Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siluet, Bank və bankrot, Kalkulyator

Siluet

Hüdudları aydın nəzərə çarpan insanın, obyektin və ya səhnənin təkrəngli, adətən, qara, şəklinə siluet deyilir. Bu sözün bu mənada işlədilməsi 1759-cu ildə Fransanın maliyyə naziri olmuş Etyen Siluetin soyadı ilə bağlıdır. Belə ki, həmin ərəfədə Avropanı qana bulamış yeddiillik müharibə zamanı Fransa maliyyə böhranı yaşayırdı və nazir Siluet vəziyyətdən çıxış yolunu müxtəlif islahatların həyata keçirilməsində gördü. Bu islahatlara kral ailəsinin və sarayın xərclərinin və təqaüdlərin azaldılması daxil idi. İslahatlar hakim və zəngin təbəqə tərəfindən xoş qarşılanmamışdı və nazirin nüfuzuna mənfi təsir göstərmişdi. Həmin dövrdə qara kağızdan kəsilmiş şəkillərin bəyaz kağız üzərinə yapışdırılmasından ibarət olan yeni incəsənət növü meydana gəldi. Bu qayda ilə yaradılmış əsərlər bahalı və bəzəkli rəsmlərlə müqayisədə ucuz və sadə idilər. Maliyyə naziri Etyen Siluetin islahatları da Fransada “ucuz” və bəsit hesab edildiyindən yeni yaranmış incəsənət əsərlərinə də onun soyadı – “Siluet” verildi.


Bank, bankrot, kalkulyator, siluet, kelmebaz sözlərin tarixi. maralqı faktlar, məqalələrBank və bankrot

Orta əsrlərdə Florensiyada sərraflar bazarlarda skamyalara yaşıl süfrə sərirdilər və onların üzərinə pul vəsaitlərini və qiymətli kağızları düzüb müştərilərlə sövdələşmələr edirdilər. İtalyan dilində skamya “banko” (it. “banco”) deməkdir və o vaxt xalq arasında pul sövdələşmələrinin baş tutduğu həmin bu skamyalı bazarlara “bank” və ya başqa sözlə “skamya” deyilməyə başlandı. Ənənəyə görə sərraf iflasa uğrayırdısa, onun skamyası sındırılırdı və bu hadisəyə “bankrot” deyilirdi. “Bankrot” isə italyanca “sınmış skamya” (it. “banca rotta”) mənasını verirdi.

Kalkulyator

Bu kəlmənin kökü olan latın dilindəki “kalks” (lat. calx) “çınqıl” deməkdir. Qədim Romada hesablamalar üçün yaxın keçmişə qədər Azərbaycanda da geniş yayılmış abaklardan – yəni, hesab taxtalarından istifadə olunurdu. Romalılar çınqılları qədim hesab taxtalarının üzərindəki zolaqlarda hərəkət etdirməklə hesablamalar aparırdılar. Sonradan “kalks” sözü “hesablamaq” mənasını daşımağa başladı və onun da əsasında “kalkulyator” yarandı.


Tarix: 26.11.2014 / 13:10 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqlı Melumatlar
loading...