Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Təsadüfən bir ərəb daxil oldu və Peyğəmbərə (s) salam verdi. Həzrət (s) salama cavab verib, sual etdi: “Haradan gəlirsən, ərəb?”.
Ərəb dedi: “Uzaq yoldan gəlirəm və sizə bir neçə sualım var”. Həzrət (s) buyurdu: “Soruş, cavab eşidərsən”.
Ərz etdi: “İstəyirəm xalqın alimi olam”.
Həzrət (s) buyurdu: “Allahdan qorx”.
“İstəyirəm Allah dərgahına yaxınlardan olam”.
Həzrət (s) buyurdu: “Gecə və gündüz Quran oxu”.
“İstəyirəm həmişə ürəyim işıqlı olsun”.
Həzrət (s) buyurdu: “Ölümünü yaddan çıxarma”.
“İstəyirəm Haqqın rəhmətində olam”.
Həzrət (s) buyurdu: “Allahın xəlqinə yaxşılıq et”.
“İstəyirəm düşməndən mənə zərər yetişməsin”.
Həzrət (s) buyurdu: “Həmişə Allaha təvəkkül et”.
“İstəyirəm xalqın gözündə xar olmayım”.
Həzrət (s) buyurdu: “Pəhriz et özünü təmiz saxla”.
“İstəyirəm ömrüm uzun olsun”.
Həzrət (s) buyurdu: “Qohum-əqrabanı yada sal, onlara kömək et”.
“İstəyirəm ruzim bol olsun”.
Həzrət (s) buyurdu: “Həmişə dəstəmazlı ol”.
“İstəyirəm cəhənnəm odunda yanmayım”.
Həzrət (s) buyurdu: “Gözünü, dilini bağla, naməhrəmə baxma, qeybət etmə”.
“İstəyirəm biləm günahlar nə ilə tökülür”.
Həzrət (s) buyurdu: - Allaha yalvarmaq, tövbə etmək və sadəliklə”.
“İstəyirəm xalqın ağırlarından olam”.
Həzrət (s) buyurdu: “Heç kəsdən bir şey istəmə”.
“İstəyirəm həya pərdəm yırtılmasın”.
Həzrət (s) buyurdu: “Özgəsinin pərdəsini yırtma, sirrini açma”.
“İstəyirəm qəbrim dar olmasın”.
Həzrət (s) buyurdu: ““Mülk” surəsini həmişə oxu”.
“İstəyirəm malım çox olsun”.
Həzrət (s) buyurdu: “Hər gecə “Vaqiə” surəsini oxu”.
“İstəyirəm Qiyamət günü amanda olam”.
Həzrət (s) buyurdu: “Şam ilə xiftən namazı arasında Allahı zikr et”.
“İstəyirəm Allah Təalanı namazda hazır tapım”.
Həzrət (s) buyurdu: “Dəstəmaz alanda diqqətli ol”.
“İstəyirəm Allahın yaxınlarından olam”.
Həzrət (s) buyurdu: “İşlərində düzlüyü və doğruluğu sənət et”.
“İstəyirəm nameyi-əməlimdə günah olmasın”.
Həzrət (s) buyurdu: “Ata-anana yaxşılıq və hörmət et”.
“İstəyirəm mənim üçün qəbir əzabı olmasın”.
Həzrət (s) buyurdu: “Libasını-paltarını pak saxla”.
Uca Rəbbimiz bizləri Peyğəmbərimizin (s) bu dəyərli nəsihətlərinə əməl edənlərdən qərar versin. Amin.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar