Türk mənşəli Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı, tarixdə ilk dəfə sultan ləqəbi ilə xatırlanan Sultan Mahmud Qəznəvi Hindistan torpaqlarına bir-birinin ardınca on səkkiz dəfə yürüş etmişdi.
Hərbi səfərlərin birində çox güclü müqavimətlə qarşılaşan sultan nəzir edir ki, əgər döyüşü udsa, əldə etdiyi bütün qəniməti Allah yolunda kasıblara sədəqə verəcək.
Ağır döyüş Sultan Mahmudun qələbəsi ilə başa çatır. Onun ordusu saysız-hesabsız qənimət əldə edir. Sultan bütün var-dövləti toplayıb vətənə qayıdır. Paytaxtı Qəznəyə çatan kimi gətirdiyi hər şeyi yoxsullara paylamağı əmr edir. Amma vəzir-vəkillər araya girib sultanı fikrindən döndərməyə çalışırlar: “Hökmdar sağ olsun, qəniməti xəzinəyə verin. Əgər bu qədər var-dövləti camaata versəniz, xəzinəyə ziyan dəyər, gələcək yürüşlərə hazırlaşmaq üçün imkanınız tükənər. Bir də ki, kasıb-kusub bu qənimətlərin qədrini biləcəkmi?”. Sultan Mahmud onlara cavab verir ki, mən bu barədə Allahla əhd etmişəm, nəzir demişəm, gərək verdiyim sözə əməl edim. Qənimətin böyük bir hissəsini camaat arasında bölüşdürürlər.
Vəzirlər, saray əyanları sakit durmurlar. Yenə sultana məsləhət verməyə başlayırlar: “Hökmdar, heç olmazsa, qənimətin hamısını paylamayın. Bir hissəini camaata verin, bir hissəsini isə xəzinəyə qoyun”. Sultana o qədər bu cür sözlər deyirlər ki, tərəddüdə düşür. Qəti qərara gəlmək üçün Qəznədə imanı və əxlaqı ilə tanınan övliyalardan birini çağırtdırır, ondan məsləhət istəyir. Həmin arif şəxs sultana bu şəkildə cavab verir: “Hökmdarım, məsələnin həlli çox sadədir. Əgər gələcəkdə bir daha Allaha işiniz düşməyəcəyini yəqin bilirsinizsə, onda vəzirlərin dediyini edin. Yox, əgər gələcəkdə Allahın yardımı olmadan ötüşəcəyinizə əminliyiniz yoxdursa, verdiyiniz əhdə vəfa edin ki, ehtiyac anında Onun dərgahına bir daha əl açmağa üzünüz olsun”.
Bu cavabı eşidən Sultan Mahmud bütün qəniməti yoxsullara paylamağı qəti şəkildə əmr edir
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Maraqlı melumatlar