Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Bir Işdə Xeyir Var

Keçmiş zamanlarda bir ağanın zəkalı bir nökəri vardı. Nökər hər gün iki böyük səhənglə (su qabı ilə) həyətin o biri başında yerləşən quyuya gedir, səhəngləri su ilə doldurub geri qayıdırdı.

Gətirdiyi suyu evin yanındakı boyük su anbarına tökürdü. Anbarı doldurmaq üçün gündə bir neçə dəfə quyu üstə getməli olurdu. Rahatlıq üçün çiyninə bir taxta parçası qoyar, səhənglərin hər birini bu taxtanın uclarından asardı. Səhənglərin biri sağ tərəfinə, o biri də sol tərəfinə düşərdi. Beləcə müvazinətini qoruyaraq yol gedərdi.

Günlərin birində səhənglərin birinin dibində kiçik deşik əmələ gəldi. Nökər ağasının qorxusundan səhəngin deşildiyini ona demədi. Əvvəlki qayda ilə suyu daşımağa davam etdı. Adəti üzrə deşilmiş səhəngi sol çiyninə alırdı. Amma indi nökərin işi bir az da artmışdı. Deşik səhəngdəki suyun bir hissəsi yolda damcı-damcı axıb yerə tökülürdü. Mənzil başına suyun yarısı gəlib çatırdı. Buna görə də nökər quyu üstə gediş-gəlişlərinin sayını çoxaltmağa məcbur idi.

Deşik səhəng xəcalət çəkirdi. Üstəlik onun o biri tayı da durmadan ona tənə vurur, danlayırdı: “Səndən ötrü yazıq nökərin əziyyəti çoxalıb. Mənzil başına suyun yarısını çatdırırsan. Bilmirsən ki, dünyada hər şeyin vəzifəsi olduğu kimi, bizim də vəzifəmiz içimizdəki suyu qoruyub mənzil başına çatdırmaqdır? Sən öz vəzifəni yerinə yetirə bilmirsən. Artıq zibilliyə atılmağının vaxtı çatıb. Kaş nökər səni dəyişdirib yerinə təzə səhəng götürəydi. Şikəst yol yoldaşından bezmişəm. Sən hara, mən hara?”

Deşik səhəng xəcalətindən cavab vermirdi. Axı nə deyəydi? Dostunun sözlərində həqiqət vardı. Deşik səhəng kimə lazım idi ki? Nökər ağır yükün altında tövşüdükcə biçarə səhəng utandığından bilmirdi ki neyləsin.

Günlərin birində Allah nökərin bəsirətini açdı. Nökər səhənglərin danışığını eşitdi. Nökərin sağ çiyinindəki səhəng yenə sol çiynindəki dostunu danlayırdı. Deşık səhəng isə həmişəki kimi yenə susurdu. Bu dəfə onun əvəzinə nökər cavab verdi. Dil-boğaza qoymayan səhəngə üzünü çevirib dedi: “Dostunu danlamaqdansa, getdiyimiz yolun vəziyyətinə baxsaydın yaxşı olardı”. “Sağlam” səhəng özünü itirdi: “Yolumuza nə olub ki? Hər gün getdiyimiz yoldur da”. Əyilib aşağı baxdı. Gözlərinə inanmadı. Quyudan anbara kimi uzanan və hər gün nökərin keçdiyi cığırın iki tərəfi gül-çiçəkli idi. Əvvəllər burada gül-çiçək yox idi. Bu gözəllik son bir neçə günün içində yaranmışdı – səhənglərdən birinin dibində deşik yarandığı son bir neçə günün içində.

Nökər təəccüb içində olan səhənglərə dedi: “Mən səhənglərdən birinin deşildiyini biləndə qərara aldım ki, bundan həyətimizin xeyrinə istifadə edim. Getdiyim cığırın hər iki tərəfinə çiçək toxumları səpdim. Deşik səhəngi də həmişəki kimi yalnız sol çiyinimə alırdım. Amma suyu əbəs yerə itirmirdim. Deşik səhəngdən damçlayan su gördüyünüz bu çiçəklərin üzərinə səpələnirdi. Beləcə, hər dəfə quyu üstünə gedəndə yolun bir tərəfindəki, qayıdanda isə o biri tərəfindəki gülləri sulamış olurdum. Doğrudur, quyu üstə gediş-gəlişlərimin sayı artdı. Amma əvəzində bu cür gözəl bir bağça yarandı. Və bu bağçanı “sağlam” səhəng yox, məhz öz eybindən xəcalət çəkən deşik səhəng yaratdı”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar
loading...