Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhli-beytə kimlər daxildir?,
Əhli-beytə kimlər daxildir?,

Allah-təala Əhzab surəsinin 33- cü ayəsində belə buyurur: “ Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq- saçıq olmayın. Namaz qılın, zəkat verin. Allaha və Rəsuluna itaət edin. Ey əhli- beyt! Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tər- təmiz pak etmək istər.”
Bu ayədə, ümumiyyətlə Əhzab surəsinin 33- cü ayəsinə qədər olan ayələrdə “Peyğəmbərin (s) xanımlarından söhbət açıldığı halda nə üçün biz (islam aləmi) Peyğəmbərin (s) xanımlarını Əhli- beyt hesab etmirik” sualı meydana çıxır.
Bu barədə təfsir kitablarında geniş surətdə qeyd edilmişdir və bildirilmişdir ki, Əhli- beyt həzrət Əli (ə), Fatmeyi Zəhra (s), İmam Həsən (ə) və İmam Hüseynə (ə) şamil olunur.
Təfsir elmində ayələrin zahiri mənalarından savayı onların nazil olma vaxtı, yeri, səbəbi və Peyğəmbər (s) və məsum Imamların (ə) hədis və rəvayətləri nəzərə alındığından, bizim zahiri cəhətdən ayənin tərcüməsinə baxaraq nəticəyə gəlməyimiz bizi yanlışa doğru aparar.
Bunun üçün müxtəlif təfsir kitablarına müraciət etmək lazımdır. Elə buna görə “ Əvalim” kitabında mötəbər sənədlə Cabir ibn Abdullah Ənsaridən “ kisa” adlı hədislə başlamaq istəyirəm.
İbn Abdullah Xanım Zəhradan (s) belə nəql edir:
“Bir gün Rəsulallah mənim evimə gəlmişdi. Peyğəmbər (s) salam söylədikdən sonra yorğun olduğunu söyləyərək, uzandı və üstünü örtmək üçün Yəmən əbasını istədi. Bir az keçmişdi ki, Həsən otağa daxil oldu. Babasının burada olduğunu söylədim və o atama doğru gedərək dedi:
Salam olsun sənə ey baba! Ey Rəsulallah! Icazə verirsənmi sizinlə birlikdə əbanın altında olum?
Buyurdu: Əleykəssəlam ey oğlum! Ey hovzumun ( kövsər) sahibi! Sənə icazə verdim.
Çox keçmədi Hüseyn də gəldi və salam verərək buyurdu: Xoş ətir hiss edirəm. Bu babamın ətiridir. O da əbaya tərəf getdi və babasından əbanın altına girməyə icazə istədi:
Rəsulallah buyurdu: Ey ümmətimin şəfaətçisi! Sənə də icazə verdim.
Daha sonra Əli İbn Əbu Talib evə daxil oldu salam verdi və peyğəmbərdən (s) əbanın altında birlikdə olmaq üçün icazə istədi. Peyğəmbər (s) buyurdu: Salam olsun sənə ey qadaşım! Ey canişinim! Ey bayraqdarım! Sənə icazə verirəm.
Bundan sonra mən də Rəsulallahdan əbanın altına girməyi istədim. Rəsulallah buyurdu: Ey bədənimin bir hissəsi! İcazə verirəm. Mən də əbanın altına daxil oldum. Atam Rəsulallah əbanın iki tərəfindən tutduqdan sonra əli ilə asimana işarə edərək buyurdu:
-Ilahi, bunlar mənim Əhli- Beytim, ən yaxın və xass adamlarımdır. Ətləri ətim, qanları qanımdır. Onlara əziyyət verən mənə əziyyət verir. Onları qəmgin edən məni qəmgin edir. Mən onlara qarşı müharibə edənlə müharibə edən, onlarla barışıq edənlə barışıq edənəm. Düşmənləri ilə düşmən, dostları ilə dostam. Onlar məndən, mən də onlardanam. Öz salavat, bərəkət, rəhmət, məğfirət və razılığını mənə və onlara əta et. Onlardan zahiri və batini çirkinlikləri aparıb pak- pakizə qərar ver.
Allah buyurdu:
-Ey mənim mələklərim! Mən bütün yeri-göyü və hər şeyi bu əbanın altında olan beş nəfərin məhəbbəti xatirinə xəlq etmişəm.
Cəbrail əmin soruşdu:
-Ey Rəbbim! Əbanın altında olanlar kimlərdir?
Allah-təala buyurdu: Onlar Fatimə, onun atası, Əli və onun oğlanlarından ibarət nübuvvət Əhli- Beyti, risalət mədənidirlər.
Cəbrailə (ə) də Allah-təala əbanın altına girməyə icazə verdi.
Cəbrail əmin nazil olaraq bu ayəni vəhy etdi:
“Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli beytdən hər növ ( zahiri və batini) çirkinlikləri aparıb, sizi pak- pakizə qərar versin.”
Bu ayə nazil olduqdan sonra Peyğəmbər (s) 6 ay ( yaxud 8-9 ay) hər səhər sübh namazına gedəndə Xanım Fatimeyi- Zəhranın (s) evinin yanından keçərkən bu cür buyurmuşdur:
“Namaza! Ey Əhli beytim namaza!” və bu Təthir ayəsini oxuyarmış.
“Məcməul bəyan” (cild 8, səh 357) kitabında müəllif Aişədən belə nəql edir ki, bir gün mən Allahın Rəsulundan onun Əhli beytindən olub- olmamağımı soruşduqda o belə cavab verdi: “Sən də xeyirə tərəfsən, amma Əhli- beytimdən deyilsən.”
Bu və ya digər rəvayətlərdən məlum olduğu kimi Əhli- beyt yalnız beş nəfərə şamil edilmişdir. Bir nəzərə görə ayədə bu hissə o biri ayələrə adiyyatı yoxdur və müxtəlif vaxtlarda nazil olmuşdur


Tarix: 10.06.2015 / 17:37 Müəllif: Aziza Baxılıb: 269 Bölmə: Maraqlı melumatlar
loading...