“Google” şirkəti həmişəki kimi yenilik edərək avtobuslardan imtina edib və öz əməkdaşlarını Kaliforniyadakı ofisinə katerlə aparmağa başlayıb.
Belə ki, internet şirkəti San-Fransisko limanında icarəyə götürdüyü 149 sərnişin tutumlu katerdən əməkdaşların Silikon vadisinə səhər işə, axşam isə evlərinə çatdırılması üçün gündə iki dəfə istifadə edir.
“Google” nümayəndələri bildiriblər ki, katerdən istifadə sınaq məqsədilə həyata keçirilir və sınaq müddətinin nə vaxtadək davam edəcəyi məlum deyil. Bundan başqa, şirkətin katerin icarəsinə görə nə qədər pul ödəməsi barədə məlumat verilmir.
Şirkət San-Fransisko sakinlərinin 2013-cü ilin sonunda başlayan etirazları səbəbindən avtobuslardan imtina etməli olub. Belə ki, bir qrup nümayişçi “Google” və “Apple” şirkətlərinin əməkdaşlarını aparan avtobusun qarşısını kəsərək nəqliyyat vasitələrindən birinin şüşələrini sındırıb, eləcə də əməkdaşlardan Oklendi tərk etməyi tələb edən şüarlar səsləndirib, vərəqələr paylayıb. San-Fransiskonun şəhər və rayonlarının əhalisi texnoloji şirkətləri regionda həyat tərzinin, xüsusilə şirkətlərin öz əməkdaşları üçün kirayələdiyi mənzillərin qiymətinin artmasında səbəbkar bilir. Belə ki, son ildə San-Fransiskoda kirayə mənzillər üçün qiymətlər 10 faizdən çox artıb, eləcə də bu müddət ərzində məhkəmənin qərarı ilə zorla evdən çıxarılma hallarında 25 faizlik artım qeydə alınıb.
“Google”un mənzil-qərargahı San-Fransisko körfəzinin cənub hissəsindəki Mauntin-Vyu şəhərində yerləşir. Baş ofisdə ümumilikdə 10 minə yaxın əməkdaş çalışır.
“Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
“Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır
Tarix: 10.12.2014 / 18:30 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Maraqlı Melumatlar