Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Milli Kitabxanası

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası — Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır.

Bakı şəhərində, Xaqani küçəsi 29 ünvanında yerləşir. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir[1]. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon ədəddən artıqdır.Mündəricat
1 Tarixi
2 Kitabxananın binası
3 Kitabxananın strukturu
4 İstinadlar
5 Xarici keçidlər


Tarixi

Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. [2]

Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir[3].

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300 min adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq "Şərq haqqında jurnal materialları (1917-1927)", "1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı" adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

Kitabxananın binası

Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən binası 1959-cu ildə tikilmiş, açılışı isə 1961-ci ildə olmuşdur. Binanın layihəsi Mikayıl Hüseynova məxsusdur. Binanın yerinin seçilməsində və tikilməsində yazıçı Süleyman Rəhimovun böyük xidməti olmuşdur.

Kitabxananın strukturu

Hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır.

Milli Kitabxana artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə "Milli Kitabxana" statusu verilmişdir ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

"Kitabxana işi haqqında" və "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.

İl ərzində oxucuların sayı 34000 nəfərə, kitabxanaya gələnlərin sayı isə 245000 nəfərə çatmışdır.

İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi 2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir.

Artıq kitabxananın "Kitabxana siyasəti və metodik rəhbərlik" şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə başlamışdır. Bu iş forması nəticəsində Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər, tövsiyələr kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir.

2006-cı ildə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada aşağıdakı yeni şöbələr açılmışdır:
"Kitabxana işinin avtomatlaşdırılması və informasiya texnologiyaları";
"Elektron informasiya xidməti";
"Elektron resurslarının yaradılması";
"Kitabxana işçilərinin təlim və tədris mərkəzi".

2005-ci ildə Milli Kitabxanamız Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edildi. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxanamızın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və ümümdünya layihələrində iştirakına real imkanlar yaradacaq.

Bu təşkilat özündə 54 Avropa ölkəsinin kitabxanalarını birləşdirir. Avropa kitabxanlarının vahid bir sistemdə birləşdirilməsi, ümumavropa elektron kitabxanasının yaranmasına imkan yaradacaqdır.


Tarix: 13.03.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Kitablar elm
loading...