Bir padşah varmış. Özü də çox duyğulu, tez dolub-boşalan adam imiş.
Sevinəndə dəli kimi sevinər, üzüləndə də ölürmüş kimi dərdə-qəmə batarmış. Bu padşah bir gün məmləkətə car çəkir ki, onu bu zəifliyindən hansı loğman, hansı təbib qurtara bilsə, həmin adamı dünya malından qane edəcək, amma qurtara bilməyənin də boynunu vurduracaq.
Kim bu işə girişər? Təbib-loğman canından bezməyib ki? Nəhayət, dünyagörmüş, saçı-saqqalı dümağ bir dədə gəlir padşahın yanına və deyir:
— Ay oğul, dərddən qurtarmağın birinci işi onu olduğu kimi qəbul eləməkdir. Sənin məsələn elədir ki, bunu nə dava-dərmanla, nə də türkəçara ilə düzəltmək mümkündür. Amma sənə bir tövsiyəm var. Bir üzük düzəltdir. Qaşına da belə yazdır: “Bu da keçər” Sevinəndə də, üzüləndə də ona bax və düşün.
Piri-fani bu sözü deyib gedir. Padşah onun dediyi kimi bir üzük düzəltdirir, üstünə də “Bu da keçər” yazdırıb, barmağına keçirir. Xoş anında da ona baxır, üzüləndə də. Sevincindən şaqqanaq çəkib gülmək istəyəndə üzüyə yazdırdığı sözə baxıb kiriyir, dərddən ağlamaq ərəfəsinə gələndə də üzüyə baxıb təsəlli tapır. Amma deyirlər ki, padşah mükafatlandırmaq üçün o qocanı nə qədər axtarsa da o nişanda, o görüntüdə birisini gördüyünü deyən tapılmır.
Tarix: 03.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Maraqli Hekayeler