirkəti tərəfindən 2002-ci ildən istehsal edilən 5 yerlik orta ölçülü idman krossoveridir. Avtomobil Fransa Qvianası paytaxtının şərəfinə “Cayenne” adlandırılıb.
5. Hummer.
Əsasən qırmızı rəngli “Hummer” avtomobili xoşlayan qadınlar bu avtomobilin əslində əvvəllər hərbi məqsədlər üçün istehsal edildiyini bilmirlər. Hummer avtomobilləri Amerika silahlı qüvvələrinin HMMWV M998 markalı hərbi maşınının bazasında istehsal edilib. Avtomobil üzərində bir neçə dəyişiklik edən dizaynerlər 1992-ci ildə yeni “H1” modeli istehsal etdilər.
6. Hyundai İX35.
Son iki ildə qadınlar arasında ən çox müraciət edilən yolsuzluq avtomobillərindən biridir. Əsasən ağ rəngə üstünlük verilir. İlk dəfə Almaniyada keçirilən beynəlxalq avtomobil sərgisində ictimaiyyətə təqdim edilib. Avropada “Hyundai İx 35” adlanan avtomobil “Hyundai Tucson” yolsuzluq avtomobilinin əvəzinə istehsal edilib.
7. Kia Sportage.
Kia Sportage yolsuzluq avtomobilinin yeni modelləri də Bakıda qadın sürücülər arasında populyardır. Əsasən, ağ və narıncı rənglər üstünlük təşkil edir. Adıçəkilən avtomobil Hyundai İx 35 modeli ilə eyni bazada yığılıb. Koreya, Slovakiya və Rusiyada istehsal edilir.
8. Mercedes ML.
Alman avtomobili həvəskarı qadınlar daha çox qara rəngli “ML” markasına üstünlük verilir. ML ilk dəfə Şimali Amerika bazarı üçün istehsal edilib. 1999-cu ildən Avropa bazarına 272 at güclü ”Mercedes ML” modelləri ixrac olunmağa başladı. 2001-ci ildə modeldə yeniliklər edilərək texnologiyanın son nəaliyyətlərindən istifadə edildi.
9.VW Touareg.
2002-ci ildən istehsal edilən “VW Touareg” modeli Bratislavada yerləşən zavod tərəfindən yığılır. VW tarixində “Volkswagen Tur 82” modelindən sonra ikinci yolsuzluq avtomobili sayılan Touaregin yenilənmiş versiyası 2006-cı ildə keçirilən Paris avtoşousunda təqdim edilib. Yeni model ABS, kruiz idarəetmə kimi yeni sistemlərlə təchiz edilib və 8 pilləli sürət qutusuna sahibdir.
10. Mitsubishi Outlander
Qadınların xoşladığı yolsuzluq avtomobilləri arasında “Mitsubishi Outlander” markası da var. Son illər bu modelə olan tələbat öncəki illərə nisbətən artıb. “Outlander” modeli ilk dəfə 2003-cü ildə istehsal edilib. 2007-ci ildə yenilənib. 2010-cu ildə bir daha yenilənən model 2 və 2.4 litr həcmli, 147 və 170 at güclü mühərriklərlə təklif edilir.
90% qadınlar “Bəlkə avtomobil sürməyi öyrənmək lazımdır” sualını özünə tez-tez verir. Bu qadınlar avtomobili alıb o dəqiqə sükan arxasına keçir. Yalnız 10 faiz qadın “Mən avtomobil sürməyi mütləq öyrənməliyəm” fikrini əsas tutur. Bu səbəbdən də cəmi 10 faiz qadın öz məqsədinə çatır. Bu qadınlar isə avtomobil sürməyi öyrəndikdən sonra maşın alır.
Tarix: 11.05.2013 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri