Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belə də olmalı idi!

Səhər tezdən yuxudan duranda saat 9:00 idi. Tətil günü olsaydı, yenə gec sayılmazdı, amma həftənin bazar ertəsi günü idi. Əl-üzü yumaq, səhər yeməyini yemək, işə hazırlaşmaq haradasa bir saat vaxtını alacaqdı. Eybi yoxdur, onsuz da şirkətin aparıcı işçilərindən sayılırdı. “Şirkətə bu qədər xeyrim dəyib, indi bir saat geciksəm, dünya dağılmayacaq ki”, – deyə fikirləşdi. “Elə belə də olmalıdır”, – dedi və çaydan bir qurtum içərək əlindəki qəzeti oxumağa başladı.

Evdən çıxanda saat artıq 10 olmuşdu. Maşınına əyləşərək yavaş-yavaş işin yolunu tutdu. Elə ilk yol qovşağında qırmızı işıq yandığı üçün işıqforda saxlamalı oldu. Bu anda maşına yaxınlaşan bir uşaq qabaq şüşəni silməyə başladı. Təxminən 13-14 yaşlarında əyin-başı cır-cındır içində olan bu uşaq bir tikə çörək üçün beləcə yollara düşmüşdü. Əslində “küçə işləri”nə bir çox yerdə rast gəlmək olar və vəziyyətin belə olmasında uşaqdan, onun valideynlərindən çox bütün cəmiyyətin günahı var. Amma bu onu maraqlandırmırdı. Uşağın xidmətindən sakitcə imtina etmək əvəzinə ayağını qaza basaraq yoluna davam etdi. Pərt olmuş yazıq uşağın maşının dalınca baxmaqdan və içini çəkmədən başqa çarəsi qalmadı. O isə yolda sürətlə şütüməklə bərabər öz-özünə deyinirdi: “Adamın vaxtı ola, aşağı düşüb şillə-təpiyin altına salasan beləsini. Buna bax, hələ bir pul da istəyir. Nə olsun təmizləmisən, səndən xahiş edən var idi?! Hər iş görənə pul verməli deyiləm ki?! Əcəb elədim, elə belə də olmalı idi”.

Saat 11-də artıq iş yerində idi. Yenicə kresloya oturmaq istəyirdi ki, katibə içəri girərək əvvəlcədən görüşü təyin olunmuş birisinin gəlib yarım saatdan çox gözlədiyini və narazılığını bildirərək getdiyini dedi. Bir qədər fikrə daldı. Doğrudan da, mühüm adam idi. Amma az sonra özünə toxtaq verərək gülümsəməyə çalışdı: “Əşi, eybi yoxdur. Biz də adamıq da. O vacib adamdır, amma mənim rahatlığım ondan da vacibdir. Artıq bu haqda düşünmürəm. Belə də olmalı idi”.

Az sonra baş direktor zəng edərək gec gəlməyinin səbəbini soruşdu. Xəstələndiyini, güclə ayaq üstə dayandığını, amma işin axsamaması üçün fədakarlıq edib gəldiyini dedi. Direktor şəfa diləyərək dəstəyi yerinə qoyanda xəttin bu başında o da rahat nəfəs aldı. Artıq yalanına uyğun hərəkət etməli idi. Öz-özünə fikirləşdi: “Yaxşı yola verdim, amma artıq xəstə roluna girməliyəm. Bir yalanla nə olacaq ki?! Neçə ildir, burada tər tökürəm, bir gün də işə gec gələk də. Yaxşı elədim, belə də olmalı idi”.
İş vaxtı qurtarmamış xəstəliyini bəhanə gətirərək, işdən tez çıxdı. Evə bazarlıq etmək üçün həyətdəki dükana girdi. Satıcı keçən aydan qalmış borclarını hələ də ödəmədiyini bildirdi. O isə qışqıraraq heç bir verəcəyi olmadığını və satıcının yalandan borc dəftərini doldurduğunu dedi. Dükandan çıxıb maşınına tərəf gedərkən ağlından bunları keçirirdi: “Belə xamlar olmasa, heç bilmirəm, ayın axırına qədər necə keçinərdik. Hamı gündə min dənə hoqqadan çıxır. Düz danışmaq, düz eləmək, qul haqqını yeməmək, haqq-ədaləti qorumaq… elə bil hamısı mənə qalıb. Lap əcəb eləyib aldadıram, bacarırsan sən də elə. Belə olub, bundan sonra da elə belə olmalıdır”.
Qışın şaxtalı bir günündə qəbiristanlıqda dörd-beş nəfər üstü yenicə torpaqla örtülmüş bir məzarın başına toplaşmışdılar. Dualarını tamamladıqdan sonra biri əllərini qızışdıra-qızışdıra: “Rəhmətlik ölmək üçün vaxt tapıb da”, – dedi. O birisi əlavə etdi: “Heç sağlığında xeyrini görməmişik, deyirsən ölüsündən görək?!” Digəri onların sözünü yarıda kəsdi: “Ölənin arxasınca deyinib, qeybət etməyin. Yəqin ki, bu yaşda, belə havada heç özü də ölmək istəməzdi. Amma nə edəsən ki, əcəldən qaçmaq olmur. Həyətdəki dükandan çox hirsli çıxıbmış. Tıxac yolda maşınına minmək istəyəndə arxadan gələn avtobusun altında qalıb. Allahın işinə bax ki, onu vuran avtobus işlədiyi şirkətə məxsus imiş. Oğlum hadisənin birbaşa şahidi olub. Məktəb pulunu çıxartmaq üçün həftədə bir-iki gün həmin yollarda maşınların şüşələrini silir”. Ağzını açmadan bayaqdan kişinin yanında dayanmış balaca oğlan yalnız başını yelləməklə atasının dediklərini təsdiq etdi. İçindən isə bunlar keçirdi: “Zülm ilə abad olan axırda bərbad olar. Adam necə yaşayırsa, elə də ölür. O qədər tanış-tunuşun olsun, səni son mənzilə yola salmağa dörd-beş nəfər gəlsin. Elə yaşamağın belə də axırı olar. Əcəb oldu, belə də olmalı idi”.


Tarix: 01.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 150 Bölmə: Maraqli Hekayeler
loading...