Bir gün məşhur səhabə Əbu Dərda özünə köynək
almaq üçün bazara gedirdi. Yolda rastına Əbuzər
Ğifari çıxır. Əbuzər Əbu Dərdanın hara getdiyini
soruşur. Əbu Dərda cavab verir ki, bazarda on dirhəmə bir
köynək görmüşəm, indi onu almaq üçün gedirəm.
Əbuzər bunu eşidəndə çox narahat olur. Çünki
Peyğəmbərin tərbiyəsi ilə yetişmiş səhabələr
sadə, zahidanə həyat sürür, israfdan qaçırdılar. O
zamanlar on dirhəmlik köynək geyinmək varlılıq əlaməti sayılırdı, kasıblar daha ucuz geyim
alırdılar. Əbuzər də Əbu Dərdanın bahalı köynək
almaq istədiyini biləndə, onu Peyğəmbərin
yolundan dönməkdə təqsirləndirir. Əbu Dərda təklif
edir: “Madam ki, mənim fikrimi bəyənmirsən, onda
gəl birlikdə bazara gedək. Mənim üçün köynəyi sən seçərsən”. Hər ikisi bazara yola düşürlər. Əbuzər dörd
dirhəmlik bir köynəyi bəyənir, Əbu Dərdaya
məsləhət görür ki, bu köynəyi alsın. Əbu Dərda
məsləhətə qulaq asıb köynəyi alır. Qayıdanbaş
qarşılarına fəqir bir adam çıxır. Adamın əynindəki
paltar o qədər köhnə idi ki, bədəninin ayıb yerlərini zorla örtürdü. Əbu Dərda aldığı köynəyi fəqirə
verir, əvəzində onun duasını qazanır. Özü isə
yenidən bazara dönür, həmin köynəkdən birini də
alıb əyninə geyinir. Bu dəfə bazarın içində küncə çəkilib ağlayan bir
qız görürlər. Əbu Dərda qıza yaxınlaşıb nə üçün
ağladığını soruşur. Qızcığaz cavab verir: “Mən
filankəsin kəniziyəm. Məni bazara göndərmişdi ki,
bir küpə yağ alım. Yağı alıb qayıdanda küpə
əlimdən yerə düşüb sındı. İndi evə getməyə qorxuram. Ağam bilsə, məni döyəcək”. Əbu Dərda
soruşur ki, yağ küpəsinin qiyməti nə qədərdir?
Qız: “İki dirhəm” – deyə, cavab verir. Əbu Dərda
cibindəki iki dirhəmə bir küpə yağ alır, qıza verir.
Xeyirxahının məşhur səhabə Əbu Dərda olduğunu
bilən qız xahiş edir: “Siz mənə yaxşılıq etdiniz. Amma nə olar, bu yaxşılığı axıra kimi edin. Mən
evdən çıxanı xeyli vaxt keçib. Yəqin ki, ağam
gecikdiyimə görə qəzəblənib. Evə çatan kimi
yubandığıma görə məni döyəcək. Siz hörmətli
adamsınız. Nə olar, mənimlə birlikdə gəlin,
ağamdan xahiş edin ki, məni döyməsin”. Əbu Dərda qıza qoşulub, onun xidmət etdiyi evə
gəlir. Qapını döyür, qızın ağası qapını açır. Əbu
Dərda ondan xahiş edir ki, qızcığaza
qəzəblənməsin. Ev sahibi Əbu Dərdanı hörmətlə
dinləyib cavab verir: “İndi ki, siz - Allah Rəsulunun
böyük səhabəsi mənim qapıma gəlib bu kəniz üçün vasitəçilik edirsiniz, mən də sizin xatirinizə
onu azad edirəm”. Ev sahibi kənizin azad
olunması barədə sənədi tez hazırlayıb verir.
Sevincindən özünə yer tapa bilməyən qızcığaz
Əbu Dərdanı dualara qərq edir. Əbu Dərda sonralar bu hadisəni xatırlayaraq
deyirmiş: “Allah Əbuzərdən razı olsun. Bu cür
xeyirli alver etməyimə o vasitə oldu. Mən əlimdəki
pulla özümə cəmi bir köynək alacaqdım. Amma
Əbuzərin məsləhəti sayəsində həm özüm köynək
sahibi oldum, həm bir fəqiri geyindirdim, həm də bir kənizi azadlığa qovuşdurdum”. (Qeyd edək ki, bəzi mənblərdə buna oxşar
hadisəni Həzrət Əli (ə) ilə nökəri Qənbər haqqında
yazmışlar). islam.az
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 156 Bölmə: Maraqlı melumatlar