Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəs sabah?

İndi xeyirxah olmağa çalışırsan, çünki ayların sultanı Ramazan ovqatındasan.
Açılan çiçəkləri, göyərən otları belə incitmək istəmirsən. İstəyirsən səxavətini bir az da artırasan, ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşırsan, nəqliyyatda, metroda ayağa qalxıb nəzakətlə yer verirsən onlara. Qarşılığında: “Allah köməyin olsun!” duasını eşidirsən.
Küçədə, yol kənarında əl açıb dilənən uşaq, ixtiyar qoca görəndə kövrəlirsən, əlini cibinə salıb qarşında açılan əli boş qaytarmaq istəmirsən. Əvəzində yenə: “Allah səni darda qoymasın, Ramazan Sahibi yetsin dadına”, — duasını eşidirsən. Nə qədər məmnun olursan. Çöhrənə təbəssüm qonur, qarşı tərəfə razılıq edirsən, içinə dinclik, rahatlıq hopur. “Bacardığın yaxşılığı əsirgəməmək nə gözəlmiş”,- deyə pıçıldayırsan. Başından gözəl düşüncələr keçir: “Kaş hamı xeyirxah olaydı”.

İndi Ramazan ovqatındasan. Çox səxavətli, mərhəmətli olmusan. Bəs sabah necə, kimsəsizlərə, səndən imdad umanlara qəlbində açdığın xeyirxahlıq qapısını bağlayacaqsanmı?


Tarix: 03.12.2014 / 13:42 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqli Hekayeler
loading...