Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURAN TƏLİMLƏRİNDƏ YEMƏK MƏDƏNİYYƏTİ

(İslami saytlara əsasən)

Yemək yeməyin əhəmiyyəti

İnsan elə bir varlıqdır ki, yaşaması və inkişaf etməsi üçün qidaya ehtiyacı vardır. Yemək - yəni qidanı boğazdan mədəyə ötürmək və udmaqdır ki, onun da öz qaydaları vardır. Bu zaman qida öz müsbət təsirini qoyacaqdır. Ona görə də Quran ayələrində bu məsələyə xüsusi əhəmiyyət verilmişdir. Xüsusilə də o baxımdan ki, qidanın insanın psixologiyasına birbaşa təsiri vardır. İnsanın şəxsiyyətini formalaşdırır. Bəzi psixoloqlar deyirlər ki, siz yeməyin növü və yemək tərzini mənə deyin, mən də sizə şəxsiyyətinizi şərh edim.

İslam mədəniyyətində bu məsələyə diqqət edilmişdir ki, yediyimiz qida insan şəxsiyyətinə ona görə təsir edir ki, insanın yediyi qida çox mürəkkəb bir proses nəticəsində qana çevrilir və mahiyyətini dəyişir. Həmin qan insanın bütün bədənində hərəkət edir. Onun fikirlərini formalaşdırır. Ona görə də insanın baxışında, inancında mühüm rol oynayır.

İslam alimlərinin fikrinə görə, halal tikə yaxşı rəftar yaradar. Ancaq haram tikə pis rəftar yaradar. Bu haqda Qurani-Kərimdə və hədislərdə bəyan edilmişdir. Həzrət Adəmin (ə) ilk səhvi məsləhət görülməyən ağacdan meyvə yeməklə bağlı olmuşdu. Həqiqətdə insan xəlq ediləndən sonra, Allah və mələklər tərəfindən o qədər izzət və ehtiram görəndən sonra, İblisin vəsvəsəsi ilə məsləhət görülməyən ağacdan meyvə yeyərək, ziyandan amanda qalmır.

Həzrət Adəm (ə) və Həvvanın (ə) bu meyvəni yeyəndən sonra zahirən dəyişmələri və behiştdən xaric olmaları – məhz məsləhət görülməyən meyvəni yediklərinə görə olmuşdur. Bu məsələyə “Bəqərə” surəsinin 30 və 38-ci ayələrində işarə edilmişdir. Bu ayələrdə qidanın insana necə təsir etdiyinə açıq işarə edilmişdir. Bütün bunlar insan üçün böyük dərsdir ki, yediklərinə diqqət etsin. Onu az əhəmiyyətli və dəyərsiz hesab etməsin. Bu haqda Allahın buyurduqlarına əməl etsin. Yemək yeməyin ən mühüm mədəniyyətlərindən biri qidaya diqqət etməkdir. İnsan baxmalıdır ki, nəyi yeyə bilər. Allah Təala buyurur: “İnsan gərək öz yeməyinə və qidasına diqqət etsin”. Bu diqqət etmək bir neçə mənada təfsir edilə bilər. Yediyi qidalara diqqət edərək, insan Allahın əzəmətinə diqqət etmiş olar. Belə ki, insanın yediyi qidanın həqiqətdə Allahın nişanəsi olduğuna nəzər salar. İnsan yediklərini təfəkkür edərək, yeyərsə özünün Allah dərgahındakı mövqeyini düzgün təhlil edər. Özünün varlıq aləmindəki rolunu bir daha tanımış olar. (“Yunis” surəsi 24 və “Nəhl” surəsi 11).

Yediyi yeməkdə bu nöqtəyə diqqət etməlidir ki, bu qida necə olur ki, ətə və dəriyə çevrilir. İnsan şəxsiyyətini formalaşdırır və qaydaya salır.

Həmçinin maddi və mənəvi (mütaliə) qidada insan buna diqqət etməlidir ki, qəbul etdiyi bu maddi və ruhi qida nədir, onun həyatında və şəxsiyyətində hansı aparıcı və qeyri-aparıcı rola malikdir?

Bu ayədən başqa bir nəticə bu olar ki, insanın yediyi bu qida halaldır, yoxsa haram?

Beləliklə, deyə bilərik ki, yemək yeməyin ən mühüm mədəniyyətlərindən biri odur ki, insan qidaya nişanə kimi baxsın. Dünyadakı hər bir şey Allahın nişanəsidir. İnsan hər bir işdə və təfəkkürdə Allahı yada salmalıdır. Onun etdiyi hər bir əməl və fikir onu Allahın əzəməti və varlıq aləmindəki vəzifəsi ilə tanış edər.

İlahi qanunlara riayət etmək və qidanın paklığına diqqət etmək - yemək mədəniyyətinin başqa bir növüdür. Quran bu məsələyə işarə edir və buyurur ki, insan yediyi şeylərdə axtarış aparmalı və onun paklığına əmin olmalıdır. (“Maidə” 87 və 88).

Yediklərində İlahi qanunlara riayət etməmək çox təəsüf ki, insanın dünyasına, cisminə və xasiyyətinin dəyişməsinə təsir edər ki, insan Allahın ən çox qəzəbləndiyi yollara addam atar. (“Taha” surəsi, 81). İlahi məhəbbətindən məhrum olmağa gətirib çıxarar. (“”Maidə”, 87 və 88). Ona görə də Allah “Maidə” surəsinin 4-cü ayəsində insanlara sifariş edir ki, qidalarında İlahi təqvaya riayət etsinlər. Ağıl və şəriətə zidd hərəkət etməsinlər. Qidanı seçən zaman Allahın qadağan etdiyi ərzaqlardan çəkinsinlər və onlardan istifadə etməsinlər. Pak olan qidaları qəbul etsinlər. İnsanın fitri təbiəti halal şeylərə daim meyl edər. (“Maidə” surəsi 87 və 88).

Allahın insan üçün halal buyurduqlarının saysız-hesabsız faydaları vardır. Ancaq haram buyurduqları şeylərdə az mənfəət olsa da, ancaq o mənfəətdən çox insan cisminə, ruhuna və canına ziyan vurar. Onlardan donuz ətinə və şəraba işarə etmək olar.

Halal şeylərin yeyilməsində qidanın hansı növünün seçilməsi də mühümdür. Seçdiyi bu halal qidalarda hansının daha faydalı olmasına və insana az ziyan vurmasına da diqqət etməlidir. Halal şeylərin yeyilməsi ona görə zəruri buyururlmuşdur ki, insan başqasının malını yeməyə hərislik etməsin. Əgər bu mal o kəsin olsa ki, özünü müdafiə etməyə gücü olmaz, insan hər şeydən əvvəl onun malını yeməyə can atacaqdır. Ona görə də yetimin malını həmişə qarət edirlər. İnsan bir qidanı yeməmişdən qabaq onun halal olması ilə yanaşı, bu malın hansı yolla əldə edilməsinə də diqqət etməlidir. Bu qidanın haram yolla, yəni oğurlanmış olmadığına, xüsusilə də yetimlərin əlindən alınmadığına xüsusi diqqət etməlidir. (“Nisa” surəsi, 4).

Yeməyi tələsik yemək pislənir

Yeməyin başqa bir mədəniyyətlərindən biri də odur ki, insan sakit və rahat halda yemək yeməlidir. Tələsməkdən çəkinməlidir. Bu məsələyə Quranda da xüsusi əhəmiyyət verilmişdir. “Nisa” surəsinin 4-cü ayəsində bu məsələyə işarə edilmişdir.

İsraf etməmək

Yeməyin mədəniyyətlərindən başqa biri də israf etməməkdir. Yemək yeyərkən israf etmək - yəni həddini aşmaq mənasındadır. Ona görə də insan yeyərkən israf etməməlidir. Əks halda onun bədəni ziyan görəcəkdir. Çox yeməyin nəticəsində elə xəstəliklərə düçar olar ki, ibadətdə gücsüz düşər. İsraf səbəb olar ki, insan təkamül yolunda düzgün addım ata bilməz. Xəstə bədəni və gücsüz canı ilə hər cür ibadətdən geri qalar. Bundan başqa israf etməklə nəfsi aciz olar.

Ona görə də Allah “Ənam” surəsinin 141-ci ayəsində, “Əraf” surəsinin 31-ci ayəsində və “Nisa” surəsinin 6-cı ayəsində bu məsələyə işarə etmiş və insandan yemək yeyən zaman israf etməməyi tövsiyə etmişdir.

Həqiqətdə hər cür israf - istər yeməkdə olsun, istərsə də içməkdə Allah məhəbbətindən mərhum edər. Allah açıqca elan edir ki, israf edənləri sevmir. (“Əraf” surəsi, 31).

Yeyən zaman şükür etmək

Quran yemək mədəniyyətinin başqa bir növü kimi şükür etməyi göstərmişdir. Allah insana öyrədir ki, hər bir nemətə görə şükür etsin. Bu da nemətlərinin artmasına və Allah Təalanın məhəbbətinə səbəb olar. Şükür edən insanın yediyi qida ona daha çox təsir edər və onun təkamül yolunda irəliləməsinə səbəb olar. İnsan da nemətlərdən daha çox faydalanar. (“Bəqərə” 172, “Nəhl” 114, “Səba” 15).

Quranın nəzərincə insanın yemək yediyi zaman şükür etməsi həqiqətdə öz bəndəliyini göstərməsidir (“Bəqərə” 172, “Nəhl” 114). O kəslər ki, şükür etmirlər, onlar yaxşı bəndə olmamaqdan başqa, həm də tənqidə layiq insanlardırlar. Onlar nemətlərin qədrini bilmir və ona şükür etmirlər (“Yasin” 34, 35, 72,73).

Çox yeməyin məzəmmət edilməsi

Quran çox yemək yeyən insanları heyvana bənzətmişdir. Bu cür insanlar insanlıq məqamından heyvan məqamına enər və həyatda yeməkdən başqa hədəfi olmaz. İnsanın hədəfi qarınqululuqdan üstün olmalıdır. Öz yerini və dəyərini bilməlidir. Bilməlidir ki, təkamülə çatmaq, qarınqululuqla əldə oluna bilməz. Kafirlər imansız insanlar olduqlarından, öz insanlıq məqamlarından xəbərsiz və qafildirlər. Əsl işləri yemək yemək və qarınqululuqdur. Heyvanlar kimi yaşayarlar, yeyərlər və içərlər. (“Muhəmməd”, 12).

Yediyin şeylər elə şeylər olmalıdır ki, yaxşı həzm oluna bilsin. İnsana ziyan vurmasın və rahat udula bilən şey olsun. Quran behişt əhlinin yediklərinin həzm oluna bilən şeylər olduğunu bildirmişdir. İnsan da bu dünyada diqqət etməlidir ki, yeməklərin içində elələrini seçsin ki, rahat həzm oluna bilsin (“Tur”, 19).

Yemək gərək iştaha gətirsin. O yemək ki, insanı iştahaya gətirmir, insana müsbət təsir qoymaz (“Zuxruf”, 71).

Yemək yeməyin mədəniyyətlərindən biri də odur ki, insan qonaq gedən zaman yemək yeyəndən sonra süfrədə çox oturmasın və çox söz danışmasın (“Əhzab”, 53).

Beləliklə deyə bilərik ki, hər bir şeyin mədəniyyəti olduğu kimi, yemək yeməyin də mədəniyyəti, qaydaları vardır və biz Quranın nəzərincə bu bəhsi tədqiq etdik. Həyatda da çalışaq ki, bu mədəniyyət qaydalarına əməl edək. Hər şeydən əvvəl özümüzə ziyan vuran məqamlardan çəkinək və İlahi məhəbbəti cəlb edə bilək.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar
loading...