Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazanda Necə Qidalanmalı?

Bu il Ramazan yay ayına təsadüf etdiyindən orucun müddəti uzun olacaq. Bundan başqa, havaların çox isti keçməsi də oruc tutan şəxslərin sağlamlığı ilə bağlı bəzi suallar doğurur. Belə isti havalarda oruc tutanlar necə qidalanmalıdır, orqanizmi lazımi miqdarda maye ilə necə təmin etmək lazımdır?


Belə isti havalarda dəri səthindən suyun buxarlanması həddən artıq yüksək olduğundan oruc tutan adamlar günün ən isti vaxtları bayırda olmasınlar: “Kondisionerli, sərin yerdə olsunlar ki, çox tərləyib su itkisinə yol verməsinlər. Həddən artıq tərləyib su itkisinə yol vermək qanın qatılaşmasına, orqanlarda qan təchizatının pisləşməsinə gətirib çıxarır. Bu da orqanizmdə sistemlərin fəaliyyətini xeyli çətinləşdirir”.


Orucu açan zaman müəyyən miqdarda maye qəbulu mütləq olmalıdır: “Çünki mədə şirəsi ifraz olunur, suyun özü mədə divarı boyu yayılır. Bu baxımdan ilk olaraq su qəbulu lazımdır. Xurmayla orucu açmaq isə o dövrdən qalma ənənədir. Məcburi deyil”.


Orucu açandan sonra ilk olaraq, duru xörək yeyilməlidir. Bura müxtəlif növ şorbaları daxil etmək olar. Amma çalışmaq lazımdır ki, duzu, istiotu, ədviyyatı az olsun, tərkibində mexaniki qıcıqlandırıcılar olmasın: “Nəinki şorbalarda, digər yeməklərdə də mədə yüklənməsin deyə, bunlardan az istifadə olunmalıdır. Adətən orucu açandan sonra insanlar daha çox yeməyə başlayırlar. Bu, düzgün deyil. Gərək göz süfrədə qalsın. Tam da doymasınlar. Qida qəbulu isə “porsiya”larla olmalıdır, hissə-hissə yeyilməlidir. Birdən birə mədəni böyük miqdarda qidayla yükləmək lazım deyil. Sonradan bu, mədədə qastrit əmələ gətirir, başqa problemlər yaradır. Bədəni birdən birə ekstremal duruma salır. Ona görə də buna diqqət yetirmək lazımdır”.


Havalar isti keçdiyindən orucu açandan sonra müxtəlif növ mayenin və maye daşıyıcı tərəvəzlərin, meyvələrin qəbuluna daha çox üstünlük verilməlidir: “Ümumiyyətlə, isti havalarda insanların iştahası aşağı düşür. Yeməyə o qədər də meylli olmurlar. Əsasən, su qəbulundan söhbət gedir. Onu da müəyyən qədər tənzimləmək olar. Səhər oruc başlayana qədər xeyli maye qəbul etmək lazımdır. Oruc başlayandan sonra isə çalışmaq lazımdır ki, gün çıxandan gün batana qədər sərin yerdə olsunlar. Bununla dəridən və tənəffüs yollarından suyun həddən çox buxarlanmasının qarşısını almaq olar. Orqanizmin su resursu tükənməz. Onu da qeyd edim ki, meyvə-tərəvəzin, mayenin qəbulu qəbizliyə meylli olmayan adamlarda qəbizlik yaratmır. Qəbizliyə meylli adamlar isə yaxşı olar ki, qara gavalıdan istifadə etsinlər”.


Orucluq 33 ildən bir yay aylarına təsadüf edir. Bunun özü də Allahın bir imtahanıdır: “Bu o demək deyil ki, ən asan vaxtlarda orucumuzu tutacağıq, ən çətin vaxtlarda isə bəhanəylə bunu etməyəcəyik. Yenə də ən doğrusu Ramazan orucunu tutmaqdır. Çalışmaq lazımdır ki, gündəlik su tələbatını maksimum dərəcədə təmin edək. Yeməyə daha az üstünlük verək. Əgər hansısa susuzluq əlaməti yaransa, bunun da öhdəsindən gəlmək olar. Müsəlman gündə 5 dəfə namaz qılır. Hər dəfə namazdan öncə üzünü yuyur, ağıza su getməyəcək, boğazdan keçməyəcək qədər də olsa, ağzına su alıb yaxalayır, burnuna çəkir, əlini-qolunu yuyur. Bu zaman yarana biləcək mənfi enerji avtomatik olaraq aradan qalxır. Amma yenə də elə bir şey yaransa, əl-üzlərini, ayaqlarını yusunlar. Bu, müəyyən qədər sərinlədə bilər. oruc tutmaq istəyənlər gərək belə şeylərə fikir verməsinlər. Allahın köməyilə oruclarını başa vursunlar. Tanrı hər kəsin orucunu qəbul etsin”.

Oruc tutmaq üçün 7 səbəb:

1) Çünki bu – mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.

2) Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.

3) Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.

4) Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.

5) Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.

6) Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.

7) Çünki, oruc məni başlıca məramıma – kamil insan olmaq məqamına yaxınlaşdırır. Zira, oruc – vücudi intibahın ən mühüm elementlərindəndir.

Orucun hökmü

Əvvəla oruc nə deməkdir?
Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir. Ramazan ayındə oruc tutmaq Allahu Təalanın əmridir və bu hər bir müsəlmana vacibdir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.» (əl-Bəqərə, 2:183)


Oruç tutmağa necə niyyət edək?
Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək zəruri deyil. Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidir. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərt deyil, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən olunan niyyət kifayətdir.


Səhur - (Oruc tutmaq üçün səhər yeməyi)

Səhur, yə'ni sübh tezdən müəyyən olunmuş vaxtda, sabah namazı girməmişdən yeyilir. Əlbəttə, sübh tezdən qalxıb yemək vacib deyil, amma bunu etmək müstəhəbdır və Peyğəmbərimiz (s.a.s)-in sünnətinə uyğundur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).


İftar

Oruc açmaq yəni iftar, gün batdıqdan sonra edilir. Uca Allah buyurur:
«Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.» (əl-Bəqərə, 2:187). İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: «İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)


Orucu pozmayan şeylər

Ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir.


Qədr gecəsi

Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.

Hər bir müsəlman ramazanın axırında Fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).


Orucluğa aid seçilmiş hədislər

1. Səhl ibn Səddən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «İnsanlar iftarı tezləşdirəcəkləri təqdirdə, əmin-amanlıq içində yaşayacaqlar».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

2. İbn Ömər Allah elçisinin(sav) belə deməsini eşitmişdir: «Yalnız təzə ayı gördükdə oruc tutun, iftarınızı da yalnız onu gördükdə açın. Hava buludlu olsa, onda günləri sayın». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin rəvayətində deyilir: «Hava buludlu olsa, onda otuz gün hesablayın».
Buxarinin rəvayətində isə deyilir: «Ötən ayı otuz gün hesablayın».
Buxarinin Əbu Hüreyrədən rəvayət etdiyi digər bir hədisdə isə belə deyilir: «Şaban ayını otuz gün hesablayın».

3. İbn Ömərin belə deməsi rəvayət olunur: «Adamlar təzə ayın çıxıb-çıxmamasını aydınlaşdırdıqları vaxt, Peyğəmbərə, (sav), təzə ayı görməyim barədə xəbər verdim. O bunu eşidən kimi oruc tutdu və adamlara da oruc tutmağı əmr etdi». Hədisi Əbu Davud rəvayət etmiş, Hakim və İbn Hibban isə səhih hesab etmişdir.

4. Ənəs ibn Malikdən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Səhur edin, çünki onda bərəkət vardır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

5. Əbu Hüreyrənin belə deməsi rəvayət olunur: Allahın elçisi(sav) visal etməyə (səhur və iftar etmədən oruc tutmaq) qadağa qoydu. Belə olan halda müsəlmanlardan biri Peyğəmbərə dedi: «Ey Allahın elçisi! Axı sən özün belə edirsən!» Peyğəmbər(sav) də belə cavab verdi: «Hansınız mənim kimisiniz. Mən gecə yatıram, Allah-taala isə məni həm yedizdirir, həm də içizdirir». Bəziləri visalın nəhy olunmasına öz etirazlarını bildirdilər. Onda Peyğəmbər(sav) onlarla bir gün, sonra o biri gün də visal etdi. Üçüncü gün onlar təzə ay gördülər. Allahın elçisi dedi: «Əgər təzə ay gec çıxsaydı, mən sizin üçün bu müddəti uzadardım».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

6. Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim yalan danışmaqdan, yalana əməl etməkdən və avamçılıqdan əl çəkməzsə, onun yeyib-içməkdən imtina etməsi Allaha lazım deyil». Hədisi Buxari və Əbu Davud rəvayət etmişdir. Hədisin mətni sonuncuya aiddir.

7. İbn Abbasdan rəvayət olunur ki, Peyğəmbər(sav) oruclu halda və ehramda olarkən qan aldırardı.
Hədisi Buxari rəvayət etmişdir.


8. Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) Ramazan ayında oruclu halda gözlərinə sürmə çəkmişdir.
Hədis səhihdir. Bax: “Səhih İbn Macə”, 1369; “Ər-Raud”, 759.

9. Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim oruc tutduğu zaman unutqanlıqdan yeyib-içsə, orucunu davam etdirsin, çünki Allah-taala onu özü yedirib-içizdirib». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

10. Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Kim qussa, onun üçün qəza orucu yoxdur. Bilərəkdən qusan üçün isə qəza orucu vardır». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir.

11. Həmzə ibn Əmr əl-Əsləminin Peyğəmbərə(sav) belə deməsi rəvayət olunur: «Ey Allahın elçisi! Mən səfərdə olarkən oruc tutmaq üçün özümdə güc tapa bilirəm. Bu mənim üçün günah sayılırmı?» Allahın elçisi(sav) belə cavab verdi: «Bu, Allahdan olan bir icazədir. Kim bu icazədən istifadə etmiş olsa, düz hərəkət etmiş olar. Oruc tutmaq istəyən isə heç bir günah işlətmir». Hədisi Müslim rəvayət etmişdir.

12. İbn Abbasın belə deməsi rəvayət olunur: «Qoca adama hər gün üçün bir kasıb doyuzdurması icazə verilir. Buna görə o artıq qəza orucu tutmaya bilər». Hədisi Dəraqutni və Hakim rəvayət etmiş, eyni zamanda da onu səhih hesab etmişdir.

13. Əbu Hüreyrədən rəvayət olunur ki, bir kişi Peyğəmbərin(sav) hüzuruna gəlib dedi: «Ey Allahın elçisi! Mən məhv oldum» Peyğəmbər(sav) dedi: «Səni nə məhv etdi?» Dedi: «Mən Ramazan ayında, oruclu halda yoldaşımla cinsi əlaqədə oldum». Peyğəmbər dedi: «Sən bir qulu köləlikdən azad edə bilərsənmi?» Kişi dedi: «Xeyr». Peyğəmbər dedi: «Altmış gün dalbadal oruc tuta bilərsənmi?» Kişi dedi: «Xeyr». Peyğəmbər yenə dedi: «Bəs altmış yoxsulu yedizdirə bilərsənmi?» Kişi dedi: «Xeyr». Sonra o oturdu. Elə bu radələrdə Peyğəmbərə(sav) böyük zənbillə dolu xurma gətirdilər və Peyğəmbər kişiyə dedi: «Bunu götür və sədəqə kimi payla». Kişi dedi: «Məndən daha kasıb olanlara paylayım? Mədinənin iki dağı arasında mənim ailəmdən kasıb ailə yoxdur». Peyğəmbər(sav) bu sözləri eşidən kimi elə güldü ki, hətta dişləri belə bir anlıq göründü. Sonra üzünü kişiyə tutub dedi: «Get və bununla ailəni yedizdir».
Hədisi Buxari, Müslim, Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. Hədisin mətni Müslimə aiddir.

14. Aişədən rəvayət olunur ki, Peyğəmbər(sav) buyurmuşdur: «Kim oruc borcu ola-ola vəfat etsə, tuta bilmədiyi oruclarını onun əvəzinə yaxınlarından biri tutmalıdır».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.


Bir daha Allah qəbul etsin!!!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 452 Bölmə: Maraqlı melumatlar
loading...