"Canlanma" tarixi metaromanı- yazıçı Taleh Şahsuvarlının 2009-cu ildə "Araz" nəşriyyatında çapdan çıxmış əsəridir.
Azərbaycanda ilk tarixi metaroman olan "Canlanma" demokratiyanın ölkəmizdəki köklərindən və hazırkı vəziyyətindən bəhs edir. Metaromanın qəhrəmanı Azin Kürəçi QHT lideri, demokrat və qloballaşma tərəfdarıdır. O, 2005-ci ildə keçirilmiş seçkilərdə müxalifətin parlamentə namizədlərindən biri olur və qələbə qazanır. Lakin ölkədə ədalətli seçkilər keçirilmədiyindən hökumət onu cəzalandırmaq məqsədi ilə hərbi xidmətə göndərir. Azin Kürəçi hərbi xidmətdən qayıtdıqdan sonra ABŞ-a və Ermənistana səfər edir. Bu səfərlər ona regionda demokratiyanın və sülhün labüdlüyünü daha dərindən anlamağa imkan verir. O, Qafqazda və İranda azad bazarın və açıq cəmiyyətin formalaşması uğrunda daha böyük səylə mübarizə aparmağı qərara alır. Bu zaman qeyri-adi hadisələrlə rastlaşır. Məlum olur ki, Azərbaycanda gizli bir sekta fəaliyyət göstərir və Azin Kürəçinin valideynləri həmin lojanın üzvləridirlər. 8-9-cu əsrlərdə movcud olmuş yarıdini Xürrəmlər hərəkatının davamçıları olan gizli təşkilat- "Qan və üz" Babəkin canlanmasına inanır və Azin Kürəçinin biləklərindəki anadangəlmə çapıqları canlanmanın əlamətləri hesab edirlər.
Babək Xürrəmi (4 iyul 795-14 mart 838) ərəb xilafətinə qarşı mübarizə aparan Azərbaycan qəhrəmanı idi. O, 21 il ərzində Abbasi xəlifələrinin 6 böyük ordusunu darmadağın edib və 837-ci ildə əsir alınaraq Samirə şəhərində amansızlıqla edam olunub. Öldürülən zaman Babək kəsilmiş əllərinin qanını üzünə çəkir və bu hərəkəti qanının axması nəticəsində rənginin saralmasını xəlifə Mötəsimin qorxaqlıq kimi başa düşməməsi üçün etdiyini bildirir. Onun ölümündən sonra oğlu Feofob (o, xristianlığı qəbul edərək Bizans imperatoru Feofilin bacısı ilə evlənmiş və onun sərkərdəsi olmuşdu) "Qan və üz" konspirativ cəmiyyətini yaradır və Babəkin azadlıq mübarizəsini davam etdirir. Əsərdə Xürəmilər hərəkatı Skandinaviya vikinqləri ilə müqayisə edilir, onların şərqdə liberal demokratiyanın tarixi bazası olduğu sübuta yetirilir.
Azin Kürəçi özünü Babəkin ruhunun yox, ideyalarının daşıyıcısı sayır. O, İranı sərt tənqid edir, Azərbaycanda insan hüquqları, Qafqazda sülh uğrunda mübarizə aparır. Onu qorxutmaq məqsədiylə bıçaqlayır, əsərin sonunda isə həbs edirlər. Keçmiş sevgilisi Reyhan ərindən boşanaraq həbsdə olduğu zaman Azin Kürəçi ilə kəbin kəsdirir. Bu nigah həm də Azərbaycanda qadın hüquqlarının pozulmasına etiraz kimi təsvir edilir. Metaroman "Azin Kürəçiyə azadlıq" tələbi ilə bitir. Onlarla siyasi məhbusun olduğu Azərbaycanda bu cür tələblərə müxalifət qəzetlərinin səhifələrində hər gün rast gəlmək mümkündür.
Əsərdə iki ayrı-ayrı fəsildə müəllifin adının və soyadının baş hərfləri işlənməyib.
Dalğa Gənclər Hərəkatı "Canlanma"nı GƏNCLİYİN KİTABI elan edib.
222 səhifədir.
Tarix: 14.03.2013 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 282 Bölmə: Kitablar elm